Medianews.az
Eyforiya
172 baxış

Eyforiya

Eyforiya

Bu yazını yazmazdan öncə Google axtarış saytında mövzunun açar sözü olan terminin mənasına baxdım. 

Yazılmışdı: “Eyforiya - insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixiatriyada eyforiya hər zaman patoloji məna daşıyır və çox vaxt beyinlə bağlı xəstəliklərin ilkin əlamətidir. Yoluxucu deyil…”

Mabədi də vardı. Məsələn, qeyd olunurdu ki, spirtli içkilər, narkotik vasitələr də insanda eyforiya vəziyyəti yarada bilər. Ancaq hazırda Azərbaycanda siyasi arenanın müxalifətə aid cinahında hökm sürən eyforiyanın qaynağı kimyəvi birləşmələr deyil.

Düşərgəyə sirayət etmiş eyforiyanın səbəbi Milli Şuranın vahid namizədinin müəyyənləşməsi və bu aktın insanlarda gələcəyə inam, dəyişikliyə ümid yaratmasıdır.

Bu, illərlə arzulanan və heç cür başa gəlməyən, nəhayət, reallaşan bir nailiyyətdir. Müxalifətin vahid namizədini müəyyənləşdirməyin nədən mümkün olduğu barədə söhbət açıb dərinliklərə enmək bu gün ona görə lazım deyil ki, ümumi işə ziyandır. Yalnız onu demək olar ki, hər kəs öz gücünü, potensialını düzgün bilsəydi, məkrli oyunlardan uzaq olsaydı, kəsəsi, özünü yox, xalqın mənafeyini düşünsəydi, bu mərtəbəyə çoxdan varmaq mümkün olardı.

Budur, müxalifətin vahid namizədinin müəyyən olunduqdan sonra da söz-söhbət bilmir. Bəziləri nəzərə almırlar ki, o vahid namizəd hansı məkanda, kimin rüsxətindən, öz iddiasını dondurmasından sonra müəyyən oldu.

Bu xüsusda da qəribə bir eyforiya var. Bəzi fəallar qeyd edirlər ki, sanki vahid namizəd olmağa iddialı olan başqa şəxslərin başqa seçim variantı olmayıb, onlar fakt qarşısında qalıblar, ona görə Rüstəm İbrahimbəyovun vahid namizədliyi ilə razılaşıblar.

Bu, yanlış, həm də ədalətsiz yanaşmadır, prinsipcə, ümumi işin xətrinə daha şanslı namizədə güzəştə gedən liderlərin haqqını yeməkdir.

Həmin liderlərin içində elələri var ki, rəhbərlik etdiyi təşkilatın bir rayon təşkilatının ortabab özəyinin üzvləri, tərəfdar və təəssübkeşləri bir yerə yığılanda istənilən partiya və hərəkat onlara həsəd apara bilər. Hələ ictimai nüfuz, 25 illik düzxətli siyasi yol faktorlarını da nəzərə almaq gərəkdir. Yəni o liderlər istəsələr heç kəsə güzəştə getməzdilər və onlara heç kim heç nə edə bilməzdi.

“Bu, filankəsin siyasi intiharı olardı” söhbətlərini də bağlayıb bir tərəfə qoymağın vaxtıdır. Bu sözləri çox deyiblər, yazıblar, amma hər dəfə seçki ili olanda yenidən həmin “intihar etmiş” adamla mübarizəyə başlayıblar. Bu, ölkədə siyasi intiharın tək bircə yolu var – iqtidara satılmaq. Onu etmədikcə heç bir siyasi liderə zaval yoxdur. Adam beş il fəal olmaz, altıncı il çıxar, yenə siyasi amilə çevrilər.

Dünəndən bəri artıq bir tezis də ortaya atılıb və bölünən bakteriyalar qaydası ilə paylaşılmaqdadır. Bu tezis bundan ibarətdir: “İsa Qəmbər hakimiyyətə pas ötürdü ki, Rüstəm İbrahimbəyovun namizədliyini qeydə alma, özüm namizəd olacağam...”

Bu da eyforik bir yanlışqlıqdır. Sanki hakimiyyət ona əsas rəqib olacaq namizədlər arasında fərq qoyur. Elə şey yoxdur. Bu iqtidar komandası hakimiyyətə iddia edən hər kəsə ciddi düşmən gözü ilə baxır. Rüstəm İbrahimbəyov bu gün namizədliyini geri götürsə, İsa Qəmbər də namizədliyini verməsə, heç kəs yox, Əhməd Oruc önə çıxsa, mövcud rejim məhz onu hədəf seçəcək, aşağılamaq, nüfuzdan salmaq, pisləmək yolu tutacaq, “cümlə xəyanətlərə bais” elan edəcək.

İndiki eyforiyanın əsas ziyanı odur ki, müxalif düşüncəli insanlar gerçəklik hissini itirirlər, elə bilirlər ki, artıq hər şey həll olundu.

Gerçəklik isə bundan ibarətdir, düşərgənin qarşısında duran bu qara işi  - təbliğat-təşviqat kampaniyasını aparmaq üçün böyük kontingent, mübarizə əzmi, fədakarlıq lazımdır. Vahid namizədin müəyyənləşməsi qarşıdakı uzun, yeddi ağaclıq yolda atılmış ilk addımdır.

Heç kəs eyforiyaya qapılmamalıdır. Hər kəs öz gücünü dəqiq bilməlidir. Hamı ümumi işə verəcəyi töhfəni fikirləşməlidir. Həm də vahid namizəd olan şəxs elə açıqlamalar verməlidir ki, ətrafında toplaşanlar gündən-günə artsın, əksinə, qopmalar, qırıb qaçmalar olmasın.

Bizə qoşulun