Medianews.az
“Sakinlərin evləri başlarına uçurulur, əmlakları əllərindən zorla alınır” - <span style=color:red>“Gold Residence” MMC-dən ŞİKAYƏT + FOTO/VİDEO
1,675 baxış

“Sakinlərin evləri başlarına uçurulur, əmlakları əllərindən zorla alınır” - “Gold Residence” MMC-dən ŞİKAYƏT + FOTO/VİDEO

“Bakı şəhəri Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti 128 ünvanındakı bina, həmçinin Fətəli Xan Xoyski prospekti 130 nömrəli yataqxana qəzalı vəziyyətdə olduğuna görə sökülməsi nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ilə həmin binaların sökülməsi və yerində çoxmərtəbəli binaların tikintisi “Gold Residence” MMC-yə həvalə edilib. “Gold Residence” MMC isə həmin sərəncamda göstərildiyi kimi, daşınmaz əmlak sahibləri ilə qarşılıqlı razılıq əsasında onların tam köçürülməsini təmin etmək əvəzinə, hədə-qorxu, şantaj və digər qanunsuz yollara əl atıb. Şirkət bu ilin iyul ayından başlayaraq, hətta binada sakinlər tam köçürülmədən, yaşayış olduğu halda söküntü işləri aparıb, evlərini başlarına uçurub, insanların həyatını təhlükəyə atıb. “Gold Residence” MMC bu cür yollarla həmin binaların sakinlərinin və obyekt sahiblərinin əmlaklarını mənimsəməyə çalışıb”. Bu barədə Medianews.az-a Bakı şəhəri Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti 128, mənzil 11-də yaşayan Müjdə Qaytaran oğlu Hacıyev bildirib. Ərazidən çəkilən fotoları da redaksiyamıza təqdim edən şikayətçi söyləyib ki, adıçəkilən ünvanlardakı binaların söküntü işlərini COP29 zamanı guya xarici qonaqlardan gizlətmək istəyiblər. Bunu bəhanə edən “Gold Residence” MMC 2024-cü ilin iyul-avqust aylarında adıçəkilən ərazini Fətəli Xan Xoyski prospekti boyunca hasarlayıb. Lakin həmin hasar MMC-yə ayrılmış və yerquruluşu koordinatlarında göstəriləndən artıq ərazini əhatə edir. Şikayətçi M.Hacıyevin iddiasına görə, şirkət qanunsuz olaraq digər ərazini də hasarlayıb: “Qanunsuz hasarlamanın bir neçə səbəbi var. Birincisi, adıçəkilən MMC-nin törətdiyi qanunsuzluqlar kənardan müşahidə olunmasın deyə bunu ediblər. İkincisi, həmin binaların altındakı ticarət obyektlərinə qanunsuz yolla təsir edib, onları dəyər-dəyməzinə sahibkarların əlindən almaq niyyəti güdürlər. Misal üçün, mənim ümumi sahəsi 145 kvadratmetr olan obyektimə cəmi 60 kvadratmetrlik mənzil təklif edirlər. Təbii ki, belə şərtlərlə razılaşmaq qeyri-mümkündür. Razılaşmadığımı görüb təhdid edir, ən müxtəlif təzyiqlət göstərirlər. Eləcə də binada digər sakinlər var ki, mənzilindən çıxmaq istəmirlər. Evdə yaşayış ola-ola binada söküntü işləri aparıb onlara mənəvi-psixoloji təzyiq göstərir, təhdid edir, əmlakını dəyər-dəyməzinə satmaq məcburiyyətində qoyurlar. Mən 20 ildən artıqdır ki, Fətəli Xan Xoyski prospekti 128 nömrəli binanın 1-ci mərtəbəsində obyektimdə sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Sahibkar kimi dövlətim qarşısında öhdəliyimi ləyaqətlə yerinə yetirir, vaxtlı-vaxtında vergimi verirəm. “Gold Residence” MMC sakinləri və obyekt sahiblərini əvvəlcədən məlumatlandırmadan qəflətən əraziyə gələrək binanın qarşısını Fətəli Xan Xoyski prospekti boyunca “Gloriya” gül dükanınadək qanunsuz hasarlayıb. Bununla da mənim mağazamın qarşısı tam bağlanıb. Nəticə etibarilə sahibkarlıq subyekti kimi mənim fəaliyyətim qanunsuz olaraq məhdudlaşdırılıb. Nə hasarın arxasında qalmış mağaza görünür, nə də mağazaya gedib-gəlmək mümkündür. Mən sahibkaram və burada mənim işçilərim də var. Bu yolla həm məni, həm də digər işçiləri işsiz qoyur, fəaliyyətini məhdudlaşdırır, ailələri çörəksiz qoyublar. Bu azmış kimi, “Gold Residence” MMC-nin işçiləri suyu qəsdən açıq qoyaraq, onu mağazanın zirzəmisindəki anbara axıdıb, oradakı malları