Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına az qalıb.
XX böyük futbol forumuna qatılacaq komandaların iştirak ərizələri hələ tam hazır olmasa da əsas sütunlar bəllidir. Publika.az “Mundiala səyahət” layihəsi çərçivəsində qrupları təqdim edir. Bu dəfə C qrupundan söz açacağıq.
Favoriti bəlli olan müəmmalı kvartet
Çoxları Kolumbiya, Yunanıstan, Fil Dişi Sahili və Yaponiyadan ibarət kvartetin oyunlarının böyük maraq vəd etmədiyini düşünür. Ancaq nahaq…
Hər halda Falkao və Droqbanın adı kifayətdir ki, onların şərəfini qoruduğu komandaların oyununu izləmək üçün ekran qarşısında əyləşəsən.
Hələ asiyalıları demirik. Odur ki, C qrupunu indidən mənasız adlandırmayın. Baxarsınız, bu qrupda maraqlı mübarizə olacaq.
Mafiyanın təzyiqi
Komandaların son bir neçə il ərzində göstərdiyi nəticələrə, sahib olduqları oyunçulara diqqət yetirsək, Kolumbiya millisinin rəqiblərinə nisbətən üstün olduğunu söyləyə bilərik.
İlk dəfə 1962-ci ildə öz qitələrində (Cənubi Amerikada, Çilidə) keçirilən mundiala qatılmış kolumbiyalılar sonrakı illərdə üç dəfə bu uğura imza ata biliblər. 1990, 1994 və 1998-ci illərdə keçirilən dünya çempionatlarında ardıcıl olaraq iştirak edən Cənubi amerikalılar ən yaxşı göstəricilərini 24 il əvvəl – İtaliyadakı turnirdə 1/8 final mərhələsinə qədər irəliləməklə əldə etmişdi.
XXI əsrin ilk onilliyində mundialları kənardan izləyən Kolumbiya millisi sonuncu seçmə mərhələdə inamlı çıxış etdi. “Sarı-mavilər” KONMEBOL-da yalnız argentinalılardan geri qalaraq budəfəki dünya çempionatına birbaşa vəsiqə qazandılar.
Radamel Falkao, Ceyms Rodriges, Karlos Bakka, Cekson Martinez, Fernando Kuintero, Kristian Zapata və başqa futbolçulara sahib olan Kolumbiya millisi mundialın təhlükəli rəqiblərindən hesab edilir.
Bir neçə futbolçusunun Avropanın nəhəng klublarının diqqət mərkəzində olması isə komanda üçün əlavə motivasiya yaradan amillərdən biridir. Xose Pekermanın yetirmələrindən seçmə mərhələdə qazandıqları uğurun, sərgilədikləri oyunların Braziliyada davamını hər kəs gözləyir.
Kolumbiyalıların FİFA-nın sıralamasında dördüncü olması turnirdə iştirak edən bütün komandalar üçün xəbərdarlıqdır.
Xəbərdarlıqdan söz düşmüşkən hər kəsi təəssüfləndirəcək bir məqamı qeyd etməmək mümkün deyil. Kolumbiya mafiyası millinin oyunçularına dünya kubokunda tarixlərinin ən yaxşı nəticələrinə imza atmalı olduqlarını bildirib. Mafiozlar bəyan ediblər ki, bu, baş verməsə, oyunçuları ölüm gözləyir.
Maraq üçün qeyd edək ki, Kolumbiyada bu kimi hallar artıq adiləşib. 1994-cü ildə keçirilən mundialda ABŞ-la görüşdə avtoqol müəllifi olan Andres Eskobar turnirdən bir neçə gün sonra odlu silahla öldürülmüşdü. Sonrakı illərdə Alberiyo Usuryaqa, Elson Bekerra da mafiyanın növbəti qurbanlarına çevrilmişdilər.
Yunanların da atası üçdən deyib…
Yunanıstan millisi isə dünya çempionatında ən az təcrübəyə malik olan komandalardandır. İlk dəfə 1994-cü ildə ABŞ-da keçirilən dünya kubokunda iştirak edən yunanlar 2010-cu ildə CAR-a vəsiqə qazanmağa nail olmuşdular.
Hər iki halda komanda qrup mərhələsini aşa bilməmişdi. 2004-cü ilin Avropa çempionları mundialın qalibi ola biləcək gücdə deyillər. Hətta onların qrup mərhələsini keçmələri belə sual altındadır. 2010-cu ildən Yunanıstan millisinin baş məşqçisi postunda çalışan Fernando Santuş 2012-ci ildə baş tutan Avropa çempionatında olduğu kimi qrup mərhələsini adlayacaqlarına ümid edir.
