Medianews.az
Balaca Gürcüstan üçün BATAQLIQ: <span style=color:red>Əgər “Gürcü arzusu” seçkidə qalib gələrsə... - MÜSAHİBƏ + FOTO  
139 baxış

Balaca Gürcüstan üçün BATAQLIQ: Əgər “Gürcü arzusu” seçkidə qalib gələrsə... - MÜSAHİBƏ + FOTO  

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Artıq 12 ildir hakimiyyətdə olan hakim partiya 4-cü dəfə qalib gəlməyə çalışacaq. Vahid Milli Hərəkat Partiyası onun əsas rəqibi hesab olunur. Ən çox səs toplayan partiya hökuməti quracaq baş nazir namizədini irəli sürəcək. Vahid Milli Hərəkat Partiyasının Kvemo Kartli bölgəsi üzrə siyasi şurasının sədri, parlament seçkilərində deputatlığa namizəd Rəfi Orucov seçkiöncəsi vəziyyətlə bağlı Medianews.az-ın suallarını cavablandırıb. - Rəfi bəy, seçkiöncəsi Gürcüstanda ictimai-siyasi ab-hava necədir? - Carı ilin 26 oktyabr tarixində keçiriləcək parlament seçkiləri ölkəmiz üçün olduqca əhəmiyyətli və tarixi önəm daşıyan hadisədir. Bilirsiniz ki, Gürcüstan parlament idarəetmə üsullu ölkədir, əsas seçkilər də parlament seçkiləri sayılır. Hazırkı hakim partiya daha çox Rusyayönümlü, müxalifət və vətəndaş çoxluğu isə Qərbyönümlüdür. Seçkilərdə də əsas bu iki istiqamət üzərində səsvermə keçiriləcək. Vətəndaş izolyasiyalı Rusiya, yaxud Avropaya, dünyaya açılan pəncərə və inkişaf üzərində seçim edəcək. Tarix boyu Gürcüstan xalqı Avropa ailəsinin üzvü olmaq istəyib. Bunun üçün bütün şanslarımız var. Lakin mövcud hakimiyyətin yürütdüyü siyasət bizim Avropa İttifaqına qoşulma şansımızı əlimizdən alıb. Ona görə də vətəndaşlar bu hakimiyyətin getməsini istəyir. Eyni zamanda daxildəki xaos, kriminal durum, özbaşınalıq, yoxsulluq, işsizlik və digər amillər də bu seçkilərdə müxalifətin qalib gələcəyinə şərait yaradır. Proqnozlar da onu göstərir ki, vətəndaşlar artıq bu hakimiyyəti istəmirlər. - Seçkilərdə iştirak edən partiyaların birləşməsi, hətta prezident Salome Zurabaşvilinin də müxalifəti dəstəkləməsini xatırladan siyasətçilər Gürcüstanda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu iddia edirlər... - Mən də belə düşünürəm. Sadə dillə desək, bu gün xalq, ictimaiyyət, prezident və bütün müxalif partiyalar hazırkı “Gürcü arzusu” partiyasını hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşib. Nəticə etibarilə, seçkilərdə müxalifət qalib gəldiyi təqdirdə koalision hakimiyyət formalaşacaq, bir il sonra isə yenidən seçkilər keçiriləcək. - Avropa İttifaqı və Qərb hazırkı hakimiyyətə qarşı tənqidi münasibətini müxtəlif yollarla göstərir. Əgər bu seçkilərdə “Gürcü arzusu” yenidən qalib olarsa, gələcək münasibətlər necə olacaq? Sizcə, Qərb reallıqla barışacaqmı? - Avropa İttifaqı açıq şəkildə bir neçə bəyanatla çıxış edib. Qeyd olunub ki, ilk öncə viza rejimi tətbiq ediləcək. Bu, vətəndaşlar üçün ciddi problemə çevriləcək. Çünki, ölkə vətəndaşlarının əksər hissəsi Avropaya iş üçün üz tutur. Viza rejiminin tətbiqi insanlarımızın iş üçün xaricə gedib-gəlməsini çətinləşdirəcək, larinin dəyər itirməsi və sürətli iqtisadi böhran baş verəcək. Bunlardan başqa, beynəlxalq aləmlə əlaqənin kəsilməsi də ölkə vətəndaşlarına əlavə problemlər yaradacaq. Balaca