Britaniyanın “Financial Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya-Ukrayna müharibəsi zamanı liderlik fəaliyyətinə görə “İlin adamı” elan edib.
Fevral ayında müharibə başlamazdan əvvəl Zelenskinin bir çox ukraynalı tərəfindən “həvəskar” kimi qələmə verildiyini ifadə edən Financial Times, “Zelenskinin işğal zamanı fövqəladə liderliyi və cəsarəti ilə tarix səhifələrinə damğasını vurduğunu” bildirib.
“Financial Times” həmçinin Zelenskinin “insani və təvazökar olduğunu” qeyd edərək, onu “Kremldə gizlənən Vladimir Putinin antitezisi” kimi xarakterizə edib.
Mükafatla bağlı mətndə Zelenskinin Qərbdən dəstək almaq üçün sosial mediadan, Uinston Çörçillin isə İkinci Dünya Müharibəsi zamanı radiodan istifadə etdiyi bildirilib.
“Financial Times” “Zelenskinin Ukrayna xalqının Rusiya təcavüzünə qarşı müqavimətində cəsarət və dözümlülüyünü təcəssüm etdirdiyini” qiymətləndirərək yazıb: “Avtoritarizm 21-ci əsrin istiqamətini müəyyən etmək iqtidarında görünsə də, Zelenski liberal siyasət üçün standart təyinatçıya çevrilib.”