Seçmə mərhələdə G qrupunda mübarizə aparan qədim Ellada təmsilçisi Bosniya və Herseqovina millisi ilə eyni xal toplamasına rəğmən şəxsi görüşlərin nəticəsinə görə ikinci pillədə məskunlaşmışdı. Pley-offda Rumıniya ilə qarşılaşan yunanlar iki oyunun nəticəsinə görə (3:1 və 1:1) rəqibini məğlub edərək dünya çempionatına vəsiqə qazandı.
Hər şeyə rəğmən braziliyalı mütəxəssisin ixtiyarında təcrübəli futbolçu qıtlığı var. Yunan klublarının əcnəbi futbolçulara üstünlük verməsi və legioner həyatı yaşayan oyunçuların bir çoxunun oyun praktikası baxımından çətinlik çəkməsi Santuşa ciddi problem yarada bilər.
Kostas Mitroğlu, Sokratis Papastatopulos və Georgios Karaqunis komandanın liderlərindən hesab edilirlər. 37 yaşlı Karaqunis üçün mundial karyerasındakı sonuncu böyük turnir, digər futbolçular üçün karyerlarında dönüş etmək baxımından yaxşı şans olacaq.
Təcrübəli fillər
Fil Dişi Sahili millisi tarixində üçüncü dəfə dünya çempionatında iştirak edəcək. DÇ-2006 və DÇ-2010-da mübarizəni qrup mərhələsində dayandıran afrikalılar bu dəfə daha yaxşı nəticəyə ümid edirlər.
Sabri Lyamuşinin başçılıq etdiyi komandada xeyli sayda təcrübəli futbolçunun olması afrikalıları sevindirməyə bilməz. Didye Droqba, Seydu Dumbiya, Jervinyo, Salomon Kalu və başqalarından ibarət hücum xəttini Romarik, Şeyk Tiyote, Didye Zokora və Yaya Ture kimi mərkəz oyunçuları topla təmin etməyə çalışacaq.
Müdafiə xəttinə isə Kolo Ture, Artur Boka, Konstant Cakpa, Bris Dedye kimi futbolçular nəzarət edəcək.
Artıq uzun müddətdir ki, bu heyətlə mübarizə aparan afrikalılar bu dəfə uğur qazanmaq niyyətindədir. Belə bir qrupda yer almaları isə onlara istəklərinə çatmaq üçün şərait yaradır.
Seçmə mərhələdə Mərakeş, Tanzaniya və Qambiya ilə eyni qrupda yer alan Lyamuşinin yetirmələri məğlubiyyət acısı dadmadan növbəti mərhələyə yüksəlib. Pley-offda Seneqal (3:1 və 1:1) səddini də aşan Fil Dişi Sahili dünya kubokuna qatılan beş “qara qitə” təmsilçisindən biridir.
Zakkeroninin samurayları döyüş əmri gözləyir
Son dörd mundialın daimi iştirakçılarından olan Yaponiya millisi bu dəfə də böyük futbol forumundan kənarda qalmayacaq.
İştirak etdiyi turnirlərin yalnız ikisində qrup mərhələsini adlamağa müvəffəq olan yaponlar hər iki cəhddə 1/8 final mərhələsinə qədər irəliləməyə nail olmuşdular. Son illərdə yapon futbolunda baş verən dəyişikliklər bu ölkədə idmanın şahına olan marağın artmasına səbəb olub.
Dördqat Asiya çempionu olan Yaponiyada son illər ərzində klubların büdcələri artırılıb. Bunun nəticəsində bir neçə ulduz futbolçu ölkə çempionatında iştirak etməyə başlayıb. Eyni zamanda legioner həyatı yaşayan futbolçuların sayında da artım müşahidə olunur. Məhz həmin oyunçular milli komandanın əsas heyətini təşkil edirlər.
Yuta Naqatomo, Maya Yoşida, Atsuto Uçida, Hiroki və Qotou Sakayo qardaşları müdafiə, Makoto Hasebe, Şindzi Kaqava, Keysuke Honda, Hayme Hosaqayi, Hiroşi Kiyotake isə yarımmüdaiə xəttində yer alacaq.
Alberto Zakkeronini narahat edən məqam isə hücum xəttinin zəif olmasıdır. Şindzi Okazaki və Takaşi Ynuyun vacib oyunlarda onlara bəslənən ümidləri doğrultmaması italyan mütəxəssisin Kaqavanı hücum xəttində oynatmasına səbəb olub.
