Medianews.az
Böyük savaş QAPIDA: <span style=color:red>Azərbaycan tarixi fürsətdən istifadə edərək...
219 baxış

Böyük savaş QAPIDA: Azərbaycan tarixi fürsətdən istifadə edərək...

Rusiya-Ukrayna, Yaxın Şərq, o cümlədən Suriya münaqişələri fonunda Zəngəzur dəhlizi yenidən gündəmə gətirilir. 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdiyi Üçtərəfli bəyanatda bu dəhlizin açılması ilə bağlı öhdəliyin məhz Nikol Paşinyan hökuməti tərəfindən indiyə qədər yerinə yetirilməməsi, Bakı ilə İrəvan arasında gözlənilən sülh sazişinin imzalanmaması müxtəlif mülahizələrə, iddialara yol açıb. Həmin iddialardan biri də budur ki, yaxın perspektivdə Zəngəzur dəhlizi uğrunda böyük savaş başlanacaq. Belə bir iddia nə dərəcədə əsaslıdır? Regionda yeni müharibənin başlaması realdırmı? Ümumiyyətlə, Cənubi Qafqaz hansı təhdid və təhlükələrlə üz-üzədir? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, 44 günlük Vətən müharibəsində məğlub olan, kapitulyasiya aktına imza atan, bununla da üzərinə bir çox öhdəliklər götürən Ermənistan öz havadarlarının köməyi ilə sürətlə silahlanır. Onun sözlərinə görə, ötən dörd il ərzində məğlub Ermənistan Rusiyadan, Fransadan, Hindistandan silah-sursat, hətta hücum silahları alıb, ABŞ-nin, Avropa İttifaqının hərbi məqsədlər üçün maliyyə yardımını əldə edib: “Ermənistan sürətlə silahlanır. Paralel olaraq da Azərbaycana sülh müqaviləsinin imzalanması üçün təkliflərini irəli sürür. Baxmayaraq ki, qalib tərəf olan Azərbaycan məğlub tərəf Ermənistana sülh sazişi təklifini birinci edib, İrəvan tərəfi dünyaya özünü sülh tərəfdarı kimi sırıyır. Ermənistan rəsmilərinin bu barədə davamlı bəyanatlarından elə təəssürat yaranır ki, guya bunlar Cənubi Qafqazda sülhün, əmin-amanlığın tərəfdarıdırlar və bu məqsədlə də Azərbaycana təklif irəli sürüblər. Özü də İrəvan Azərbaycan qarşısında heç bir güzəştə getmədən sülh müqaviləsi imzalamaq iddiasındadır. Əsl reallıqda Ermənistan sülh sazişini imzalamaqdan yayınır. COP29-da iştirak etməməsinin səbəbi də bu idi. Halbuki, Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirdə iştirak etməmələrinin səbəbini də Azərbaycan tərəfinin Ermənistanın sülh sazişinin imzalanması ilə bağlı təkliflərinə rədd cavabı verməsi ilə əlaqələndirdilər. Bütün bunlar məndə belə qənaət yaradır ki, gələcəkdə yeni hərbi toqquşma, xüsusən də Zəngəzur dəhlizinin açılması uğrunda savaş qaçılmazdır. Çünki 30 illik işğal faktını da Azərbaycan beynəlxalq hüquqa söykənərək, yalnız öz hərbi gücünə arxalanaraq həll edə bilmişdi. 1994-cü ildən 2020-ci ilə qədər Qarabağ probleminin həlli məqsədi ilə aparılan danışıqlar heç bir nəticə vermirdi. Ona görə də Ordumuz əks-hücuma keçərək ərazilərimizi işğaldan azad etdi, suverenliyimiz bərpa olundu”. Siyasi şərhçi deyib ki, indiki reallıqda Ermənistanın təxribatlarına cavab olaraq, ən doğru addım Zəngəzur dəhlizinin açılmasını - Naxçıvanla quru əlaqəni hərbi yolla təmin etməkdir: “İndiki tarixi məqamda düşmən zəifdir. Bu zəiflikdən istifadə etmək lazımdır. Dünyanın da başı özünə qarışıb. Hər kəs öz gücünü göstərmək istəyir. Niyə də Azərbaycan da bunu etməsin? Necə ki, 90-cı illərdə Azərbaycan zəif olanda Ermənistan bundan maksimum yararlandı, Rusiyanı, İranı, ABŞ-ni, Avropanı, bir sözlə hamını yanına aldı, indi biz bu məqamdan istifadə etməliyik. Düşünürəm ki, bu savaşda Azərbaycanın qalib gəlmə şansı çoxdur və biz bundan maksimum yararlanmalıyıq. Doğru olan da məhz budur. Türkiyə Suriyada güclənməyə davam edir və onun bu proseslərdə rolu artır. İranın Rusiyaya, Suriyaya, ümumən Yaxın Şərqə başı qarışıb. Rusiyanın, Çinin Azərbaycanla maraqları Zəngəzur dəhlizində birləşir. Ermənistanın Fransa, İran, Hindistan tərəfindən tam silahlanmağına, özünə gəlməyinə imkan verməmək üçün biz bu tarixi Zəngəzur səfərimizi başlatmalıyıq”. “Mən belə düşünürəm ki, Zəngəzur həm də bir türk koridorudur. Zəngəzur Azərbaycanın tarixi torpağıdır. İmperialist qüvvələr “real olmayan ərazilər uğrunda savaşmaq olar” prinsipi ilə, “bütün xristianları qorumalıyıq” şüarları altında “qiyamət gününü yaşayacaqsınız” kimi müsəlman dünyasına hədə-qorxu gəlir, həmçinin proksi qüvvələr, PKK və törəməsi olan separatçı təşkilatlar vasitəsilə işğalçılıq siyasətini həyata keçirir, öz maraqlarını təmin edirlər. Bütün dünyanın qarışıq olduğu bir vaxtda Azərbaycan bundan istifadə etməlidir. Dünyanın ən güclü dövlətlərindən olan Türkiyə və Rusiyanı yanımıza alaraq, işğalçı Ermənistanı sülhə təhrik etməliyik. Təəssüf ki, Ermənistana İkinci Qarabağ müharibəsi dərs olmadı. Çünki Qarabağı öz dərilərində hiss etmədilər. Nə vaxt ki, İrəvandakı hərbi-siyasi rəhbərlik, revanşist qüvvələr olayları öz dərilərində hiss edəcək, qaçqınlığı yaşayacaq, ağır məğlubiyyəti yaxından hiss edəcəklər, o zaman da iddialarından əl çəkəcəklər. Biz buna ancaq Zəngəzur savaşı ilə nail ola bilərik”. Nailə QASIMOVA

Bizə qoşulun