Medianews.az
Gürcüstan dövlətçiliyi üçün FƏLAKƏT: <span style=color:red>Qərb şirnikləndirici vədlər verməklə...
191 baxış

Gürcüstan dövlətçiliyi üçün FƏLAKƏT: Qərb şirnikləndirici vədlər verməklə...

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlük prosesinin 2028-ci ilə qədər dondurulması ilə bağlı qərarı ölkədə etirazlara səbəb olub. Prezident Salome Zurabaşvilinin də dəstək verdiyi mitinqdə etirazçılarla polis arasında toqquşma yaşanıb, 32 asayiş keşikçisi yaralanıb, 43 nəfər saxlanılıb. Hakim “Gürcü Arzusu” Partiyasının Baş katibi Kaxa Kaladze baş verənlərə münasibət bildirib. O qeyd edib ki, heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verilməyəcək. Hökumət başçısının sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə danışıqlar dayandırılıb, amma bu qərarın bəzilərini niyə təəccübləndirdiyi anlaşılan deyil. Belə bir fonda Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanat imzalayıb. Diplomatlar iqtidar partiyasının qərarının ölkənin strateji maraqlarına uyğun gəlmədiyini bəyan ediblər. Qeyd olunub ki, ölkənin Aİ-yə üzvlük fürsətindən birtərəfli qaydada imtinası mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bəyanatda qərarın eyni zamanda Gürcüstanı artan təhdidlər fonunda təcrid halına salacağı qeyd edilib. Gürcüstanda Müdafiə Nazirliyi daxilində də hökumətin avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar yüksəlir. Nazirliyin 40-dan çox əməkdaşı bu gün bəyanat imzalayaraq ölkənin Avropa kursuna sadiqliklərini bildiriblər. Bəyanatda bildirilir ki, Avropa və avroatlantik strukturlara inteqrasiya Gürcüstanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinin yeganə yoludur. Qonşu ölkədə yaşanan prosesləri Medianews.az-a şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Qərbin Gürcüstan planları seçkidə məğlubiyyətlə fiaskoya uğrayandan sonra kütləvi iğtişaşlar, etiraz dalğasının yaradılması və genişləndirilməsi gözlənilən idi. Onun sözlərinə görə, burada daha çox daxili rıçaqlardan istifadə edilir və Gürcüstanın “fransız prezidenti”nin canfəşanlığı təsadüfi deyil: “Gürcüstanda baş verənlərə regional kontekstdə baxmaq, yaxud bir ölkənin daxili işi kimi qiymət vermək doğru olmaz. Bu, geosiyasi qarşıdurmanın tərkib hissəsidir. Qərb çalışır ki, bölgədə dayaqlarını gücləndirsin. Bunun üçün Ermənistan və Gürcüstandan yararlanmağa cəhd edir. Yəni, bu ölkələrin dövlətçiliyi, yaxud xalqının maraqlarının Qərb üçün heç bir önəmi yoxdur. Ukrayna örnəyi bunu özündə tam ehtiva edir. Qərb çalışır ki, Gürcüstanda xaos yaratsın və daha sonra o xaosu idarə edərək marionet qruplarla nəzarəti ələ alsın. Əlbəttə, bu, Gürcüstan dövlətçiliyi üçün fəlakət deməkdir”. Ə.Zülfüqaroğlu vurğulayıb ki, dünya köklü dəyişim prosesinin içərisindədir: “Ona görə də dünyanın bir sıra bölgələrində qarşıdurmalar, gərginliklər hökm sürür. Dövlətlər bu prosesdən zərbə almamağa çalışırlar. Qeyri-adekvat siyasət geridönüşü mümkün olmayan problemlərə yol aça bilər. Gürcüstan da öz milli maraqlarının diktə etdiyi siyasəti yürüdür. Qərb isə çalışır ki, öz maraqlarını həyata keçirsin. Avropa İttifaqına üzvlük kimi şirnikləndirici vədlər verməklə bir sıra siyasi partiyalar, QHT-lər və digər alətlər vasitəsilə xaosa rəvac verməyə çalışırlar. Amma bu cəhdlərin nəticə verəcəyini düşünmürəm. Hesab edirəm ki, Gürcüstan strateji maraqlarını qurban verməyəcək və öz prioritetlərindən geri çəkilməyəcək”. Nailə QASIMOVA

Bizə qoşulun