Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” adlı veriliş hazırlanıb.
Medianews.az xəbər verir ki, verilişdə Ağbaba mahalının adət-ənənələri, toy mərasimləri, inancları, geyim və xalçaçılığı, folkloru, irsi, yaşam tərzi, deyim və duyumları, ağız ədəbiyyatı araşdırılıb.
Bildirilib ki, Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşir, qoruyucu Təndir əyəsi inancının əlamətlərinə görə gəlin toy günü təndirin başına dolanıb, təndir əyəsindən izn istəyir. Gəlin gərdəyində, geyimində, eləcə də xalçada olan damğalar sanki qoruyucu rolu oynayır. Gəlin geyiminin formasında qurd ağzı element olur. Bunun mənası odur ki, gəlin geyiminin ətəyi qurd ağzı biçimində olmasa, onun xoşbəxt olma ehtimalı azalır.
Verilişdə Ağbaba və Şörəyel elinin birgə yaratdığı Amasiya türk gələnəyi, oğuz-türk yaşam tərzini, adətini və deyimlərini qoruyan oğuz türklərinin adətləri, Amasiyada, Ağbaba, Şörəyeldə ağız ədəbiyyatını yaşadılması, türk adətləri, deyimləri və duyumları ilə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.
Sonda folklorşünas Tacir Səmimi Ağbaba türklərinin qəribə türkü və nəğmələrinin sirli mənasından, Qafqaz və Anadolu adətlərini ilə yoğrulmuş Ağbaba folklorundan, burada yaşayan türklərin parçalanmış taleyi və böyük mədəni irsindən söz açır.