Medianews.az
Ali təhsilli çağırışçılara ŞAD XƏBƏR: <span style=color:red>Hərbi xidmət müddətində...
319 baxış

Ali təhsilli çağırışçılara ŞAD XƏBƏR: Hərbi xidmət müddətində...

Təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir. Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər. Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər. Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcək. Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək. Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, müasir orduların qarşısında qoyulan tələblərdən biri də rəqəmsal texnologiyalar əsasında hazırlanmış avadanlıq vasitələrindən istifadə etməklə yaranmış problemlərin və təhdidlərin həllidir. Azərbaycan Ordusunun da yeni mərhələyə qədər qoyduğunu xatırladan hərbi ekspert vurğulayıb ki, indiki mərhələdə əsas məqsəd rəqəmsal texnologiyalardan daha çox istifadə etmək, Silahlı Qüvvələrimizin daha da güclənməsinə gətirib çıxaran addımlar atmaqdır: “Azərbaycan bu baxımdan yüksək texnologiyaları, rəqəmsal elmi bazanı mənimsəmiş şəxslərin sayını artırmaq, bu istiqamətdə tədrisi gücləndirmək üçün qarşıya konkret tapşırıqlar qoyub. Əlbəttə ki, bu da ümumilikdə ordunun inkişafına töhfə verəcək addımlardır. Bir məsələni unutmaq olmaz ki, biz hər zaman hərbi məktəblərə daha savadlı və yüksək elmi biliyə sahib olan, istedadlı şəxslərin cəlb olunmasını istəmişik. Azərbaycan Ordusunun da bu şəxslərə ehtiyacı var. Hesab edirəm ki, yüksək bal toplayan gənclərin hərbi xidmət müddətində məhz Milli Müdafiə Universitetinə cəlb olunması informasiya texnologiyaları sahəsində Azərbaycan Ordusunun daha da modernləşməsinə, yenilənməsinə, dünyanın ən inkişaf etmiş Silahlı Qüvvələri sırasında yer almasına layiqli töhfə olacaqdır”. R.Məmmədli deyib ki, rəqəmsal texnologiyalar sahəsində ali təhsil alan gənclərin bilik və bacarıqlarından yalnız pilotsuz uçuş aparatlarının yaradılmasında, istifadəsində deyil, həm də digər sahələrdə, o cümlədən hava hücumundan müdafiə sistemi, radioelektron mübarizə, hərbi dəniz qüvvələri kimi bölmələrdə də istifadə oluna bilər: “Sadaladığım sahələrdə də istedadlı şəxslərə, rəqəmsal elmi bilikləri olan gənclərə ehtiyac var. Həmçinin böyük bir struktur olan ordunun tərkibində yenilənmə və moderinləşmə layihələrini həyata keçirən mütəxəssislər mövcuddur. Bu mütəxəssislərin də güclənməsi, inkişaf etməsi üçün yeni nəsil kadrlara ehtiyac var. Sadəcə bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, həmin tələbələrin işləyəcəyi strukturda əmək haqları, məvacibləri yüksək olsun. Bunu təmin etməklə prosesi davam etdirmək olar. Əgər Milli Müdafiə Universitetinə yüksək balla qəbul olan, rəqəmsal elmi texnoloji nəzəriyyəyə və təcrübəyə yiyələnən, yaxud orada müddətli hərbi xidmətə cəlb olunandan sonradan bu hərbi təhsil müəssisəsində çalışmağa razılıq verən gənclərə yüksək əmək haqqı verilməyəcəksə, onlar növbəti mərhələlərdə fəaliyyət göstərdikləri istiqamətləri tərk edəcəklər. Bir sözlə, uğurlu layihə və addımlardır. Davam etdirilməsi məqsədəuyğundur”. Nailə QASIMOVA

Bizə qoşulun