“Təbii ki, bir müharibə veteranının özünü yandırması, faciəli şəkildə ölməsi gənclərin vətənpərvərlik ruhuna mənfi təsir göstərə bilər. Ümumilikdə, isə heç kim vətənini pula, vara-dövlətə, dünya malına görə sevmir. Azərbaycan xalqının gənclərinin, vətəndaşlarının torpaq sevgisi təmənnasızdır. Əgər yeni müharibə olsa, ən narazı qalan veteran belə silaha sarılıb döyüşə yollanacaq”.
Bu sözləri Medianews.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib. O qeyd edib ki, müharibə iştirakçılarına olan bəzi laqeyd hallara görə ruhdan düşənlər də az deyil:
“Məsələ burasındadır ki, bir mənfi münasibət min yaxşı hərəkəti örtür. Bu gün demək olmaz ki, bütün müharibə iştirakçıları, şəhid ailələri tam laqeydliklə üzləşir və dövlət onlar üçün heç nə etmir. On minlərlə şəhid ailə və müharibə iştirakçılarına dövlət tərəfindən qayğı göstərilib. Haradasa yaralanan 11 min müharibə veteranından 4-5 mininin az ya çox problemi var. Bir hissəsinin narazılığı işlə təminat, bir hissəsinin əlillklə bağlı imtina cavabı alması, az bir hissəsinin evlə təminat problemi, bir hissəsinin də aldığı müalicələrdən narazı qalmasıdır. Amma, bunlar hamısı həll oluna bilən məsələlərdir.
Yəni bu boyda Azərbaycan dövləti 4-5 min narazı şəxsin problemini həll etmək iqtidarında deyil? Əlbəttə, iqtidarındadır. Yenə də, laqeydlik, canyandırmama və problemlərin düzgün kordinasiya edilməməsi. İcra hakimiyyətləri yanında şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı şöbə yaradılıb. Onun heç bir xeyri yoxdur. Çünki nə səlahiyyəti, nə də resursları var. Statistika ilə məşğuldur.
Resursları, imkanları və dövlət siyasətini həyata keçirən vahid bir quruma ehtiyac var. Əks halda, bu cür davam edən narazılıqlar, intiharlar gənclərimizin vətənpərvərlik ruhuna pis yöndə təsir göstərəcək”.
Medianews.az