Donald Trampın ABŞ prezidenti seçilməsi dünyada, öncəliklə də Qərbin özündə həqiqətən şok effekti yaratdı. Əsas səbəbi də şübhəsiz ki, onun seçkiöncəsi verdiyi və ABŞ-ın ənənəvi xarici siyasət kursu ilə üst-üstə düşməyən açıqlamaları, bir də böyük siyasətdə “piyada” olmasından dolayı bədbin gözləntilərdir.
Rəqibi Hillari Klintondan fərqli olaraq,Trampın Rusiya prezidenti Vladimir Putinə aşkar rəğbəti, Rusiya liderini hətta öz ölkəsinin legitim prezidenti Barak Obamadan üstün tutması, faktiki şəkildə Obamanı qonşu ölkələrə qarşı ilhaqçı siyasət yürüdən bir avtoritar ölkə başçısının ayağına verməsi də diqqətdən yayınmadı (Təsadüfi deyil ki, milyarderin qələbəsinə Trampvə tərəfdarlarından daha çox, Putin və Rusiya siyasətindəki qırğılar, Jirinovski sevinir).
Tramp bununla da kifayətlənməyərək, sanki Ukrayna və Suriya böhranlarını görməzlikdən gələrək, Putinlə dostluq və əməkdaşlıq mesajları verib. Bununla da ABŞ-ın adı çəkilən kritik məsələlərlə bağlı Vaşinqtonun siyasətində komplementarlıq prinsipini pozacağını anons edib. Çünki məntiqlə, Kreml ona qarşı sərt siyasət yürüdən Obama hökuməti önündə öz imperiya maraqlarından vaz keçməyibsə, zəif və Moskvaya loyal Trampın hakimiyyəti dönəmində heç vaz keçməyəcək.
Əksinə, istisna deyil ki, ABŞ-ın yeni administrasiyasının loyallığından və Tpamp hökumətinin diqqəti daha çox daxili siyasətə yönəltməsindən istifadə edən Rusiya xarici siyasətdə, yaxın qonşularına münasibətdə daha sərt xətt yürüdəcək, işğalçı kursu daha inamla davam etdirəcək.
Onu da unutmayaq ki, Tramp prezident seçiləcəyi təqdirdə Krımı Rusiya ərazisi kimi tanıya biləcəyinin anonsunu verib. Onun Ağ Evə sahiblənməsi ən əvvəl bu iki aspektdə Azərbaycan üçün önəm kəsb edir. Çünki Azərbaycan Rusiyanın “Yaxın xaric” saydığı ölkələr arasında ən vacib, hələ də Kremlin ram edə bilmədiyi ölkədir və bizim Qarabağ konfliktimiz var.
O zaman belə çıxmırmı ki, Krımı Rusiyanın iç məsələsi sayanABŞ-ın yeni prezidenti Qarabağ məsələsində də patronajlığı bütünlüklə Rusiyaya verəcək, yaxud Kremlin ilhaqçılıq siyasətinə dözümlü yanaşacaq, yəni ölkələrin ərazi bütövlüyü məsələsini tamamən qulaqardı edəcək?
Bir təhlükə də budur. Həm də ona görə ki, ABŞ-Rusiya ziddiyyətləri Bakıya hər halda Qarabağ məsələsində manevr eləmək baxımından əl verir. Rusiyanın məsələdə şəriksiz vasitəçilik əldə eləməsi isə ona münaqişəni istədiyi şəkildə həll etmək, yaxud etməmək, yəni olduğu kimi saxlamaq imkanı yaradır.
Sözsüz ki, Türkiyə amili də var. Ola bilsin, Qarabağ məsələsində Rusiya faktorunun güclənməsi avtomatik şəkildə Türkiyə amilinin də pozitiv rol oynamasına təkan verəcək. Hər necə olmasa, Ankara-Moskva barışığından sonra iki ölkə arasında münasibətlər yüksələn xətlə gedir və son vaxtlar Moskva rəsmiləri konfliktin həllində qardaş ölkənin pozitiv rol oynaya biləcəyini dəfələrlə vurğulayıblar.
Doğrudur, vədlər – ayrı, reallıq – ayrı. Fəqət, Trampın Jirinovski çaplı birisi olması da yaddan çıxarılmamalıdır. Başqa yandan, ABŞ-ın xarici siyasətinin tək prezident səviyyəsində müəyyənedilmədiyi də bəllidir. Ancaq prezident bu siyasətin başında duran şəxsdir və onun özündən az şey asılı deyil.
Bu mənada bir çox əcnəbi analitiklərin proqnozlaşdırdığı kimi, D.Trampın ABŞ dövlətinin başına gəlməsi qlobal siyasətə inqilabi dəyişikliklər vəd elədiyi kimi, konfliktli məsələlərin həllində də inqilabi situasiya yarada bilər. Bundan hansı ölkənin, liderin necə istifadə eləməsi və faydalanması isə ayrı məsələdir. Xüsusilə də Azərbaycan yanvardan – andiçmə mərasimindən sonra diqqətli olmaq zorundadır.
Bir şeyi kifayət qədər əminliklə söyləmək olar ki, Trapma qalan dünyada bir çox taleyüklü proseslər qat-qat sürətli gedəcək. Bunun bəşəriyyət üçün, qlobal sülh və universal dəyərlərin oturuşması üçün, dünya nizamı üçün, o sırada ölkələrin ərazi bütövlüyü kimi təməl prinsipin qorunması baxımından pis və ya yaxşı olduğunu isə zaman göstərəcək.
Bir nüansı da əlavə edək ki, milyarder-biznesmenlərdən uğurlu dövlət başçısının çıxması ilə bağlı praktik örnəklər faktiki, yoxdur. Ən isti nümunə kimi Ukrayna prezidenti Pyotr Poroşenkonu göstərmək olar. Milyarder Poroşenko 3 illik prezidentliyi dövründə ölkəni böhrandan çıxara, korrupsiyanın kökünü kəsə, iqtisadi islahatları gerçəkləşdirə, Donbas problemini yoluna qoya bilməyib. Biz hələ Krım məsələsini demirik…
Odur ki, bəlkə milyarderlər böyük siyasətlə deyil, elə bizneslə məşğul olsalar, daha yaxşıdır? Tpamp bu daşlaşmış qənaəti dəyişə biləcəkmi? İnanmaq çətindir.