Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu xorvatiyalı referi Yelena Pejkoviç idarə edəcək. Azərbaycan millisi 4 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Eyni xala malik Macarıstan yığması üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.

Qadınlardan ibarət yığmamızın oyunu, potensialı, komandamızın seçmə mərhələni adlaya bilmək imkanı, çatışmazlıqlar və sairlə bağlı
fikirlərini Medianews.az-a bölüşən idman şərhçisi Natiq Muxtarlı deyib ki, Azərbaycan yığmasının bu qrupdan çıxacağı o qədər də inandırıcı görünmür.

Onun sözlərinə görə, rəqiblər çox güclüdür, üstəlik, millimiz son turda səfərdə qrup lideri İsveçrə ilə qarşılaşacaq: “Qrupdan çıxmaq üçün hər iki qarşılaşmada qalib gəlmək vacibdir. Amma bütün hallarda qadın yığmamızın çıxışını qənaətbəxş hesab etmək olar. Bir neçə il əvvəl qadınlarımız bütün turnirlərin aşkar autsayderi sayılırdı. İndi isə qrup liderliyi uğrunda mübarizə aparırlar. Görünən odur ki, Azərbaycanda qadın futbolunun perspektivi kişi futbolunun perspektivindən qat-qat üstündür. Ona görə də bu sahəyə diqqəti artırmaq lazımdır”.

N.Muxtarlı təəssüflə qeyd edib ki, AFFA rəhbərliyi qadın futboluna biganə münasibət göstərir: “Qadın yığması Millətlər Liqasında qrup birinci olduğu üçün mükafat almayıb. AFFA-nın sabiq rəhbərliyi onlara mükafat vəd edib bu uğura görə. Amma yeni gələnlər onu ödəməkdən imtina ediblər. Üstəlik, qadınların məvacibi də çox aşağıdır, demək olar ki, qəpik-quruş. AFFA rəhbərliyinin belə ögey münasibəti, ayrı-seçkiliyi qadın futbolçuları ruhdan salır”.
İdman şərhçisi deyib ki, əslində pul, mükafat nəticə verənə, uğur qazanana sərf edilməlidir: “AFFA rəhbərliyi heç biri uğuru olmayan kişilərdən ibarət yığmalara ildə 10 milyon manat xərcləyir. Amma uğur qazanan qadınların haqqını tapdalayır. Rəhbərliyin belə münasibəti yığmada əhval-ruhiyyəni korlayır, futbolçularda motivasiya qalmır. Bu haqsızlıq, biganə münasibət dərhal dəyişməlidir. Belə münasibət fonunda tezliklə qadın futbolunda yaşanan inkişaf dayanacaq. Bunun da bütün məsuliyyəti AFFA rəhbərliyinin üzərinə düşür”.
Ərtürk İSMAYIL