“Ərzaq və su ehtiyatımız tükənmək üzrədir”
Ukraynada yaşayan soydaşımız, Ukrayna “Qafqaz” rəqs ansamblının, Qafqaz Milli Mədəniyyət Mərkəzinin Ukrayna üzrə rəhbəri Nicat Mirzəyev Kiyevdə yaşanan hadisələri Medianews.az-a şərh etdi. O, bildirdi ki, Kiyevdə vəziyyət çox acınacaqlı və gərgindir.
– Hazırda Ukraynada vəziyyət necədir?
– Təəssüflər olsun ki, müharibə burada çox canlar alır. Gün keçdikcə vəziyyət gərginləşir, müharibənin zamanı uzanır, insanların isə səbri tükənir. Hər gün yaşadığımız ərazilərə bombalar düşür. Təsəvvür edin ki, gözümüzün qarşısında yaşayış binları partladılır, bombalar atılır, dinc əhaliyə divan tutulur, qoca, yaşlı, cavan, uşaq demədən canlar alınır. Bu sadəcə dəhşətdir.
– İnsanlar özünümüdafiə üçün nə edirlər?
– Şəhərdən çıxış yolları bağlıdır. İnsanların yerlatı zirzəmilərə sığınmaqdan başqa çarəsi qalmayıb. Kiyevdə insanlar hər an qorxu içərisindədirlər. “Görəsən sabaha sağ çıxacağıqmı?”- deyə düşünürlər. Müharibənin nə zaman bitəcəyi ilə bağlı bir məlumat yoxdur. Hər kəs qorxu içindədir, “bomba bu dəfə kimin evinə düşəcək, növbə kimə çatacaq?”- deyə gözləyirlər. Qaçmaq üçün başqa yer də yoxdur. İndiyə qədər kim ölkədən çıxa bildisə çıxıb. Kimlər ki, müharibənin olacağına inanmırdı onlar qalıb, indi də çıxa bilmirlər. Şəhərdən çıxış yolları bağlıdır, yollarda diversantlar, quldurlar var, gedəni öldürürlər. İnsanlar şəhəri tərk edə bilmir. Təsəvvür edin ki, hər an ölüm qoruxusu ilə üz-üzə qalırsan, bir tərəfdən həyəcan, digər tərəfdən uşaqların səsləri bomba səslərinə qarışıb. Burdakı əhval-ruhiyyə insanları çox sıxır. Heç kim də bizə dəqiq məlumat demir ki, bu müharibə nə zaman bitəcək.
– Bəs, Ukraynada yaşayan azərbaycanlıların vəziyyəti necədir, onlar zamanında çıxa bilibmi?
– Çıxa bilənlər çıxdılar, amma indi də Kiyevdə kifayət qədər azərbaycan vətəndaşları var. Onlar da çıxa bilməyiblər, burada qalıblar. Vəziyyət çox gərgindir. Ümid edirik ki, tez zamanda müharibə bitər. Şəhərdə komendat saatı elan edilib. Küçərlə çıxmaq olmur. Ərzaq mağazaları bağlıdır, evlərdə ərzaqlar tükənib. İnsanlar yemək tapa bilmir. Su ehtiyatımız tükənmək üzrədir. Bilmirlər qida tapsınlar, yoxsa ölüm qorxusuna qalib gəlsinlər. Hər gün gözmüzün qarşısında bombalar partlayır, atəş səsləri uşaqları qorxudur.
– İnsanların o ərazilərdən təxliyəsi nəzərdə tutulmurmu?
– Polşada milyona yaxın Ukrayna qaçqınları var. Artıq Polşaya getmək çətindir. Onlar da insanları qəbul etmir, bunun üçün də Rumuniya, Moldovaya üz tuturlar. Onlar da yalnız qadınlar və uşaqları qəbul edirlər. Kişiləri Ukraynadan buraxmırlar, 18 yaşndan 60 yaşa qədər olan kişiləri səfərbərliyə dəvət edirlər.
– Vətəndaşların döyüş əzmi necə varmı?
– Əlbəttə var. Rusiya düşünürdü ki, ukraynalılar qorxacaq və tez təlsim olacaq, onlar bir günə burda olacaqlar. Rusiya ukraynalılara diz çökdürəcəyini düşünürdü, Ukrayna xalqı isə kürəklərini yerə vurmur, döyüşürlər. Volodimir Zelenski yüz mindən artıq yerli əhaliyə silah payladı ki, döşsünlər. Döyüşənlərin çoxu adi insanlardır. Hamı birləşib, vətənpərərlik ruhu ilə küçələrə axışıb. Nə ruslar öz dediyindən döner, nə də ukraynalılar. İnsanlar öz gücü ilə yaşamağa çalışırlar.
– Hazırda Ukraynadakı Azərbaycan diasporası sizinlə maraqlanırmı?
– Diasporamız çox fəaldır. Amma vəziyyət göz qabağındadır. Burdakı azərbaycanlılardan kimi müharibədə iştirak edir, kimisi də vətəndaşlara yardım edir. Azərbacanlılar humanitar yardım edir, əsgərlərə dərman göndərir, onlar üçün yemək bişirirlər, yəni əllərindən gələni etməyə çalışırlar.
-Səsiniz eşidənlərə nə demək istəyirsiniz?
-Ukrayna üçün hazırda hər saniyənin böyük bir hökmü var. Baş verə biləcəklərdən isə heç kim, hətta, hazırda Ukraynada olan həmvətənlərimiz də sığortalanmayıb. Narahtdırlar, olacaqlardan qorxur və kömək istəyirlər. Günlərdir metrodan sığınacaq kimi istifadə edən soydaşlarımızın tək arzusu sağlam şəkildə vətənə dönməkdir.
Ukraynanın müxtəlif şəhərlərində olan azərbaycanlı ailələr və tələbələrin köməyə ehtiyacı var.
Xəyalə Rəis
Medianews.az