Medianews.az
İran Suriyaya ordu YERİDİR? - <span style=color:red>Tehrandan RİSKLİ ADDIM
201 baxış

İran Suriyaya ordu YERİDİR? - Tehrandan RİSKLİ ADDIM

İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Arabi əl-Cədid” nəşrinə müsahibəsində bildirib ki, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq. Bundan başqa, nazir qeyd edib ki, o, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır. A.Əraqçi onu da əlavə edib ki, hazırda İran ABŞ ilə danışıqlara başlamaq niyyətində deyil. Onun sözlərinə görə, belə bir dialoq üçün heç bir əsas yoxdur. Nəzərə alsaq ki, İran indiyə qədər İsraillə hərbi toqquşmalarda birbaşa deyil, “Hizbullah”, HƏMAS, husilər kimi proksi qüvvələr vasitəsilə mübarizə aparıb, belə olan halda Tehranın Suriyaya ordu yeritməsi, müharibədə açıq tərəf kimi iştirak etməsi nə dərəcədə realdır? İranın bu addımına hazırda Suriyada müxalif silahlı qruplaşmalara, həmçinin YPG-yə gizlin və ya açıq hərbi dəstək verən dövlətlərin reaksiyası necə olacaq? Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İranla Suriya arasında hərbi əməkdaşlığa dair çoxsaylı müqavilələr var. Onun sözlərinə görə, İranın hərbi qüvvələri, müxtəlif vəzifəli zabitləri İran-Suriya ərazisində fəaliyyət göstərir: “Bu ilin aprelində İsrail havva qüvvələrinin Dəməşqi bombalaması zamanı İranının briqada generalı Məhəmmədrza Zahidi, onun müavini Sərdar Hacı Rəhimi və daha yeddi zabit öldürülmüşdü. Bu yaxınlarda, yəni “Heyəti Təhrir əş-Şam”ın (HTŞ) hücumları nəticəsində Hələbdə İran İnqilab Keşikçilərinin Qvardiyasının (SEPAH) Qüds qolu komandanlığının müşaviri, briqada generalı Haşiminin ölməsi də isbatlayır ki, İran hərbi qüvvələri, yüksək rütbəli zabitləri ilə Suriyada xidmət edir. Hətta vəziyyət o yerə çatır ki, döyüş bölgəsində İranın generalı öldürülür. Bundan başqa İranın Suriya ərazisində “Hizbullah”çı təşkilatı fəaliyyət göstərir. İranın müqavimət hərəkatı, təşkilat kimi təqdim etdiyi bu qruplaşmanın bazası Hələbdə müxalif qüvvələrin əlinə keçdi. Yəni, İranın Hələbdəki hərbi bazasını HTŞ və ya “Dəməşqin Azadlıq Heyəti” ələ keçirdi. Bu da isbatlayır ki, Tehran hakimiyyəti Suriyada hərbi əməliyyatlarda ön sıralardadır. Tehran iddia edir ki, Suriyada onun mövcudluğu Bəşər Əsədin dəvəti ilə reallaşır. Ona görə də bu iki ölkə arasında sərhəd olmadığı nəzərə alınsa, perspektivdə İran Suriyaya hava qüvvələri yeridə bilər. Hətta ola bilər ki, “Hizbullah”ı, yaxud İraqdakı “Həşdi Şəbi” qüvvələrindən bir qismini Suriyaya cəlb etsin və sair. Bu, istisna edilmir. Çünki HƏMAS-ın İsrailə hücumları zamanı adıçəkilən silahlı qruplaşmanın özünü, eləcə də “Hizbullah”ı, husilərı və Suriyadakı qüvvələri məhz İran İsrailə qarşı koordinasiya edirdi. Ola bilər ki, oxşar fəaliyyəti, hərbi əməkdaşlığı İran HTŞ-yə qarşı da reallaşdırsın”. Siyasi şərhçi vurğulayıb ki, İranın Suriyaya əlavə hərbi qüvvə yerləşdirməsi, yəni açıq müharibəyə girişməsi region ölkələrinin, xüsusən Türkiyənin ciddi etirazına səbəb ola bilər: “Bu, eyni zamanda ərəb dünyasının, o cümlədən Səudiyyə Ərəbistanı, Misir kimi ölkələrin etirazı ilə qarşılana bilər. ABŞ və İsrail isə birmənalı şəkildə buna qarşı çıxar. HTŞ-nin əməliyyatından sonra İsrail qüvvələri bəyan edib ki, İranın regiona yerləşdirəcəyi, Bəşər Əsədə göndərəcəyi qüvvələri bombalayacaqlar. Bu o deməkdir ki, İran Suriyaya əlavə qüvvə yerləşdirmək istəsə, o zaman İsrail tərəfindən sərt reaksiya ilə qarşılaşa bilər. Ona görə də bu, çox risklidir və Tehran hakimiyyətinin bu riskli addımı atmaq ehtimalı azdır. Ola bilər ki, perspektivdə Rusiya ilə İran Bəşər Əsəd hakimiyyətinə, Suriyanın gələcəyinə dair atacaqları addımları müzakirə etsinlər, vahid mövqedən çıxış eləsinlər. Hələ ki, bu istiqamətdə Rusiya ilə İran oxşar addım atmır. Bir qədər fərqli mövqelər var. Düzdür, Rusiya da Suriyada Bəşər Əsədə qarşı vuruşan qüvvələri bombalayır, amma hələ ki, bu istiqamətdə fərqli yanaşmalar hiss olunmaqdadır. Bunun da başılıca səbəblərindən biri Rusiya ilə İran arasında strateji əməkdaşlığa dair müqavilənin imzalanmamasıdır. Hesab edirəm ki, xarici işlər naziri Abbas Əraqçinin Moskvaya səfəri zamanı Suriya məsələsi, strateji əməkdaşlıq, Bəşər Əsədin aqibəti, İran Prezidenti Məsud Pezeşkianla Rusiya Prezidenti Vladimir Putinin perspektivdə keçiriləcək görüşünə dair məsələlər müzakirə olunacaq”. Nailə QASIMOVA

Bizə qoşulun