Son günlər uşaqlar arasında yayılan xəstəlik narahatlıq doğurur. Enməyən yüksək hərarət, öskürək, qusma kimi hallar uşaqlarda günlərlə davam edir.
Bəziləri iddia edir ki, bu, virusun yeni ştammıdır. Bəs görəsən vəziyyətin belə olduğu halda ön tədbirlərimiz, xüsusən də uşaqlarla bağlı profilaktika nə olmalıdır? Mövzu ilə bağlı pediatr-allerqoloq İlahə Həsənli Medianews.az-a danışıb.
Sözügedən müsahibəni təqdim edirik:
Pediatr-allerqoloq kimdir və hansı xəstəliklərlə müalicə edir?
– Pediatr-allerqoloq, həm pediatr kimi bütün uşaq xəstəliklərini, həm də allerqoloq kimi bütün allergik xəstəlikləri, bir sözlə hər iki qrupda uşaqlara aid olan bütün allergik xəstəlikləri müalicə edir.
Uşaq xəstəliklərinə qanazlığı, animiya, vitamin əskikliyi, inkişaf pozuntuları, infeksion xəstəliklər aiddir. Allergik xəstəliklərə isə övrə, ekzema, atopik dermatit, rinit, allergik bronxit, qida allergiyası, astma kimi xəstəliklər aiddir.
– Son zamanlar uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri allergik rinitdir. Bu xəstəliyin hansı fəsadları ilə üzləşə bilərik?
– Allergik rinit xəstəliyini çox zaman allergiya ilə səhv salırlar. Bu xəstəliyi qrip əlaməti, soyuqdəymə, burun tutulması kimi anlayırlar. Bunu aradan qaldırmaq üçün valideynlər apteklərə üz tutaraq müxtəlif damar büzüşdürücü spreylər alırlar. Dərmanların istifadəsindən sonra həqiqətən də burun açılır və uşaq rahat nəfəs ala bilir. Amma bunu da nəzərə almaq lazımdır ki, dərmanların düzənsiz, kontrolsuz və həkim nəzarəti olmadan, səhv dozalarla istifadəsi ciddi problemlərə yol açılır. Beləcə də illər keçir və uşaq daim allergenlə kontaktda olur. Bununla yanaşı boğulmalar, iştah pozuntuları da yaranır və o zaman xəstəliyin allergik rinit olduğu ortaya çıxır.
Allergik rinit xəstəliyinin əsas səbəbi uşaqların normal nəfəs ala bilməməyidir. Əgər uşaq burunla nəfəs ala bilmirsə, beyin yetəri miqdarda oksigenlə qidalanmır. Beyin sinir hüceyrələrindən ibarət olduğu üçün ora kifayət qədər oksigen getmədiyi zaman uşaqlarda xroniki yorğunluq sindromu, diqqət əskikliyi, yaddaş zəifliyi, baş ağrıları baş verəcək. Hətta bəzən əsəbilik və aqressivliyə qədər gətirib çıxarır. Daha körpə yaşda uşaqlarda isə xəstəlik iştah pozuntusuna yol açır. Burunla normal nəfəs ala bilmədiyi üçün yemək yeyəndə daha ciddi boğulmalar, nəfəs tıxanıqları ilə üzləşir. Allergik rinitin fəsadları yalnız bunlardan ibarət deyil. Ən çox qorxduğumuz fəsadlardan biri allergik astma və burunda poliplərin yaranmasıdır. Ona görə yaşından asılı olmayaraq polipdən əziyyət çəkən bütün xəstələri lor həkimləri ilə bərabər dəyərləndiririk ki, poliplərin miqdarını, ölçüsünü biləndən sonra müalicə və yaxud əməliyyatların taktikasını müəyyən edə bilək.
– Allergiya sağalan xəstəlikdirmi?
– Allergiya xroniki xəstəliklər siyahısına daxildir. Əslində biz allergiyanı xəstəlik yox, immun sisteminin özünü qoruması adlandırırıq. Orqanizmin immun sistemi o qədər həssas olur ki, ətrafda olan normalda zərər verməyəcək kənar qıcıqlandırıcı faktorları özünə zərərliymiş kimi qəbul edərək reaksiya verir.
Bu suala isə həm xeyr, həm də bəli cavabını verəcəm. Çünki qida allergiyası əsasən körpələrdə rast gəlinir. Düzgün şəkildə diaqnoz qoyulduğu, dəqiq şəkildə uşağın hansı qidalara qarşı allergiyası olduğunu müəyyən edən zaman həmin qidaları rasiondan çıxarırıq. Bundan sonra qida allergiyası 3-6 ay ərzində pəhriz saxlamaq şərtiylə keçir. Normalda 3-5 yaşa qədər qida allergiyası gözlənilir. Amma bu yaş silsiləsindən sonra çox nadir hallarda qida allergiyasına rast gəlirik. Bu zaman da allergiya ən çox fıstıq, bal, dəniz məhsullarına qarşı olur və ömürlük davam edir. Təəssüf ki, bunun hər hansısa bir müaəlicəsi yoxdur.
Qida allergiyasından qorunmaq asandır. Allergiyaya səbəb olacaq qidalardan uzaq dururuq və bu fəsad yaratmır. Həmin qidaları qəbul etdiyimiz zaman fəsad yaranır.