Seçmə mərhələ oyunları zamanı ilk iki raunddan azad olan “samuraylar” üçüncü mərhələdə C qrupunda Tacikistan, Şimali Koreya və Özbəkistanla mübarizədə sonunculardan geri qalmasına rəğmən qrup ikincisi kimi növbəti mərhələyə adlaya bildi. Sonuncu mərhələdə isə Avstraliya, İraq, İordaniya və Omana aman verməyən Zakkeroninin yetirmələri dünya kubokuna birbaşa vəsiqə qazanmağa müvəffəq oldu.
C qrupu
Kolumbiya
Yunanıstan
Fil Dişi Sahili
Yaponiya
Təqvim
14 iyun
21:00 Kolumbiya-Yunanıstan (Belu-Orizonti)
06:00 Fil Dişi Sahili-Yaponiya (Resifi)
19 iyun
20:00 Kolumbiya-Fil Dişi Sahili (Braziliya)
03:00 Yaponiya-Yunanıstan (Natal)
25 iyun
01:00 Yaponiya-Kolumbiya (Kuyaba)
01:00 Yunanıstan-Fil Dişi Sahili (Fortaleza)
Kolumbiya
Qitə: Cənubi Amerika
FİFA reytinqi: 4
Baş məşqçi: Xose Nestor Pekerman
Yaranma ili: 1924
FİFA üzvü: 1936
Ölkə ərazisi: 1141748 kv.km
Əhalisi: 45,7 milyon nəfər
Paytaxtı: Boqota
DÇ-lərdə: 4 dəfə
Cənubi Amerika kubokunda: 19 dəfə
Qalib: 1 (2001)
Finalçı: 1 (1975)
Bütün dövrlərdə
Ən çox oyun keçirənlər: Karlos Valderrama (111), Leonel Alvares (101), Mario Yepes (97).
Ən çox qol vuranlar: Arnoldo İquaran (25), Faustino Asprilya (20), Radamel Falkao (19).
Cənubi Amerikada ilin oyunçusu: Karlos Valderrama (1987, 1993).
İndiki yığmada
Ən çox oyun keçirənlər: Mario Yepes (94), Luis Perea (73), Fərid Mondraqon (51).
Ən çox qol vuranlar: Radamel Falkao (19), Teofilo Qutyerres (11), Cekson Martines (8).
DÇ-2014. Seçmə tsikl
2011-ci il
11 oktyabr. Boliviya-Kolumbiya – 1:2
11 noyabr. Kolumbiya-Venesuela – 1:1
15 noyabr. Kolumbiya-Argentina – 1:2
2012-ci il
3 iyun. Peru-Kolumbiya – 0:1
10 iyun. Ekvador-Kolumbiya – 1:0
7 sentyabr. Kolumbiya-Uruqvay – 4:0
11 sentyabr. Çili-Kolumbiya – 1:3
12 oktyabr. Kolumbiya-Paraqvay – 2:0
2013-cü il
22 mart. Kolumbiya-Boliviya – 5:0
26 mart. Venesuela-Kolumbiya – 1:0
7 iyun. Argentina-Kolumbiya – 0:0
11 iyun. Kolumbiya-Peru – 2:0
6 sentyabr. Kolumbiya-Ekvador – 1:0
10 sentyabr. Uruqvay-Kolumbiya – 2:0
11 oktyabr. Kolumbiya-Çili – 3:3
15 oktyabr. Paraqvay-Kolumbiya – 1:2
Yunanıstan
Qitə: Avropa
FİFA reytinqi: 10
Baş məşqçi: Fernando Santuş
Yaranma ili: 1926
FİFA üzvü: 1927
Ölkə ərazisi: 131957 kv.km
Əhalisi: 10,8 milyon nəfər
Paytaxtı: Afina
DÇ-lərdə: 2 dəfə
AÇ-lərdə: 4 dəfə
Qalib: 1 (2004)
Bütün dövrlərdə
Ən çox oyun keçirənlər: Georgios Karaqunis (131), Teodoras Zaqorakis (120), Kostas Katsuranis (108).
Ən çox qol vuranlar: Nikos Anastopulos (29), Anqelos Xaristeas (25), Teofanis Gekas (24).
İndiki yığmada
Ən çox oyun keçirənlər: Georgios Karaqunis (131), Kostas Katsuranis (108), Dimitris Salpinqidis (72).
Ən çox qol vuranlar: Teofanis Gekas (24), Dimitris Salpinqidis (13), Georgios Karaqunis (10).
