Medianews.az
Gürcüstan üzərində NÖVBƏTİ EKSPERİMENT: <span style=color:red>Gürcü xalqı böyük imtahan qarşısında - FOTO
75 baxış

Gürcüstan üzərində NÖVBƏTİ EKSPERİMENT: Gürcü xalqı böyük imtahan qarşısında - FOTO

“10 gün sonra qonşu Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstan ilə Azərbaycan münasibətləri bütün sahələr üzrə, o cümlədən siyasi, hərbi, iqtisadi və diplomatik istiqamətlərdə daim yüksələn xətt üzrə inkişaf edir. Tbilisi və Bakı bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyiblər. Bizim üçün yalnız yaxşı qonşu və dost ölkə deyil, eyni zamanda çox əhəmiyyətli strateji tərəfdaş olan Gürcüstanda hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının formalaşdırdığı hökumət ilə Azərbaycan arasında demək olar ki, heç bir fikir ayrılığı yoxdur. Yaranan istənilən cari məsələlər hər iki dost ölkənin müvafiq dövlət strukturları vasitəsilə ən qısa müddətdə həll olunur”. Medianews.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib. O qeyd edib ki, beş yüz mindən çox soydaşımızın yaşadığı qonşu ölkədə bu günlərdə baş verənlər daim rəsmi Bakının diqqət mərkəzindədir. Ekspertin qənaətincə, Azərbaycan Vətən müharibəsində Ermənistanı məğlub edəndən, xüsusilə də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi üzərində bayrağımızı qaldırandan sonra ABŞ və Fransanın rəhbərliyi altına olan qərbyönümlü qüvvələr Cənubi Qafqaza daxil olmaq üçün genişmiqyaslı fəaliyyətlərə başlayıblar: “Azərbaycan 21-ci əsrin tək qalib ölkəsi olaraq kifayət qədər güclü siyasi-hərbi potensiala malikdir və istənilən qərb təhdidlərinə adekvat, bəzən isə daha sərt cavab verə bilir. Ermənistan 44 günlük müharibədə və ondan sonrakı əməliyyatlarda təhlükəsizlik problemləri ilə qarşılaşıb, fərari ordu sindromu işğalçı ölkənin müqavimət immunitetini sıfırlayıb. Müharibə zamanı Azərbaycan ilə döyüşlərə qatılmayan Rusiyadan "qisısını" almaq üçün İrəvan hazırda Qərbin yanında yer almağa çalışır. Ermənistanda qismən məsələni həll edən Qərb Azərbaycana müdaxilə edə bilmədiyindən hazırda əsas diqqətini Gürcüstan üzərində cəmləşdirib. Qərbin bu ölkəyə daxil olmaq cəhdləri, dost və strateji müttəfiqimiz olan Gürcüstanla yaxşı münasibətlərimiz olmasına baxmayaraq, quru sərhədlərimizin bağlı qalmasına səbəb olub ki, bu da hər birimizi, xüsusilə də orada yaşan azərbaycanlıları, onların buradakı qohum-əqrəbalarını dərindən düşündürən, narahat edən məsələlərdən biridir”. Hərbi ekspert vurğulayıb ki, Avropa İttifaqı (Aİ) və NATO üzlüyünə qəbul ediləcəyinə dair Gürcüstana verilən şirin vədlərin 16 il ərzində hansı fəlakətlərə səbəb olduğu hər kəsə yaxşı məlumdur: “2008-ci ildə Tbilisi ətrafında partlayışlar eşidiləndə nə ABŞ, nə Aİ ordusundan bir nəfər Gürcüstana dəstək üçün döyüşlərdə iştirak etmədi. Nəticəsi isə hamımıza yaxşı məlumdur. Bu dəfə isə rəsmi Tbilisi həm 16 il əvvəlkinə bənzər vədlərə inanmaq istəmir, həm də ABŞ-nin, Aİ-nin