Türkiyədə kafelərin birində baş verən dava zamanı 30 yaşlı kişi başından bıçaqlanıb
Türkiyədə kafelərin birində baş verən dava zamanı 30 yaşlı kişi başından bıçaqlanıb. ANS PRESS-in məlumatına görə, kafe işlədən 30 yaşlı Olkan Önar möcüzı nəticəsində sağ qalıb. O, kafedə olarkən, bir neçə nəfər orada səs-küy salıb. Kafe sahibi əvvəlcə həmin şəxslərə irad tutub və sakit olmalarını xahiş edib. Lakin həmin şəxslər Olkanı söyüblər. Aralarında yaranan mübahisə sonradan davaya keçib. Bu zaman həmin şəxslərdən biri bıçağı Olkanın başına, beyin nahiyyəsinə soxub.
Qanı axa-axa avtomobilinə minən Olkan Önar özünü təcili olaraq xəstəxanaya çatdırıb. Dərhal əməliyyat olunan Olkan Önarın həyatı xilas olunub. O, həmin anları xatırlayarkən, möcüzə nəticəsində ölmədiyini deyib.
“Mən həmin şəxslərə bir az tərbiyəli olmalarını xahiş etdim. Onlarsa mənə hücum etdilər. Məcbur olub, dalaşmağa başladım. Qəflətən gicgahımda küt ağrı hiss etdim. Əvvəlcə sadəcə nəyləsə vurulduğumu fikirləşdim. Lakin əlimi ora aparanda, başıma bıçaq girdiyini gördüm. Dərhal avtomobilə oturub, xəstəxanaya getdim. İçəri girəndən sonra huşumu itirdim. Sonrasını isə xatırlamıram”, - deyə Olkan Önar bildirb.