“Dəhşətli fotodur. Paşinyanın “Cıdır düzü”ndə yallı getməsi bunun yanında elə yallı getmək qədər yüngül bir işdir. İnanın. İnsanı da işğal edirlər, onun da üstündə bax beləcə yallı gedirlər. Vətəni bir gün azad eləmək mümkün olur, işğal olunan insan isə bir daha heç vaxt geri qayıtmır. Biz buna layiq deyildik. Qiyamət günü Tanrı bu lənət üçün heç bir səbəb tapa bilməyəcək. Özü özünü cəzalandıracaq. Cəhənnəmə özü özünü göndərəcək”.
Medianews.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında yazıçı Şərif Ağayar AYB sədri Anar Rzayev və Yazıçılar Birliyinə yeni üzv olmuş yazıçı, telejurnalist Həmid Hərisçi haqqında yazıb.
Şərif Ağayarın həmkarlarını sərt şəkildə tənqidi digər yazıçılar tərəfindən dəstəklənib və bununla bağlı paylaşımlar edilib. İzləyicilər və yazıçılar Həmid Hərisçinin AYB-yə üzv olmağını qınaq atəşinə tutublar. Sözügedən paylaşımda AYB sədri və Həmid Hərisçinin yanaşı dayandıqları foto və birliyə üzv olması haqda sənəd görünür.
Referans.az tənqidi fikirlərin nədən qaynaqlandığını öyrənməkçün telejurnalist Həmid Hərisçi ilə əlaqə saxlayıb.
Sayta verdiyi açıqlamasında Həmid Hərisçi şənbə günü “Ədəbiyyat” qəzetində dərc ediləcək materiallarda tənqidlərə və suallara aydınlıq gətiriləcəyini deyib:
“Həmin yazıda AYB- də, özüm də haqqımda deyilən tənqidlərə aydınlıq gətirəcəyik. O yazıda hər şey əksini tapacaq. Başqa sözüm yoxdur”.