Adətən insanın xərclədiyi vəsaitlərin əsas hissəsi yemək və geyimə sərf olunur. Bu səbəbdən də dünya iqtisadiyyatında bu sahələrin inkişafına xüsusi diqqət yetirilir. Dünyanın bir sıra ölkələri geyim sənayesində mühüm uğurlar əldə edərək, öz məhsullarını hətta çoxsaylı xarici ölkələrə ixrac edir.
Azərbaycanda geyim sənayesi üzrə müəssisələr fəaliyyət göstərsə də, hələ də bu sahə axsamaqda davam edir. Xarici ölkələr bir yana, heç yerli əhali belə daxildə istehsal edilən geyim məhsullarına maraq göstərmir. Hətta daha cəsarətli şəkildə desək, keyfiyyətinə etibar etmir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Rəşad Həsənovun fikrincə, miqyas baxımından Azərbaycan bazarı rəqabətli, keyfiyyətli məhsul istehsalı üçün lazım olan həcmdə investisiyanın qoyulmasını iqtisadi cəhətdən qeyri-səmərəli edir:
“Müasir dövrdə insanlar geyim, dizayn və keyfiyyət kimi məsələlərə daha çox üstünlük verir. Digər tərəfdən, indi dünyanın istənilən ölkəsindən vətəndaş seçdiyi geyim əşyasını rahat şəkildə onlayn platformadan əldə edə bilər. Ona görə də bu bazara daxil olan şirkətlər istehsalı keyfiyyətli və müasir trendlərə uyğun qurmalıdır. Geyim sənayesinin inkişafında bu amil vacib faktordur. Azərbaycan bazarı isə bunun üçün miqyas baxımından qismən kiçik bazardır. Yəni miqyas baxımından Azərbaycan bazarı rəqabətli, keyfiyyətli məhsul istehsalı üçün lazım olan həcmdə deyil. Ona görə də investisiyanın qoyulmasını iqtisadi cəhətdən qeyri-səmərəli edir”.