Medianews.az
Böyük Yeddiliyin geosiyasi rəqibi ilə YAXINLAŞMA: <span style=color:red>Türkiyənin BRİCS HƏDƏFLƏRİ
128 baxış

Böyük Yeddiliyin geosiyasi rəqibi ilə YAXINLAŞMA: Türkiyənin BRİCS HƏDƏFLƏRİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 oktyabr 2024 tarixində 16-cı BRİCS Liderlər Zirvəsində iştirak edəcək. Hazırda Rusiyada səfərdə olan R.T.Ərdoğan Tatarıstanın paytaxtı Kazanda keçiriləcək zirvə çərçivəsində iştirakçı ölkələrin liderləri ilə də görüşlər keçirəcək. Maraqlıdır, Türkiyənin BRİCS-də əsas hədəfi və gözləntiləri nədən ibarətdir? NATO üzvü olan Türkiyənin Qərbin yaratdığı G7-nin geosiyasi rəqibi hesab olunan BRİCS-ə qoşulması Ankaranın ABŞ və digər müttəfiqləri ilə münasibətlərinə necə təsir edəcək? Mövzu ilə bağlı Medianews.az-a danışan beynəlxaq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, BRİCS bazarı dünyanın yarısını əhatə edir. Onun sözlərinə görə, bu təşkilata üzv olan ölkələrin iqtisadiyyatı bütövlükdə inkişaf etməkdə olan iqtisadiyyatdır: “Türkiyə BRİCS-ə ona görə getməlidir ki, bu təşkilatın bazarı dünyanın yarısını əhatə edir. Burada təmsil olunan dövlətlər dünya maliyyə sistemində də söz sahibləridir. Bu da başqa bir maraqlı yanaşmadır ki, həmin ölkələr dünyada neft və qazın böyük bir hissəsinə sahibdirlər. Bu ölkələr müxtəlif idarəetmə formalarına malikdirlər. Məsələn, Qərb standartında olduğu kimi, başqa ölkələr üzərində insan hüquqları, demokratiya adı altında hansısa formada müdaxilə imkanlarını sərgiləmirlər. Bu baxımdan böyük ölçüdə müxtəliflik var. Əsas məsələ oradakı ölkələrin bir az daha müstəqil olması ilə yanaşı, həmin ölkələrin eyni zamanda böyük güc sahibi olmalarıdır. Bu məqam ön plana çıxır”. Ekspert Türkiyənin NATO-ya və Avropa İttifaqına daha çox inteqrasiya etdiyinə diqqət çəkib. Deyib ki, hazırda Türkiyə ilə Qərb ölkələrinin iqtisadi dinamikasında qardaş ölkənin böyük ölçüdə ixracat üstünlüyü var: “Bu Türkiyəyə maliyə baxımında təmin olunmuş böyük imkanlar yaradır. Lakin BRİCS-lə bağlı problem də var. Bu problem özünü Türkiyə ilə BRİCS ölkələrinin idxal-ixrac göstəriciləridir. Misal üçün, Türkiyə ilə Rusiyanın ticarət dövriyyəsinə baxaq. Türkiyə 2023-cü ildə Rusiyaya 10 milyard dollarlıq məhsul ixrac edib. Ancaq idxalı 45 milyard dollara bərabərdir. Çinə 3 milyad dollarıq mal ixrac edib, idxalı isə 45 milyard dollardır. Bu, demək olar ki, bütün BRİCS ölkələri üçün eyni vəziyyətdir. Bir İranda fərqlidir. Bu ölkəyə Türkiyənin ixracı idxalından təxminən 1 milyard dollar artıqdır. Misir ilə başa-başdır. Niyə bunları səsləndirirəm? Ona görə ki, Türkiyənin BRİCS ölkələri ilə əlaqələrə böyük miqyasda ehtiyacı var. Bunlardan, daha dəqiq desək BRİCS bazarından çox asılı vəziyyətdədir. Belə bir gerçəklik fonunda onu da nəzərə almaq lazımdır ki, Türkiyəni bu günə qədər xarici və iqtisadi siyasəti bilavasitə Qərb ölkələrinin təsiri, təzyiqi, proqramı altında olub. Təbii ki, Türkiyənin BRİCS-ə yaxınlaşmasını xoş qarşılamayacaqlar. Türkiyənin iqtisadi açılımına qarşı onların siyasi təsir rıçaqları var. Bütün bunlara rəğmən, Türkiyənin BRİCS-ə yaxınlaşmaqdan başqa yolu yoxdur”. Nailə QASIMOVA

Bizə qoşulun