Tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu
Medianews.az-ın suallarını cavablandırıb.
- Bu yaxınlarda yazıçı Cəmilə Həsənzadə vəfat edib. “Təbrizin sehrli nağılları” kitabının müəllifi ilə bağlı düşüncələrinizi eşitmək istərdik.
- Cəmilə xanım çox zəhmətkeş insan olub. Təbrizlə bağlı nağılları, miniatürləri yığaraq dəyərli kitab ortaya çıxarıb. Kaş kitab daha əvvəl tanınardı. Gec olsa da, kitabın tanınmasına və müzakirə edilməsinə çox sevinirəm. O kitabda kifayət qədər mesajlar var. Siyasi sferada maraqlı məqamlara toxunub. O xoşbəxt müəllifdir ki, kitabı gündəmə gələrək müzakirələrə səbəb olub. Cəmilə xanıma Allahdan rəhmət diləyirəm!
- Hər sahədə yeniliklər tətbiq edilir ki, inkişaf olsun. Bəs “Qanun” nəşriyyatı hansı yenilikləri planlayıb?
- Yeni layihələrimiz olacaq. Planlarımız həyata keçdikdən sonra onlar haqqında daha ətraflı danışacağam.
- Kitab çapında hansı güzəştlərin olmasını istərdiniz?
- Kredit güzəştlərinin tətbiq olunmağını istəyirik. Sahibkarlığın bəzi növlərinə güzəştli kreditlər verilir, lakin bu mövzu ilə bağlı kitab sahəsinə diqqət göstərilmir. ƏDV götürülüb, amma əvəzində kitab kağızının qiyməti 2000 dollara qədər bahalaşıb. Bu bir ton kağızın qiymətidir. İndi biz hesablamalıyıq ki, kitabı hansı qiymətə buraxsaq, minimum əməkhaqqı 300 manat olan Azərbaycan vətəndaşı 10-15 manatını verib kitab alsın. Yəni kitab sahəsində vəziyyət mürəkkəbdir. Bu sahədə heç bir həvəsləndirici hal baş vermir.
- Nəşriyyatı qorumaq üçün gəliri haradan əldə edirsiniz?
- Nəşriyyatı inkişaf etdirmək üçün sərgilər təşkil edib, orada kitablar satırıq. Satılan kitablardan əldə olunan gəlirlərdən də maaşları ödəməyə çalışırıq. İllərdir bu şəkildə yaşamağa davam edirik.
- Yaşlılar daha çox kitab oxuyur, yoxsa gənclər?
- Kitab oxuyanlar əsasən, gənclərdir. Parka kitab satmağa, universitetlərə getdikdə gənclərə görə gedirik. Ən yaxşı Azərbaycan dilində tərcümələri də elə onlara görə hazırlayırıq. Bizi gənclər motivasiya edir.
- Dəyişən dövrlə gənclik də dəyişir. Müasir gənclər ədəbiyyatdan nə tələb edir?
- Mənə elə gəlir ki, bütün dövrlərdə maraqlı yazmaq tələb olunub. Gənclər maraqlı mətn oxumaq həvəsindədirlər. Onlar düzgün istiqamət və güc verən kitabları oxumaq istəyirlər.
- Kitabı oxumaq üçün ən gözəl yer haradır?
- Kitab hər yerdə oxunmalıdır: Kitabxanada, evdə, metroda, avtobusda… Mənim çantamda həmişə azı 3 kitab olar. Biri elmi, biri bədii, digəri yerli. Bacardığım qədər daha çox kitab oxumağı qarşıma məqsəd qoymuşam. Amma əsas olan kitab oxumaq deyil, onu anlamaqdır. Kitab insanın bütövlükdə həyatına, işinə, təfəkkürünə, nitqinə təsir etməlidir. Əgər kitab səni dəyişmirsə, onu oxumağa dəyməz.