Gürcüstan ərazisindən Rusiya və Azərbaycana qarşı istifadə olunmasına yol vermək niyyətində deyil. Gürcüstan hakimiyyəti müstəqil siyasət yürüdərək ABŞ və Aİ intriqalarına qoşulmur. Nəticədə ABŞ və Aİ seçkilər yaxınlaşdıqca müxtəlif bəhanələrlə Tbilisiyə qarşı təzyiqlərini artırır, hətta Gürcüstan parlamentində qəbul edilən qərarlara rəsmi səviyyədə rəy bildirir, "insan haqları və söz azadlığı" prizmasından bu qərarları tənqid edir. Sual oluna bilər ki, Gürcüstan parlamentində qəbul edilən qərarların ABŞ-yə nə qədər aidiyyəti ola bilər? ABŞ-nin özündə bu gün uşaqlarla, qadınlarla və insan haqları ilə bağlı onlarla qanun və konvensiyalar ratifikasiya edilməyib. Başqa sözlə desək "öz gözündə tiri görməyənlərin" əsas məqsədi rəsmi Tbilisini şantaj etməkdən, onu sanksiyalarla hədələməkdən, sonunda Gürcüstanı da Ermənistan kimi, ABŞ və Aİ-nin "sözəbaxan köləsinə" çevirməkdən ibarətdir”. Ə.Verdiyev vaxtilə Ukraynanın da Qərb ölkələrinə çox inandığına diqqət çəkib. Qeyd edib ki, Gürcüstan hakimiyyəti Qərb yönümlü qüvvələrin regiona daxil olmaq üçün istifadə etdiyi fəndlərdən və metodlardan xəbərdardır: “Böyük ehtimalla, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsinə təsir etmək məqsədilə Qərb texnoloqları məhz seçki günündə seçicilər arasında qarşıdurma yaratmağa cəhd edəcəklər. Regiondan min kilometrlərlə uzaqda yerləşən Qərbyönümlü qüvvələrin yüzillik qonşumuz və dostumuz olan, ərazisində yarım milyon azərbaycanlının yaşadığı Gürcüstan üzərində növbəti eksperiment keçirməsi bizi də dərindən narahat edir. Ləyaqətdən uzaq Qərb yönümlü qüvvələri nə Gürcüstan, nə Azərbaycan, nə Ermənistan və onların xalqı, nə də bu xalqların rifahı və təhlükəsizliyi düşündürmür. Onlar üçün vacib olan regionlarda qarşıdurmaları davam etdirməkdən, sönməkdə olan münaqişələri yenidən alovlandırmaqdan, münaqişə tərəflərinə silah satmaqdan, daha geniş coğrafi ərazilərə nəzarət imkanları əldə etməkdən, müstəmləkə altında olan əraziləri əlində saxlamaqla daha uzun müddət təbii sərvətləri talan etməkdən, potensial və ehtimal olunan gələcək rəqiblərini kölə ölkələrin insan və ordu resursları hesabına zəiflətməkdən ibarətdir”. Hərbi ekspert söyləyib ki, bu gün yalnız iqtidarda olan "Gürcü Arzusu" partiyası deyil, bütün Gürcüstan xalqı böyük imtahan qarşısındadır: “Düşünürəm ki, bu gün siyasi baxışlarından asılı olmayaq, dost gürcü xalqı mövcud təhdidlərin qarşısını almaq üçün mütləq birləşməlidir. Gürcüstanda yaşayan dəyərli soydaşlarımızın da həm Gürcüstanın, həm də Azərbaycanın ortaq maraqlarına cavab verən, gələcəkdə Gürcüstanı qonşularla münasibətlərini gərginləşdirəcək qüvvələrə YOX deyəcəyinə inanıram. Azərbaycan ilə Gürcüstanın dostluq münasibətlərinin davam etməsi, gələcəkdə münasibətlərimizin inkişafı, hətta quru sərhədlərin açılması da bu seçkilərdə "Gürcü Arzusu" partiyasının qalib gəlməsindən asılıdır”. Nailə QASIMOVA

Bizə qoşulun