Təzəlikcə iqtisadçı ekspert Nazim Məmmədov sosial şəbəkədə bir elan verdi: bundan sonra kütləvi informasiya vasitələrinə rəyləri pulla verəcəyini bildirdi. Qısa yazsam, kim Məmmədovdan açıqlama istəsə ona bunun dəyərini ödəməli imiş.
Mən Nazim bəyin statusu altından bu mövqeyi bəyəndiyimi qeyd elədim, indi də həmin fikrimdə qalıram. İngilis məsəlində deyilən kimi, müftə pendir siçan tələsində olur. Məmmədov dövlət qurumunun işçisi deyil, xalqa müftə açıqlama vermək deyə bir öhdəliyi yoxdur. O cümlədən, bələdiyyə üzvü, QHT rəhbəri və sairə vəzifələr də daşımır – cəmiyyət qarşısında hansısa sosial öhdəliyi də yoxdur.
Yeri gəlmişkən, Məmmədov öz bəyanatında daha çox iqtidarın yaratdığı oyuncaq KİV-ləri nəzərdə tutduğunu, onların pulsuz ekspert rəyi istəməsindən bezdiyini vurğulamışdı, ancaq qəribədir ki, onu topa tutanlar daha çox müstəqil və müxalif media oldu. Açığı, yaraşmayan rəylər oxuduq. Biri yazdı ki, sən kimsən rəylərinə qiymət qoyursan, o biri yazdı yəqin ekspert özünü tutub və sairə.
Mən bu qalmaqalı izlədim, orada alt qatdakı mövqeni özüm üçün aydınlaşdırdım. Bu mövqe əslində bütün Azərbaycan cəmiyyəti üçün, ölkəmizdəki bütün sahələr üçün xarakterik olan pis mövqedir. İzah edim.
Adamlar Nazim Məmmədovu ona görə qınayırlar ki, adam haqqını tələb edir. Haqqını tələb eləmək Azərbaycanda qıcıq oyadır. Açıq deyirlər: “Axı sən kimsən?” Pul qazanmaq, bahalı maşın sürmək, istirahət eləmək hüququ yalnız hakimiyyətdəkilərə aid olanda təbii görünür. Sıramızdan biri bunu edəndə adamlar əcaib şəkildə havalanırlar.
Yoxlamaq üçün avtobusda siqaret çəkən sürücüyə etiraz edin. Sərnişinlər onu müdafiə edəcəklər. Bir dəfə bənzər etirazımı sürücü avtobusu saxlamaqla cavablandırdı. Dedi düşün hamınız, ta getmirəm. Camaat az qalırdı məni öldürsün.
Haqqını tələb edən insana “demaqoq”, “yazan”, “işverən” deyə aşağılayan, ləkələyən toplumda yaşayırıq. Biz pis yaşayırıqsa, sən də pis yaşa. Biz haqqımızı istəmədən susuruqsa, sən də sus. Danışarsan, ağa daha da qəzəblənər, çörəyimizi kəsər. Bir el məsəlində deyilən kimi: “İmkan ver kasıbçılığımızı eləyək”. Kölə təfəkkürüdür.
Uzun sözün qısası, Nazim Məmmədovun canını hələ yaxşı qurtardığını deyə bilərik. Çünki onu qonorar istəyinə görə Qarabağın işğalında da suçlayardılar.
Yazımın başlığını Miloş Formanın “Xalq Larri Flintə qarşı” filmindən götürmüşəm və güman edirəm Nazim bəy müqayisəyə görə inciməz.
Sonda bir oxucu məktubu:
“Mən çoxdan Avropada yaşayıram, buranın vətəndaşlığını almışam. Əslən Azərbaycandan olanlar üçün öz vətənimizə gəlmək, viza almaq problemlidir. Burada yaşayan keçmiş sovet respublikalarından olan insanlar deyir ki, məsələn, gürcü, rus və ya qazax millətindən olan bir Avropa vətəndaşı Gürcüstana, Rusiyaya, Özbəkistana, Qazaxıstana vizasız daxil ola bilir. Təkcə Azərbaycan öz soydaşlarından viza tələb edir və bu vizanı min bir problemlə verir. Təzəlikcə Azərbaycan vizası alıb bir xəstə yaxınımı Türkiyəyə müalicəyə apardım. Sərhəddə baxdım ki, xəstəni müalicədən qaytaranda vizamın müddəti bitmiş olacaq, sərhədçidən soruşdum qayıdanda burda – hava limanında yeni viza ala bilərəmmi. Dedilər yox, gərək təzədən Avropaya gedib ordakı səfirlikdən viza alasınız. Azərbaycan sərhədində viza yalnız iki dövlətin vətəndaşlarına – Türkiyə və İsrail vətəndaşlarına verilirmiş. Dəhşətə gəldim.
Mən öz vətənimə vizasız gəlmək üçün İsrail vətəndaşlığını qəbul eləməliyəm? Yeri gəlmişkən, pasportumla Amerikaya, Avropanın bütün dövlətlərinə, həmçinin keçmiş SSRİ respublikalarına vizasız gedə bilirəm. Yalnız Azərbaycan məndən viza istəyir. Bu nə biabırçılıqdır? Belə dövlət, hakimiyyət olarmı?”
Doğrusu, məktubda qaldırılan məsələ nə qədər aktualdır, bilmirəm. Hər halda adamın adını yazmıram, yoxsa vətənə heç viza ilə də buraxmazlar. Çünki bu da Nazim Məmmədovun bənzəridir – haqq tələb eləyir.