Medianews.az
Gürcüstan YENİ SEÇKİYƏ DOĞRU: <span style=color:red>Əgər fövqəladə hadisə baş verməzsə...
270 baxış

Gürcüstan YENİ SEÇKİYƏ DOĞRU: Əgər fövqəladə hadisə baş verməzsə...

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də, onun andiçmə mərasimi 15 gün sonra baş tutacaq. Respublika tarixində ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə seçilməyəcək. Altıncı prezidenti 300 seçici, o cümlədən 150 parlament üzvü, Acarıstan Ali Şurasının 21, Abxaziya Muxtar Respublikası Ali Şurasının 20 və yerli hakimiyyət orqanlarının 109 üzvü seçəcək. Səsvermənin özü Mərkəzi Seçki Komissiyasının rəhbərliyi altında Gürcüstan parlamentində keçiriləcək. Bu seçkilər Gürcüstanın həyatında, xarici və daxili siyasətində nəyi dəyişəcək? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, prezident seçkilərinin təyin olunması Gürcüstanın həyatında ciddi bir hadisədir. Onun sözlərinə görə, hakim partiyanın dəstəklədiyi namizəd prezident seçkilərində qalib olarsa, Gürcüstanda vəziyyət kifayət qədər sabitləşəcək: “Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin ardınca 14 dekabr tarixində prezident seçkiləri baş tutacaq. Budəfəki prezident seçkiləri fərqli üsulla keçiriləcək. Nəzərə alaq ki, bütün Qərbin və müxalifətin etirazına baxmayaraq, son parlament seçkilərinin qalibi olmuş “Gürcü Arzusu” partiyası qanunverici orqanın ikinci iclasını keçirib. Parlamentin sədri seçilib, o cümlədən prezidentliyə namizəd də irəlli sürülüb. Namizədliyi irəli sürülmüş şəxs Gürcüstanda yetəri qədər məşhur hesab olunur. O, keçmiş futbolçu, “Xalqın gücü” partiyasının icraçı katibi Mixeil Kavelaşvilidir. Onun siyasi dünyagörüşü hakim “Gürcü Arzusu” partiyasından ciddi şəkildə fərqlənmir. Mixeil Kavelaşvili kifayət qədər neytral şəxs hesab edilir. Gürcüstanda gürcü identikliyinin tərəfdarı kimi tanınır. Hakim partiyanın dəstəklədiyi namizəd prezident seçkilərində qalib olarsa, Gürcüstanda vəziyyət kifayət qədər sabitləşəcək. Ən azı o baxımdan ki, müxalifətin etiraz və müqavimət imkanları azalacaq”. Siyasi şərhçi qeyd edib ki, əgər bir müddət sonra hər hansı fövqəladə hal baş verməzsə, Qərb dairələri də Gürcüstandakı hakimiyyətlə işləməyə məcbur olacaqlar: “Prezident seçkilərindən sonra vəziyyət stabilləşməyə başlayacaq. Artıq küçə etirazları da getdikcə səngiyəcək. Bidzina İvanişvili komandasının Gürcüstanda 10 ildən bu yana həyata keçirdiyi, formalaşdırdığı xarici siyasi kurs davam etdiriləcək. Bu da Gürcüstanda sabitliyə kifayət qədər imkan yaradacaq. Düşünürəm ki, Gürcüstandakı sabitliyin bərqərar olması Cənubi Qafqazda sabitlik və əməkdaşlıq prosesinə kifayət qədər müsbət təsir göstərəcək amildir”. Nailə QASIMOVA

Bizə qoşulun