Gürcüstan üçün bu cür izolyasiya bataqlıqdır. - Siz Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının Birləşmiş Birlik blokunun parlament siyahısında namizədsiniz. Parlamentə üzv olduğunuz təqdirdə əsas prioritetləriniz nələr olacaq? - Birmənalı olaraq Gürcüstanın hər bir bölgəsinin inkişafına təkan verə biləcək təklif və səylərin göstərilməsi əsas fəaliyyətim olacaq. Təbii ki, təmsil etdiyim azərbaycanlıların və bu bölgədə yaşayan bütün vətəndaşların layiqli səsi olmaq üçün çalışacağam. Problemlərin həlli istiqamətində nəinki çıxışlar edəcək, konkret həll yolları və layihələr təqdim edəcəyəm. Düşünürəm ki, bu yolla qarşılaşdığımız problemlərin həllinə nail olmaq mümkündür. - Problemlərdən söhbət açdınız. Maraqlıdır, azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində soydaşlarımızı narahat edən əsas problemlər hansılardır? - Mən uzun müddətdir siyasətlə məşğulam və mərkəzi idarəetmə orqanlarında çalışmışam. Bundan irəli gələrək, hər zaman əhali ilə sıx görüşlərim olub. Ona görə də hər bir bölgə, şəhər, qəsəbə və kəndə aid problemlərdən agaham. Təəssüflər olsun ki, illərlə həllini gözləyən problemlər var. Əsas prioritetlər işsizlik, təhsil, infrastruktur, kənd təsərrüfatı, torpaq, həmçinin məhsulların idxal-ixracındakı maneələr, zavod, fabrik və fermaların olmaması, səhiyyə sisteminin durumu və bir çox sosial məsələlərdir. Qeyri-təvazökarlıq kimi qəbul edilməsin, yeganə namizədəm ki, sırf azərbaycanlıların problemləri ilə bağlı ayrıca platforma hazırlamışam. Platformamda mövcud problemlərin həlli yollarını təqdim etmişəm. Ümumən seçicilərim, həmyerlilərim qarşısında söz verirəm ki, seçkidən sonra bu problemlərin həlli istiqamətində aktiv fəaliyyətə başlayacağam. Birlikdə bunun şahidi olacağıq. - Sizdən başqa da azərbaycanlı namizədlər varmı? - Əlbəttə, var. Azərbaycanlılar üç birləşmiş müxalifət blokunda və iqtidar partiya siyahısında namizəd kimi təqdim olunublar. Lakin sıra yerləri və sayı düşünürəm ki, azdır. Əhali sayına görə biz bu ölkədə ikinciyik. Bu səbəbdən də partiyaların namizəd siyahısında, parlamentdə sayımız çox olmalıdır. - Bəzən fikirlər səsləndirilir ki, hazırda həbsdə olan eks-prezident Mixeil Saakaşvili seçkidən sonra azad olunacaq. Bu iddialar nə dərəcədə əsaslıdır? - Mən də buna qətiyyən şübhə etmirəm. Çünki, əsas hədəflərimizdən biri və bəlkə də birincisi budur. Seçkilərdə qalib gələcəyimiz təqdirdə ilk addımımız Mixeil Saakaşvilini əsrlikdən azad etmək olacaq. Beynəlxalq aləmin qəbul etmədiyi, uydurulmuş və sifarişli ittihamlarla üç il əsassız şəkildə həbsdə olan Saakaşvilinin azadlığını tələb edən bir sıra bəyanatlar və aktlar var. Bütün bu sənədlərdə onun siyasi məhbus olduğu açıq şəkildə qeyd olunur. Saakaşvili Gürcüstanı Avropa yoluna yaxınlaşdıran, ölkəni bataqlıqdan çıxarıb inkişafa aparan lider kimi tarixə düşüb. Əminik ki, o, yenidən ölkəmizi xilas edəcək. Məhz buna görə də inanıram ki, xalqımız düzgün seçim edəcək. Azərbaycanlılar Saakaşvilini dəstəkləyən və sevən toplumdur. Çünki, o, azərbaycanlılara böyük hörmət və qayğı ilə yanaşan lider olub. Ərtürk İSMAYIL

Bizə qoşulun