Fevralın 24-dən Ukraynanı işğal edən Rusiyanın Ukrayna taxılını ələ keçirməsi ilə bağlı iddialar müzakirə edilərkən, diqqətçəkən bir yenilik baş verib.
Medianews.az xəbər verir ki, ötən həftə Ukraynanın Türkiyəyə “Ukrayna taxılını daşıyan Rusiya gəmilərini ələ keçirin” çağırışından sonra Rusiya bayrağı altında üzən “Jibek Zholı” gəmisi Sakaryanın Karasu dənizinə gəlib. Taxıl yüklü gəmi bu gün səhər saatlarında mövqe ötürücüsünü söndürərək bölgəni tərk etdiyi üçün bu hadisə Ukraynanın reaksiyasına səbəb olub.
Ukrayna Karasu lövbər bölgəsində saxlanılan gəminin oğurlanmış taxıl daşıdığını iddia edərək, Türkiyədən gəminin ələ keçirilməsini tələb edib.
Məlumatda bildirilir ki, 4 min ton buğda yüklü 140 metr uzunluğunda və 17 metr enində gəmi iyulun 1-dən etibarən Karasu sahillərində 2 kilometr kənarda gözləyib. “Jibek Zholy” gəmisi bu gün səhər saatlarında yerləşdiyi yerin ötürücüsünü söndürərək Qara dənizə açılıb. Yükünü boşaltmadan limandan çıxan gəminin Rusiyaya geri döndüyü iddia edilir.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün açıqlama verib. Nazirlikdən verilən açıqlamada Türkiyənin Ukraynadakı səfirinin nazirliyə dəvət edildiyi bildirilib.
Leyla, Medianews.az