Ermənistanın paytaxtında İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzinin açılışı olub. Yerli mediasının yaydığı məlumata görə, qırmızı lenti İran səfiri Mehdi Sobhani və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan kəsib. Qeyd olunur ki, İranın İnkişaf və Ticarət Təşkilatının dəstəyi ilə yaradılan ticarət mərkəzinin sahəsi 18 min kvadratmetrdən çoxdur.
Maraqlıdır, Ermənistan bazarı İran üçün nə dərəcədə əhəmiyyətlidir? Bu bazarın potensialı nə qədərdir ki, İran xaricdəki ilk və ən böyük ticarət mərkəzini məhz Ermənistanda açıb? Rəsmi Tehranın bu addımı iqtisadi, yoxsa sırf siyasi qərardır?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, İran Ermənistanla dərin, oturuşmuş əlaqələrə malikdir.
Onun qənaətincə, Tehranın İrəvanla münasibətləri tamamilə fərqlidir: “Azərbaycana qısqanclıqla yanaşması, uğurlarını həzm etməməsi ilə paralel olaraq, İran Ermənistanla daha sıx münasibətlərinin olmasında maraqlıdır. Ermənistan kiçik də olsa bazardır. İran məhsulları ucuz olduğuna görə, İrəvanda belə bir ticarət mərkəzinin açılması ən azı iqtisadi nöqteyi-nəzərdən də Tehranın maraqlarına uyğundur. Çünki, bu, İran istehsalçılarının mallarının Ermənistanda satılmasına şərait yarada bilər. Belə bir məsələ gündəmə gələ bilər”.

Azərbaycan-İran münasibətlərinə, ticarət dövriyyəsinə diqqət çəkən ekspert vurğulayıb ki, əslində Tehran Bakı ilə iqtisadi layihələrin reallaşmasında daha çox maraqlı olmalıdır: “İran il ərzində Azərbaycana yarım milyard dollar həcmində məhsul satır. Azərbaycanın İrana satdığı məhsulların həcmi isə 40-45 milyon dolları keçmir. Yəni, Azərbaycan bazarı daha böyükdür, 10 milyonluq bazardır. Məntiqlə İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasında, ticarət əlaqələrinin genişlənməsində rəsmi Tehran daha çox maraqlı olmalıdır. Təəssüf ki, burda geosiyasi maraqlar, İranın mövqeyi və digər məsələlər üstünlük təşkil etdiyindən belə bir mənzərənin şahidi oluruq”.
Nailə QASIMOVA