Medianews.az
Vəzifə başında xəsarət aldı, həm işsiz, həm də təzminatsız qaldı - <span style=color:red>“Maqno-Met” MMC-dən ŞİKAYƏT + FOTO
785 baxış

Vəzifə başında xəsarət aldı, həm işsiz, həm də təzminatsız qaldı - “Maqno-Met” MMC-dən ŞİKAYƏT + FOTO

Mingəçevir şəhər sakini Fəxri Valeh oğlu Tağıyev Medianews.az-a müraciət edərək işsizlikdən əziyyət çəkdiyini, ailəsinin sosial öhdəliklərini yerinə yetirə bilmədiyini, iş üçün qapısını döydüyü aidiyyəti qurumlardan hər hansı dəstək ala bilmədiyini söyləyib. Şikayətçi vurğulayıb ki, son yeddi aya qədər “Maqno-Met” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) sobaçı vəzifəsində çalışıb və iş prosesində yanıq xəsarəti aldıqdan sonra zavod rəhbərliyi tərəfindən xəbərdarlıq edilmədən işdən çıxarılıb. İş zamanı aldığı xəsarət müqabilində, eləcə də vəzifəsindən azad olunduğu üçün ona hər hansı maddi-mənəvi təzminat ödənilməyib: "Abşeron rayonu Qobustan qəsəbəsi ərazisində, Bakı-Quba şossesinin 33-cü kilometrliyində yerləşən "Maqno-Met" MMC-də - Metaləritmə Zavodunda sobaçı işləmişəm. Bu ilin mart ayının 19-da iş prosesi zamanı kimyəvi metal parçaları ayağıma düşüb və yanıq xəsarəti almışam. Təəssüf ki, işlədiyim yerdən mənə heç bir köməklik edilmədi. İşsizlik müavinəti almaq üçün aidiyyəti üzrə müraciətimə də müsbət cavab ala bilməmişəm. Mənə deyirlər ki, ən azı 24 ay bir yerdə əmək müqaviləsi üzrə fasiləsiz işləməlisən ki, nə isə olanda işsizlik müavinəti ala biləsən. "Maqno-Met" MMC-də - Metaləritmə Zavodunda hər 3-4 aydan bir qanunsuz olaraq işçiləri qeydiyyatdan çıxarır, əmək müqaviləsinə xitam verir, sonra yenidən rəsmiləşdirirlər ki, sonda mənim kimi hadisə ilə üzləşənlərə hər hansı ödəniş edilməsin. Bu, açıq-aşkar işçilərin hüquqlarının pozulmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hörmətli Sahil Babayevə müraciət edirəm ki, bu məsələlər ciddi araşdırılsın, mənim kimi insanların haqqı tapdanmasın". F.Tağıyev bir oğlunun hazırda həqiqi hərbi xidmətdə Vətən borcunu ləyaqətlə yerinə yetirdiyini, digər oğlunun isə azyaşlı olduğunu diqqətə çatdırıb. Media vasitəsilə aidiyyəti qurumlara müraciət edən Mingəçevir şəhər sakini ona köməklik göstərilməsini xahiş edib. Ötən yeddi ay ərzində işsizliyə görə ona çatacaq vəsaitin ödənilməsini, həmçinin müvafiq işlə təmin olunmasını istəyib. F.Tağıyevin müraciətini araşdırmaq üçün əvvəlcə “Maqno-Met” MMC ilə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, şirkətin ictimaiyyət üçün açıq olan əlaqə telefon nömrələrinə edilən zənglər cavabsız qaldı. Mingəçevir Şəhər İcra Hakimiyyətinə ünvanladığımız sorğuya da cavab verən tapılmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən (DMA) isə bildirildi ki, vətəndaş Fəxri Valeh oğlu Tağıyevin müraciəti Agentlik tərəfindən tərəfindən araşdırılıb. Vətəndaş 20.11.2024-cü il tarixdə Məşğulluq filialına müraciət edərək işsiz kimi qeydiyyata alınıb. Məşğulluq imkanları qiymətləndirilib və fərdi məşğulluq proqramı tərtib edilib. DMA-dan verilən məlumata görə, vətəndaşın əmək müqaviləsinə sonuncu dəfə 11.05.2024-cü il tarixində xitam verilib: “Fəxri Tağıyevin əmək müqaviləsinə xitam verilən tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 ay sığorta stajı olmadığı üçün İşsizlikdən Sığorta haqqında Qanuna əsasən ona sığorta ödənişinin təyin olunması mümkün olmayıb. Aktiv məşğulluq tədbirlərinə müraciət etmək istədiyi halda Fəxri Tağıyev Məşğulluq filialına yaxınlaşa bilər”. Sonda onu da əlavə edək ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiqlənib. Həmin qərara görə, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Nailə QASIMOVA

Bizə qoşulun