yararsız hala salıblar. Mağazada kimsə olmayanda isə “Gold Residence” MMC-nin işçiləri binanın daxilindən olan giriş qapısını sındıraraq obyektə qanunsuz daxil olub, oradakı əmlakın bir hissəsini oğurlayıblar. “Gold Residence” MMC-nin bütün bu qanunsuz əməlləri sayəsində mənə külli miqdarda maddi və mənəvi ziyan dəyib”. M.Hacıyev onu da əlavə edib ki, son dövrlərə qədər işlətdiyi obyektin bir hissəsi Qarabağ qazisi olan qardaşı Biləndər Hacıyevə məxsusdur və ümumilikdə həmin mağaza ilə üç ailə dolanır. Onun sözlərinə görə, “Gold Residence” MMC-nin qanunsuz hərəkətləri nəticəsində mağazanın fəaliyyəti tam dayanmış və üç ailə hazırda quru çörəyə belə möhtacdır, borc içindədir. Şikayətçi söyləyib ki, digər saxlanc yerləri olmadığına görə, mağazadakı mallarını söküntü aparılan ərazidən çıxarıb apara da bilmirlər: “Bu da azmış kimi, “Gold Residence” MMC-nin işçiləri 21 avqust 2024-cü ildə yaşadığım mənzildə olmadığım müddətdə qapını sındıraraq, qanunsuz olaraq içəri daxil olublar. Onlar mənzildə saxladığım əmlakın, ev əşyalarının bir qismini oğurlayıb, bir qismini isə dağıdaraq yararsız hala salıblar. Sonra isə mənzilin qapı-pəncərələrini, digər plastik, taxta və dəmir hissələrini sökərək naməlum istiqamətdə aparıb, mənzili tamamilə yararsız hala salıblar. “Gold Residence” MMC-nin əməkdaşları bütün bu qanunsuzluqları özünü şirkətin direktoru kimi təqdim edən Elnur Hüseynovun göstərişi ilə törədiblər. Başda Elnur Hüseynov olmaqla, “Gold Residence” MMC rəhbərliyinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə) və digər maddələrin tərkibi var. Ona görə də mən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər dövlət orqanlarına dəfələrlə rəsmi qaydada müraciət etmişəm. Həmin orqanlar mənim müraciətlərimi Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə göndərib. Təəssüf ki, bu günədək “Gold Residence” MMC rəhbərliyi barəsində hər hansı bir tədbir görülməyib. Şikayətim əsasında obyektimə polis və prokurorluq əməkdaşları hər zaman “Gold Residence” MMC işçilərinin müşayiəti ilə gəlib, həmin işçilərin yanında yalnız məni sorğu-sual edərək obyektə baxıb, heç bir sənəd, protokol tərtib etməyib, sonra isə MMC-nin işçiləri ilə yaxınlıqdakı “Krone” hotelin 1-ci mərtəbəsində yerləşən MMC-nin ofisinə gediblər. Həmin ofisdən çıxandan sonra onlardan heç vaxt xəbər çıxmayıb. 4 aydır polis və prokurorluq orqanlarına şikayət ərizələri göndərilsə də nəticə yoxdur, şikayət araşdırılmır. Mən media vasitəsilə aidiyyəti qurumlardan xahiş edirəm ki, “Gold Residence” MMC-nin bu özbaşınalığının, qanunsuz əməllərinin qarşısının alınması, Qarabağ qazisi olan qardaşımın, mənim mülkiyyət hüququmun qorunması üçün lazımi tədbirlər görsünlər”. Şikayətçinin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə cəhd etdik. Bu məqsədlə internet üzərindən axtarış edib “Gold Residence” MMC-nin (050) 247-15-35 əlaqə telefon nömrəsini tapdıq və əlaqə saxladıq. Şirkətin ofisinin özünü təqdim etmək istəməyən xanım əməkdaşı əvvəlcə şikayətin əsassız, şər-böhtan olduğunu, belə halın ümumiyyətlə baş vermədiyini söylədi. Ona izah etdik ki, ərazidən fotolar çəkilib, vəziyyəti əks etdirən görüntülər var. Bu zaman o, mən bu barədə məlumatlı deyiləm, sizinlə təkrar əlaqə saxlayacam, vəziyyəti izah edəcəm deyib danışığı kəsdi. Qısa müddət sonra isə təkrar zəng edib hansı media qurumundan müraciət etdiyimizi dəqiqləşdirdi. Bildirdi ki, redaksiyanın əlaqə telefon nömrəsini “Gold Residence” MMC-nin səlahiyyət sahiblərinə təqdim edəcək və onlar bizimlə danışıb məsələyə aydınlıq gətirəcəklər. Lakin təəssüflər olsun ki, şirkət təmsilçiləri verdikləri sözə sahib çıxmadılar. Ərtürk İSMAYIL

Bizə qoşulun