Zamin HACI
zaminhaci@gmail.com
Yəqin zəhmətkeşlərimizin xəbəri olar, bugünlərdə Milli Təhlükəsizlik Nazirliyi 3 nəfər gənci tutubdur, sən demə, bu gənclər benzin butulkası, bir neçə kilo narkotik və 95 min manatdan istifadə edərək dövlət çevrilişi etmək fikrində olmuşdur. Zəngilan rayon ictimaiyyəti adından (əlimizin altında bu rayon vardı həmin dəqiqələrdə) onlara nifrətimizi bildiririk və ATƏT-i qınayırıq! Evrovizqon musiqi yarışının bir daha Badamdartda keçirilməsini tələb edirik!
Doğrudur, o gəncləri müdafiə edənlər vardır, deyirlər guya MTN-in əməliyyatı qurmadır, şərdir, yalandır, saxtakarlıqdır. Bir dəqiqə… Bəyəm əməliyyatı polis keçirdib? Polis kiminsə üstündən nəşə və tapança çıxartsa, o zaman haqlı ola bilərsiniz. MTN ciddi qurumdur və ancaq butulka çıxardır. Bəlkə zəhmətkeşlərimizin çoxunun xəbəri yoxdur, MTN-də boş butulkaların qəbulu məntəqəsi var, orda həmin qablara meyvə şirələri doldururlar. Buna görə İqtisadi İnkişaf Nazirliyi bir neçə dəfə MTN-i cərimələyibdir. Sanitariya qaydalarına əməl olunmurmuş.
İkinci tərəfdən, tutulan gənclər telekanalizasiyada ilkin ifadələri zamanı hər şeyi boyunlarına alıblar (Bu da bizdə şəffaflığın bir əlamətidir: tutulanlar ilk ifadəni 9 milyon xalq qarşısında verir, lap istəsən orda müstəntiqdən icazə alıb sevgilinə öpüş də göndərə bilərsən. Yaradılmış şəraitə görə telekanalizasiya idarəsinin müdiri İsmayıl Ömərova dərin minnətdarlıq və üzdən diqqətdarlıq edirik). Yalandırsa, televizorda göstərilən nədir? Siz heç indiyə qədər Azərbaycan telekanalizasiyalarında yalan görmüsünüz? Çünki baxmırsınız, hamınız “darelka” qurub türk serialı izləyirsiniz. Ar olsun belə zəhmətkeşlərə!
Bəs bu dəhşətli cinayətin üstü necə açılıbdır? Yazım, siz də bilin. Əslində cəsur çekistlərimiz bu 3 gənci… pulla tutublar, benzin butulkası, narkotik-zad sonradan tapılıb. Gəncləri ələ verən həmin 95 min manat olmuşdur.
O uşaqlardan birinin valideynləri bu pulu toplayıbmış ki, bizneslə məşğul olsun. Bizim MTN-də isə xüsusi pelenqator-avtomobil var, siz yatdığınız vaxtlarda küçələri dolaşır, binaları skan eləyir, elektron şüalarla yoxlayır. Hər hansı binada, mənzildə 10 min manatdan yuxarı (avtomobilin limiti bu qədərə hesablanıb) pul varsa, avtomobil dərhal siqnal verir, siqnal nazir Eldar Mahmudovun cib telefonunun ekranına qısa mesaj şəklində göndərilir. Bundan sonra MTN-in xüsusi təyinatlı “Pulfa” qrupu mənzilə göndərilir, adamı qışqırdıb pulları alırlar. “Pulfa” qrupu keçmiş “Al-fa” qrupu əsasında yaradılıb, onlar yaxşı ala bilmədiklərindən qrupun adı pullulaşdırılıb, daha doğrusu, milliləşdirilib. Belə qara ninza geyimli, üzü maskalı, cibləri pulla dolu qorxulu gənclərdir, naharda adam əti yeyirlər, illərlə ailələrinin, arvad-uşaqlarının üzünə həsrət qalıb ancaq qaranlıq zirzəmilərdə pul sayırlar (Başa düşürəm ki, dövlət əhəmiyyətli sirri yaymaqla cinayət edirəm, ancaq xalq qəhrəmanlarını tanımalıdır: MTN “Pulfa” qrupunun rəhbəri Pulad Pulemdar adlı cəsur pulkovnikdir).
Azərbaycanda aylıq dövriyyəsi 10 min manatdan yuxarı olan istənilən dükan, köşk, qutab pəncərəsi və sairə iqtisadi obyektlər MTN-in həmin “Pulfa” qrupunun nəzarəti altındadır. Həmin şəxslərin tualet “baçokundan” tutmuş, mətbəxlərindəki tarakanın ciyiltisinə qədər hər bir səsi MTN qeydə alır. Təklif edirəm, Eldar müəllimə Milli Qəhrəman adı verilsin. Daha sonra Pullu Qəhrəman adı da vermək olar.
Uzun sözün qısası, həmin pul gəncləri ilişdiribdir. 95 min manat pul toplayıb bunu MTN-ə, polisə, prokurorluğa (heç olmazsa) xəbər verməmək ağır cinayətdir. 1 milyon qaçqınımız var.
Torpaqlarımızın 20 faizi işğal altındadır. Şuşada xarı-bülbül bitmir. Bunlar isə MTN-dən pul gizlədir. Gizlədə bilməzsən! Bir daha nifrətimizi bildirir, Eldar müəllimə isə can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları diləyirik. Zeytunluqda yaxşı satlıq yerlərimiz var…