Tanınmış ictimai-siyasi xadim Hikmət Hacızadə mənə bir məktub yazıb. Məktubda İngiltərədə 1998-ci ildə olan qəribə, bir az da məzəli hadisədən bəhs olunurdu. Həmin vaxt orda bir futbol yarışı keçirilirmiş, hakim Melvin Silvestr qəfildən oyunçulardan birini yumruqlamağa başlayıb. Davamlı, güclü zərbələrdən sonra futbolçu yerə uzanıb. Silvestr isə özünə qırmızı vərəqə göstərərək stadionu tərk edib. Sonra hadisənin səbəblərini belə izah edib ki, həmin oyunçu məni bezdirmişdi, dəfələrlə məni itələmişdi, əsəblərim dözmədi. Amma futbol federasiyası təbii ki, Silvestrin öz-özünü cəzalandırmağını yetərli saymayıb, ona pul cəriməsi və uzun müddət hakimlikdən kənarlaşma cəzası verib.
Mən, əlbəttə, Hikmət bəyin bu faktı niyə mənə göndərdiyini, üstəlik, bundan yazı yazmağımın vacibliyini (məktubda bu da istənilirdi) anlamadım, cavab yazdım ki, futbolla maraqlanmıram. Cavab gəldi: “Axı bu tək futbol məsələsi deyil. Burda ilahi ədalət var, adam özünü cəzalandırıb!”. Mən yazdım: “Hikmət bəy, bu fakt bizə qəribə gələ bilər, ancaq özünüz məndən yaxşı bilirsiniz ki, İngiltərədə, o cümlədən inkişaf eləmiş Qərb ölkələrində belə vicdanlı insanlar minlərlə, milyonlarladır”. Bundan sonra Hikmət bəyin cavabı həm qoltuğuma yekə bir qarpız verdi, həm də məcbur oldum faktı yazım. Cavab belə idi: “Sən yazandan sonra bizdə də olacaq”.
Bəh-bəh… İndi təsəvvür edirəm ingiltərəli hakimin vicdanlı hərəkəti haqda bu yazımı oxuyan minlərlə azərbaycanlı necə özü-özünə qırmızı vərəqə göstərir… Bunların içində yalançı jurnalistlər, saxtakar müəllimlər, cibgir həkimlər, oğru polislər, quldur icra başçıları, harın nazirlər və sairə və ilaxır dəstə-dəstədir… Onlar kütləvi şəkildə ölkənin baş meydanına – altı simvolik şəkildə boşalıb qaraja çevrilən Azadlıq meydanına axışırlar, orda da qərar tutmayıb özlərini dənizə atırlar. Axı günahlar çox böyükdür, vərəqə ilə iş düzəlmir! Daha sonra isə məni gəlib tuturlar: əhalini intihara sövq etmə maddəsi ilə. Bu sizə lazımdırmı, Hikmət bəy? Mənə lazım deyil. İmkan verin, necə deyərlər, kasıbçılığımızı eləyək. Başımızı aşağı salıb dolanaq. Gör nə qədər gözəl deyilib: başını aşağı sal!
Qərb sivilizasiyası bizi anlaya bilməz, necə ki, biz onları anlamırıq. Hərənin öz inkişaf yolu vardır. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ərəb sivilizasiyası Firəng sivilizasiyasından daha doğmadır bizə. “Dövlətdə dəvə, övladda nəvə” ata sözü də belənçik yaranmışdır. Ümumiyyətlə, özümüzü niyə yoruruq? Bax, mən qonorar almaq üçün bunu yazıb özümü yoruram, bəs sizin xeyriniz nədir, əziz oxucu? Oxumaq, xüsusən də qəzet oxumaq sizə nə verir? Hərdən bu haqda düşünün. Ölməz Üzeyir bəyin felyetonundakı azərbaycanlı ilə firəngin (o vaxt camaatımız bütün avropalılara firəng – yəni fransız deyirdi, “frank” sözünün əyiş-üyüşündən qayırmışdılar, bu da maraqlı simvoldur – Z.H.) söhbəti yadınıza gəlirmi? Orda firəng azərbaycanlının qəzetinin tirajının az olmasına sataşırdı, azərbaycanlı da cavabında deyirdi: “Nə olsun, siz də qurbağa yeyirsiniz!”
Yeri gəlmişkən, Fransada qurbağa yemək hazırda o qədər də ucuz ləzzət sayılmır. Hər kəs yeyə bilmir. Bəlkə Üzeyir bəyin zamanında ucuz imiş? Bəlkə ona yanlış məlumat veriblər?
Yazını isə oxucumuz Elnur Allahverdiyevin çoxdan poçtumda yatan məktubu ilə bitirmək istəyirəm. Kim bilir, bəlkə bunu dərc edən kimi Hikmət bəyin dediyi tərəqqi baş tutacaq: “Sizə bir sualım var. Sizcə, bizim xalq Allahdan çox qorxur, yoxsa YAP hakimiyyətindən? Buna aid yazı yazsanız maraqlı olar. Bu sualı düşünməyimin səbəbi var. Ateistlər tanrını tənqid edirlər, amma hakimiyyətlə işləri yoxdur. Məndə belə fikir formalaşır ki, Allahın təcridxanası olsaydı onun haqqında tənqidi yazılar yazanlar çox az olardı. Yeri gəlmişkən, mən də dinlərə inanmıram”.
Məncə, bizim xalq heç kimdən qorxmur, çünki iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.