Lakin tozlarla bağlı olan allergenlər daha fərqli olur. Burada gedişat tamamən fərqlidir. Tozlarla bağlı olan allergenlər adətən 1 yaşdan sonra təyin edilir. Bəzi allergənləri immunoterapiya ilə müalicə etmək mümkündür. Amma bəziləri var ki, məsələn, aspergillus fumigatus xəstəliyini heç bir şəkildə imunnoterapiya ilə müalicə etmək mümkün deyil. Hələ onun müalicəsi üçün lazım olan dərman preparatı dünyada yoxdur. Bəs xəstəlikdən qorunmaq üçün nə etməliyik? Yaşayış yerimizi dəyişdirməliyik və yaxud ev yenidən təmir olunmalıdır. Daim evi təmizləməliyik, evdə kif göbələyinə aid heç bir şey qalmamalıdır.
Allergiya tamamən keçmir. Müalicələr apardıqdan sonra klinika sıfırlanır. Klinikanın sıfırlanması isə 10-15 il davam edir. Bu müddətdən sonra klinikanın təkrarlanması ola bilər. Əgər təkrarlanarsa, təkrardan immunoterapiya ilə 10-15 il daha uzatmaq olar.
– Əgər ana allergikdirsə, bətnində olan övladına bunu ötürə bilərmi?
– Əgər ana allergiyadan əziyyət çəkirsə, biz onun bətnində olan övladını allergiyadan qoruya bilmirik. Bir qisim alimlər bunun genetik olduğunu deyirlər. 90% hallarda bununla üzləşirik ki, atada, anada, gendə və yaxud 1-ci dərəcəli qohumda allergiya varsa, uşaq da allergik şəkildə dünyaya gəlir. Amma bəzən elə hallar da olur ki, ata və yaxud ana allergik deyil, hamiməlik normal keçib, uşaq vaxtında, normal çəkiylə dünyaya gəlib. Lakin 2-3 aydan sonra allergiya problemiylə üzləşirlər. Bu da onu göstərir ki, allergiyanın etiologiyasının səbəbi yoxdur.
– Son günlərdə uşaqlarda ən çox hansı xəstəliklərə rast gəlinir?
– Son günlərdə uşaqlarda ən çox mövsümi xəstəliklərə, əsasən influenza və onun ştamlarına rast gəlirik. Əslində influenza virusuna illər boyu rast gəlmişik. İnfluenza virusu qrip xəstəliyinin törədicisidir. Kəskin respirator xəstəliklərin və respirator sinsitial xəstəliklərinin törədicilərinə aiddir. İnfluenza virusuna nəyə görə axır zamanlar daha çox rast gəlirik? Bunun səbəbi viral xəstəliklərin ard-arda gəlməyidir. Bu viral xəstəliklərin törədicilərin içində də ən böyüyü, ən qorxduğumuz influenza virusudur. Covid dönəmində 2 ildən artıq karantin rejimində olduq. Uzun müddət stiril qaldıq, evdən çıxmadığımız günlər oldu, daim tibbi maskadan istifadə etdik. Bir növ immun sistemimiz xəstəliklərdən uzaq olduğu üçün təmbəlləşdi. Həmçinin virusların özü də mutasiyaya uğradılar. Yoluxma sayı artdıqca viruslar mutasiyaya uğrayanda zəifləməyə doğru gedirlər, amma yoluxma sayı azaldıqca virus təkbaşına qalır və bu zaman daha ağır getməyə başlayır. Karantin rejimindən sonra əvvəlki kimi özümüzə nəzarət etmirik, gigiyenik qaydalara riayət etmirik. Bu səbəbdən influenza virusuyla yenidən konktakta girdik. Təmbəlləşmiş immun sistemi də daha ağır reaksiyalar verməyə başladı.
İnfluenzadan başqa ilk dəfə İngiltərədə yayılan streptokok A və B xəstəliyinə də rast gəlinir. Streptokok infeksiyasının özünün klinik əlamətləri var. Yüksək hərarət, qızdırma, boğaz ağrısı, əzələ ağrısı xəstəliyin əlamətləridir.
– Analara nə demək istəyərdiniz?
– Uşaqlar dünyaya gəldiyi zaman anaları ilə tamamlanırlar. Buna görə də analara onu demək istəyirəm ki, birinci özünüzü sevin. Uşaqlar analarının gözlərinin içinə baxır. Əgər ana xoşbəxtdirsə, övlad da xoşbəxtdir. Ana sağlamdırsa, övlad da sağlamdır. Ana sağlam düşüncəlidirsə, övlad da sağlam düşüncəlidir. Ana xəstədirsə, yarımdırsa övlad da elədir. İkinci isə uşaqlar mütləq şəkildə vaksinasiya, peyvənd olunmalıdır. Həkimlərin məsləhəti nədirsə, valideynlər ona riayət etməlidirlər. Uşaqların qidalarına xüsusi diqqət etməlidirlər. Maksimum şəkildə sağlam qidalandırmalıdırlar. Övladlarına daha çox zaman ayırsınlar, daha çox xoşbəxt olsunlar.
Nəzrin Vüsal
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” mövzusunda hazırlanıb.