- Kitabların oxunmasında insanları maarifləndirmək baxımından mətbuatın dəstəyini necə dəyərləndirirsiniz?
- Kitab və mətbuatın adları fərqlidir, amma gördükləri iş bir-birinə çox yaxındır. Hər ikisi insanları öyrətmək istəyir. Maarifçilik insan inkişafının qaçılmaz xəttidir. Mətbuat yalnız məlumat ötürmək üçün deyil, həm də maarifləndirmə missiyasını yerinə yetirməlidir. Kiminsə zorlanması, kiminsə oğurluğu ilə bağlı xəbərlər mətbuatın əsas xətti olmamalıdır. Mətbuat ekologiyadan, psixologiyadan, şüurda, genetikdə, iqlimdə baş verən dəyişikliklərdən bəhs etməlidir.
- Sizin də yolunuz mətbuatdan keçib. Bugünkü jurnalistikamızla bağlı da fikir sahibi ola bilərsiniz. Müasir mediamız barəsində nə düşünürsünüz?
- Azərbaycanda beynəlxalq jurnalistikanın heç bir normasına əməl edilmir. Jurnalistlər anlamalıdırlar ki, dəyərlər sistemi dəyişib. Onlar da bu sistemlə bərabər dəyişməlidirlər. 10 il əvvəlki qəzet bugünkü qəzet deyil. Bugün Kəramət Böyükçölün auditoriyası min nüsxələrlə çıxan qəzetin auditoriyasından daha böyükdür. Həmçinin araşdırma jurnalistikası inkişaf etdirilməlidir. İndi jurnalistlər deyəcəklər: “Mən bu maaşla necə edim?” Xeyr! Əgər həyatını bir sahəyə vermisənsə, oradan bərk yapış. Gec-tez quyunun dibindən üzə çıxacaqsan. Gördüyün işi eşqlə görmək lazımdır. Eşqlə görsən, istədiyini əldə edəcəksən.
- Kitab oxuyursunuz, tərcümə edirsiniz, amma heç bir kitab müəllifi deyilsiniz. Kitab yazmaq fikriniz heçmi olmayıb?
- Hədsiz dərəcədə oxuyuram. Hər gün kitab oxuduğuma görə xoşbəxtəm. Kitab oxumaq qabiliyyətim olduğu üçün şükür edirəm. Bir müddət gözlərim zəifləmişdi. Həmin vaxtlar dəhşətli qorxu hissi keçirirdim ki, mən kitab oxuma zövqündən məhrum ola bilərəm. Oxuyub öyrənirəm ki, gələcəkdə yazım. Hətta mütləq yazmalıyam. İnsan gərək bildiklərini ötürsün. Bilmək önəmli deyil, paylaşmaq önəmlidir. Mən kitab yazmadığım üçün özümü yarımçıq hiss edirəm. Planlarım var. Uçuş effekti yarada bilən kitab yazacağam.
- Son olaraq insanlara oxumaqları üçün hansı kitabı məsləhət görürsünüz?
- Nəşr etdiyimiz bütün kitabları tövsiyə edirəm. Çünki onları satışa buraxmamışdan öncə şəxsən özüm oxuyuram. Mən xalqın ən aşağı təbəqəsindən gəlirəm. Bilirəm ki, bu kitablar bizim xalqa lazımdır. Özünüinkişaf kitabları cəmiyyətimiz üçün çox vacibdir. Müstəqil biznes qurmaq, danışıqlar aparmaq, dinləmək, söz demək bacarığı, özünü toparlamaq və s. hər mövzuda kitab var. Amma ilk növbədə şəxslərə həyat yollarında daha çox lazım olacaq kitablar oxumağı tövsiyə edirəm. İnsanlar tövsiyə edirəm ki, gündə ən azı 15 səhifə kitab oxusunlar. Ən böyük cinayət vaxtı boşa xərcləməkdir! Vaxtı dəyərli edən də elə kitablardır!
Xanlar Əlibəy
Medianews.az