DÇ-2014. Seçmə tsikl
G qrupu
2012-ci il
7 sentyabr. Latviya-Yunanıstan – 1:2
11 sentyabr. Yunanıstan-Litva – 2:0
12 oktyabr. Yunanıstan-Bosniya və Herseqovina – 0:0
16 oktyabr. Slovakiya-Yunanıstan – 0:1
2013-cü il
22 mart. Bosniya və Herseqovina-Yunanıstan – 3:1
7 iyun. Litva-Yunanıstan – 0:1
6 sentyabr. Lixtenşteyn-Yunanıstan – 0:1
10 sentyabr. Yunanıstan-Latviya – 1:0
11 oktyabr. Yunanıstan-Slovakiya – 1:0
15 oktyabr. Yunanıstan-Lixtenşteyn – 2:0
Pley-off
15 noyabr. Yunanıstan-Rumıniya – 3:1
19 noyabr. Rumıniya-Yunanıstan – 1:1
Fil Dişi Sahili
Qitə: Afrika
FİFA reytinqi: 21
Baş məşqçi: Sabri Lyamuşi
Yaranma ili: 1960
FİFA üzvü: 1964
Ölkə ərazisi: 322460 kv.km
Əhalisi: 22 milyon nəfər
Paytaxtı: Abican
DÇ-lərdə: 2 dəfə
Afrika Millətlər Kuboku: 20 dəfə
Qalib: 1992
Bütün dövrlərdə
Ən çox oyun keçirənlər: Didye Zokora (115), Kolo Ture (106), Didye Droqba (98).
Ən çox qol vuranlar: Didye Droqba (62), İbraima Bakayoko (30), Salomon Kalu (21).
İndiki yığmada
Ən çox oyun keçirənlər: Didye Zokora (115), Kolo Ture (106), Didye Droqba (98).
Ən çox qol vuranlar: Didye Droqba (62), Salomon Kalu (21), Yaya Ture (16).
DÇ-2014. Seçmə tsikl
C qrupu
2012-ci il
3 iyun. Fil Dişi Sahili-Tanzaniya – 2:0
9 iyun. Mərakeş-Fil Dişi Sahili – 2:2
2013-cü il
23 mart. Fil Dişi Sahili-Qambiya – 3:0
8 iyun. Qambiya-Fil Dişi Sahili – 0:3
16 iyun. Tanzaniya-Fil Dişi Sahili – 2:4
7 sentyabr. Fil Dişi Sahili-Mərakeş – 1:1
Pley-off
12 oktyabr. Fil Dişi Sahili-Seneqal – 3:1
16 noyabr. Seneqal-Fil Dişi Sahili – 1:1
Yaponiya
Qitə: Asiya
FİFA reytinqi: 47
Baş məşqçi: Alberto Zakkeroni
Yaranma ili: 1921
FİFA üzvü: 1929
Ölkə ərazisi: 377944 kv.km
Əhalisi: 127 milyon nəfər
Paytaxtı: Tokio
DÇ-lərdə: 4 dəfə
Ən yaxşı nəticəsi: 1/8 final (2002, 2010)
Asiya kuboku: 7 dəfə
Qalib: 4 (1992, 2000, 2004, 2011)
Bütün dövrlərdə
Ən çox oyun keçirənlər: Yasuxito Endo (135), Masami İxara (122), Yosikatsu Kavaquti (116).
Ən çox qol vuranlar: Kunisiqe Kamamoto (80), Kazuyosi Miura (55), Xiromi Xara (38).
İndiki yığmada
Ən çox oyun keçirənlər: Yasuxito Endo (135), Yuiti Komano (78), Yasuyuki Konno (73).
Ən çox qol vuranlar: Sindzi Okazaki (35), Keysuke Honda (17), Şindzi Kaqava (15).
DÇ-2014. Seçmə tsikl
I qrup mərhələsi
C qrupu
2011-ci il
2 sentyabr. Yaponiya-KNDR – 1:0
6 sentyabr. Özbəkistan-Yaponiya – 1:1
11 oktyabr. Yaponiya-Tacikistan – 8:0
11 noyabr. Tacikistan-Yaponiya – 0:4
15 noyabr. KNDR-Yaponiya – 1:0
2012-ci il
29 fevral. Yaponiya-Özbəkistan – 0:1
II qrup mərhələsi
B qrupu
3 iyun. Yaponiya-Oman – 3:0
8 iyun. Yaponiya-İordaniya – 6:0
12 iyun. Avstraliya-Yaponiya – 1:1
11 sentyabr. Yaponiya-İraq – 1:0
14 noyabr. Oman-Yaponiya – 1:2
2013-cü il
26 mart. İordaniya-Yaponiya – 2:1
4 iyun. Yaponiya-Avstraliya – 1:1
11 iyun. İraq-Yaponiya – 0:1.