Eldar Namazov: “Qurumun belə bir mexanizmi yoxdur”
ACP lideri, eks-spiker Rəsul Quliyevlə həmin partiyanın sədri Sülhəddin Əkbər arasındakı sensasion telefon söhbətinin yayılması qalmaqallara səbəb olub. Medianews.az-ın sentyabrın 25-də yaydığı xəbərdə bildirilirdi ki, R.Quliyev telefon söhbətində Milli Şuranın liderlərini aşağılayan ifadələr işlətdiyi üçün onun Milli Şuradan xaric edilməsi haqda təkliflər səslənib. Bununla bağlı həmçinin facebook-da da xəbərlər yayılmışdı.
“Medianews”in araşdırması nəticəsində məlum olub ki, qurumun rəhbər şəxsləri arasında gedən qeyri-rəsmi söhbətlərdə bu məsələ ətrafında müzakirələr olsa da belə bir qərar qəbul edilməyib. Belə bir qərarı yalnız Milli Şuranın sessiyası verə bilər. Ehtimal olunur ki, Milli Şuranın növbəti sessiyası bu məsələyə münasibət bildirəcək.
Milli Şuranın təmsilçisi, Müsavat başqanının müavini Gülağa Aslanlı dedi ki, Milli Şuranın belə bir qərarının olmasından məlumatsızdır: “Mənim bu haqda heç bir məlumatım yoxdur. Mən əsasən seçki işləri ilə məşğulam deyə digər proseslərdən məlumatım az olur”.
Ayrıca olaraq Müsavat Partiyasında Rəsul Quliyevlə bağlı hər hansı bir müzakirənin gedib getməməsinə gəlincə, G.Aslanlı “hər halda, mənim iştirak etdiyim toplantılarda belə müzakirə olmayıb. Əgər mənim iştirakım olmayan tədbirdə bununla bağlı danışılıbsa, bu haqda da məlumatsızam”.
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov “Yeni Müsavat”a verdiyi açıqlamada Milli Şuranın Rəsul Quliyevi qurumdan kənarlaşdırması barədə xəbəri təkzib etdi: “Milli Şuranın son sessiyasi bir neçə gün öncə olub. Sentyabrın 24-də isə Seçki Strategiyası Mərkəzinin iclası olub. Heç bir tədbirdə Rəsul Quliyevlə bağlı müzakirə olmayıb. Digər tərəfdən, üzvlərin Milli Şuradan uzaqlaşdırılması ilə bağlı mexanizm də yoxdur. Həmçinin Rəsul Quliyev özü də bu cür telefon danışığı olmadığını, səsinin montaj edildiyini açıqlayıb. Ancaq mən də baxıram ki, Rəsul Quliyevin Milli Şuradan çıxarılması haqda informasiyalar yayılmaqdadır. Ola bilər ki, onun adına çıxılan telefon danışığından kimlərsə narazıdırlar, yaxud da kimsə haradasa, qeyri-rəsmi şəkildə onun Milli Şuradan uzaqlaşdırılması haqda danışıb, bu şayiələr də oradan qaynaqlanıb. Fakt isə ondan ibarətdir ki, belə bir hal yoxdur”.
“Rəsul Quliyevin Milli Şuradan xaric edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan informasiya həqiqətəuyğun məlumat deyil”. Bunu isə avropa.info-ya açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, bugünlərdə ümumiyyətlə Milli Şuranın toplantısı keçirilməyib ki, bu məsələyə də baxılsın. “Bunu yayanlar növbəti təxribata əl atıblar və Milli Şurada qarşıdurma yaratmaq istəyirlər. Bir də ki, Rəsul Quliyev özünü müdafiə etməyi bacaran adamdır və o, telefon danışığı ilə bağlı verdiyi açıqlamada deyib ki, bu montajdır. Qaldı ki, kiminsə Milli Şuradan çıxarılmasına, bunun üçün qurumun sessiyasının keçirilməsi vacibdir və burada da məsələlər konsensus yolu ilə həll olunur. Belə bir nə iclas olub, nə də sessiya keçirilib. Odur ki, bu da növbəti bir yalandır. Vəssalam” – deyə, o qeyd edib.