“Azərbaycan və Ermənistan arasında Brüssel görüşündən sonra Rusiya prezidenti V. Putinin N. Paşinyana zəngi, həmçinin S. Lavrovla A. Mirzoyanın Moskva görüşündə verilən mesajlar Kreml tərəfindən prosesin sabotaj edilməsinə hesablanıb”.
Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az saytına açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh danışıqlarının, sərhədlərin delimitasiya və demraksiyası üzrə komissiyanın yaradılmasına qarşıdır:
“Moskva çalışır ki, iki ölkə arasında birbaşa təmas olmasın və yalnız onun vasitəçiliyi ilə proses davam etsin. Bu da prosesin müddətsiz uzanmasına gətirib çıxarır. Bu reallıqla Azərbaycan razılaşmayacaq. Həmçinin Türkiyə də Rusiyanın davam edən nəticəsiz “vasitəçiliyini” qəbul etməyəcək.
Məhz Kreml Brüssel görüşündə əldə olunan razılaşmaların Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsində maraqlıdır. Ermənistana ciddi təzyiqlər edilərək, Azərbaycanla əldə olunan razılaşmaları yerinə yetirilməməsinə çalışır”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiyanın bu siyasəti effektli olmayacaq:
“Brüssel razılaşamlarının yerinə yetirilməməsi üçün Nikol Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək. Aprelin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli komissiya baş tutmasa, bu İrəvanın əleyhinə olacaq.
Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünü təşkil edə bilər. Ukrayna müharibəsi fonunda təzyiqlərlə üzləşən Rusiya rəhbərliyi üçün yeni bir proses başlayarsa, Ermənistana təzyiq edib sülh müqaviləsinin bağlanmasına töhfə verərsə, Cənubi Qafqazda öz imicini bərpa edə bilər. Amma, səhv xarici siyasət yürüdən ölkəni 19-cu əsr siyasəti ilə idarə edən Putindən bunu gözləmək sadəlövlük olar”.
Leyla
Medianews.az