Azərbaycan millisi srağagün növbəti oyununu keçirib. Fernandu Santuşun yetirmələri Millətlər Liqasının qrup mərhələsində son matçına çıxıb. C liqasının 1-ci qrupunda sonuncu yeri tutacağı rəsmiləşən yığmamız İsveçdə darmadağın olub. Hər hissədə 3 qol buraxan Fernandu Santuşun rəhbərlik etdiyi heyət 6:0 hesabı ilə uduzub. Bu nəticə millimizi birbaşa D liqasına düşürüb.
Oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Azərbaycan millisinin 69 yaşlı baş məşqçisi F.Santuş məğlubiyyətdəki məsuliyyəti öz üzərinə götürüb. Yığma komandamızın Solna şəhərində böyük hesablı məğlubiyyətə uğraması Azərbaycan futbol azarkeşlərini də məyus edib, çoxsaylı tənqidi fikirlərin yaranmasına səbəb olub.

Hətta Milli Məclisin Gənclər və İdman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı da bu məsələ gündəmə gəlib.
Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov Azərbaycan futbolunun ötən gün İsveçdə qara günlərindən birini yaşadığını, xalqımızın 30 ildir bu günləri yaşamağa məhkum olduğunu dilə gətirib. Qeyd edib ki, hər bir futbolçu üzərində daşıdığı formaya böyük məsuliyyəti olmalıdır.

Millət vəkili "Nə üçün biz hər dəfə böyük hesablı məğlubiyyətləri, ağır nəticələri görürük?” - deyə sualla müraciət edib, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bu məsələyə xüsusi fikir verməsinin zəruriliyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçisi Kənan Məstəliyev bildirib ki, futbolda hər dəfə böyük hesablı məğlubiyyətləri, ağır nəticələri görməyimizin səbəbi heç bir işin görülməməsi və səhvlərdən nəticə çıxarılmamsıdır: “20 ildən çoxdur idman jurnalistikasındayam və 20 ildir eyni şeyi təkrarlamaqdan yorulmuşam. İllərdir eyni sözləri deyirik ki, uşaq futbolunun infrastrukturu, kadr, peşəkarlıq problemləri, milli olmaq məsələləri həllini tapmalıdır. Yəni, bir çox problemlər var ki, biz onları hər oyundan, kiçik, böyük məğlubiyyətdən, qələbədən sonra təkrarlayırıq. İstər qəzetlərdə, istər sosial şəbəkələrdə, istərsə də saytlarda, televiziya kanallarında, ictimaiyyət arasında bu barədə fikrimizi bildiririk. Eyni zamanda əlimizdə olan imkanlarla müvafiq, aidiyyəti qurumlara bu sözləri deyir, təkrarlayır, çatdırırıq. Amma heç bir iş görülmür, əncam çəkilmir. Ona görə də sözlərimiz havada qalır, məğlubiyyətlərimiz isə sıralanır”.

İdman şərhçisi vurğulayıb ki, köklü addımlar atılmayınca, məğlubiyyətə səbəb olan köhnə kadrlar futbolumuzdan, idmanımızdan uzaqlaşdırılmayınca, işə münasibət dəyişməyincə, məğlubiyyətlərimiz dayanmayacaq: “Bu istiqamətdə ciddi addımlar atılmadığı təqdirdə məğlubiyyətlərimiz bundan sonra da davam edəcək. Hətta deyərdim ki, bundan sonra daha böyük məğlubiyyətlərə uğrayacağıq. İşin sadə yolu var. Biz məğlubiyyətlərdən nəticə çıxarmalıyıq. Bunu etmək üçün təkcə AFFA rəhbərliyinin deyil, ümumiyyətlə müvafiq və digər qurumların üzərinə böyük məsuliyyət, vəzifə düşür. Onlar da üzərlərinə düşənləri etməlidirlər. Təbii ki, bu çərçivədə AFFA xüsusilə çalışmalı, ortaya konkret iş qoymalıdır”.
Nailə QASIMOVA