Vətən müharibəsindən 2-il keçməsinə baxmayaraq, bu mövzuda filmlərimiz yox dərəcəsindədir. Bəs görəsən, xalqımızın 30-illik həsrətinə 44 gündə son qoyan bu qəhrəmanlıq dastanını yazan, şərəf və ləyaqətimizi ucaldan igidlərin qəhrəmanlığından, eləcə də bayrağımızın dalğalanması üçün canın qurban verən şəhidlərimizin döyüş yolundan, şəhidlik zirvəsindən bəhs edən irihəcimli filmlər nə zanan çəkiləcək?
Mövzu ilə bağlı Medianews.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudov qeyd etdi ki, əvvəllər müharibə ilə bağlı irihəcmli və real hadisələri özündə əks etdirən əsərlər yazılıb: “Biz də o əsərləri lentə alıb, televiziya ekranlarına gətirirdik. Kino tək insan işi deyil. Mən şair-yazıçı deyiləm ki, poemalar hazırlayım, filmlər çəkim. Kino elədir ki, burada müxtəlif sahənin adamları iştirak edir. Bu sahəsinin inkişafı ilk növbədə maddi təminata bağlıdır. Müharibə mövzusunda film çəkmək üçün ən azından o toplar, tüfənglər, döyüş səhnəsi qurulmalıdır. Bunu təşkil edəcək mütəxəssislər, yüksək səviyyədə avadanlıqlar olmalıdır. Keyfiyyətli iş əldə etmək üçün güclü sərmayə lazımdır, bu, danılmaz faktdır”.
Xalq artisti bildirib ki, Azərbaycan kinosunun sonunu yaxşı görmür: “Bütün çıxışlarımda bunu qeyd edirəm. Lazımsız yerlərə milyonlarla vəsait ayrılır, niyə kino sahəsinə diqqət yetirilmir? 200 ildən çoxdur ki, məhz ideoloji müharibədə ideologiyanın əsas mənbəyi kino və televiziyadır. Mən bunu vurğulamaq istəyirəm ki, bugünkü ideologiyamızın ləng işləməsi Azərbaycan diasporalarından asılıdır. Dünyanı bizə qarşı qoyan məhz ermənilərin yalançı alimlərinin, tarixçilərinin ideologiyalarıdır. Ermənilər yalançı varlıqlarını bütün dünyanı inandırıb. Biz isə haqq işimizi icazəli şəkildə aparırıq, bunların hər birinin günahkarı bizim diasporalarımızdır. İdeologiyaların ən vacibi, əhəmiyyətlisi, möhtəşəmi kinodur. Baxıram xarici ölkə filmlərinə – Türkiyə, Qırğızıstan, pribaltika və digər ölkələr kinolarını nə səviyyədə yaşadırlar. Bizim film sektorunda hansı işlər görülüb? Hanı indi Qaçaq Nəbi, Axırıncı Aşırım? O filmləri də biz çəkib ərsəyə gətirmişik. Hələ sovet hakimiyyəti dövründə normal film çəkə bilmirdik, o zamanlar Qaçaq Nəbi filminin içərisindən ermənilərlə bağlı bir neçə parça çıxarılıb, amma İranla bağlı olan epizodu saxladıq. Biz o filmləri böyük əziyyətlərlə ortaya gətirmişik. İndi isə öz azadlıq şüarımızdan yaxşı bir film hazırlaya bilmirik. Bunun səbəbi də maddi vəsaitin azlığıdır. Cənab Prezident İlham Əliyev kino sənəti yaşasın deyə altı milyon manat maddi vəsait ayırıb, lakin bu, bizə gəlib çatmır. Bu vəsaitlə istənilən filmi çəkmək də olmur. Kino üçün ayrılan vəsait göndərilir Mədəniyyət Nazirliyi adı altında fəaliyyət göstərən ac bir təşkilata, onlar da hara lazımdır bu pulları bölüşdürür və kino üçün bu pulların bir qismi qalır, ya qalmır. O pulları özləri xərcləyir. Kinomuz da var, kino çəkənlərimiz də, istedadlı gənc aktyorlarımız da var. Lakin maddi vəsait yoxdur bu peşəkarlığı işiqlandıraq. Kino həm də böyük biznesdir, lakin bunu fikirləşmirlər. Böyük çətinliklərlə bir kitab əldə etmişəm – “Qan yaddaşımız – tarixi erməni yalanları”. 30 ilin tarixi faktlarını toplamışam. Bu kitabda dünya tarixindən faktlar var, ermənilərin necə terrorçu, təxribatçı riyakar bir millət olduğunu və onların heç bir tarixi əsaslarının olmadığını açıq -aşkar göstərir. Bunu filmə çəkməyə imkan vermirlər. Sovet dövründə çəkilən filmlərin sərmayəsi daha güclü idi, aktyorlar, işçi heyyəti yüksək əməkhaqqı alırdı. Hər studiyaya ehtiyacına uyğun pul ayrılırdı. İndi necədi, aktyorlar gedir kino çəkilişi üçün özəl təşkilatlarla, danışır, o da ya olur, ya olmur. Sovet dövründə aktyorların istirahəti, tibbi xidmətləri dövlət tərəfindən qarşılanırdı. Təəssüflə qeyd etmək istəyirəm ki, indi kino sənətinə əvvəlki kimi dəyər verilmir.”
Ayşən Azadova
Medianews.az