Famil CƏFƏRLİ
familceferli2@gmail.com
İCRA BAŞÇILARININ MAAŞ DAVASI
Bakıda yeni yaradılan Pirallahı rayonunun da yiyəsi məlum oldu. Vasif İmanov təzə rayonun ilk icra başçısı təyin edildi. Lap yaxşı. Çox da gözəl. Ümid edək ki, bu rayonda yaşayan 18 min əhalinin həyatı yoldaş İmanovun müdrik rəhbərliyi ilə tezliklə güllü-gülüstana, Bakının 12 rayonu arasında liderə çevriləcək. İllər uzunu yalnız Allah ümidinə, pirə-ocağa nəzir-niyaz verməklə qazsız, işıqsız, yolsuz, işsiz, susuz yaşamış, səsi bir-iki müstəqil qəzetdən başqa heç yerə çatmamış Pirallahı sakinləri yaxasından yapışmağa bir adam tapıb dərdini deyəcək. Ona da ümid edək ki, təzə rayona yiyəlik eləyəcək məmurlar xalqın və dövlətin cibindən heç zad oğurlamayıb camaatın qeydinə qalacaq. Amma…
Amma nə gizlədim, ötən il dekabrın 21-də yaradılan bu təzə rayonun tarixi yaxşı heç zad vəd eləmir. Çünki qədəmləri sayalı olmadı e. Ana yurdumuzda 2013-cü ilin ilk oğurluğu yenicə yaradılmış Pirallahı rayonunda baş verib. Yanvarın 1-i saat 00:15 radələrində rayon sakini Yadigar Maqsumov həmyerlisi Oleq Yermakova məxsus “VAZ-2106″ markalı maşını qaçırmışdı. Amma ilin ilk böyük oğurluğu faciəvi bitmişdi. Maqsumov qaçırdığı maşını aşırmış, özü də ağır yaralanmışdı…
Yəni rayonun siftəsi hər halda çox simvolik idi. Təzə rayonun bünövrəsi oğurluqla qoyuldusa, hər şey aydındır. Amma yenə kor şeytana və xalqın ağır vəziyyətini görməyən, səsini eşitməyən kar-kor korrupsionerə lənət oxuyub imanımızı yandırmayaq. Ümid edək ki, İmanov əli-ayağı düz işləyəcək. 850 manat maaşa qane olub dövlətçiliyimizin bu təzə budağını çiçəkləndirəcək.
Sual oluna bilər ki, niyə 850 manat. Axı icra başçılarının maaşı 1250 manatdır və onlar bu pulla kukla kimi dolanırlar, obyekt açırlar, 150-200 minlik maşınlar, 1-2 milyonluq villalar alırlar. Məsələn, Xətainin icra başçısı Razim Məmmədov iki il qabaq 15 yaşlı oğluna 260 min avroluq “Porsche Panamera”nı elə maaş gücünə almışdı. Yaxud İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərov oteli-moteli 1250 manat maaşına qənaət eləyib tikdirmişdi, bəs bu İmanov niyə 850 manat alacaq və s.
Haqlı və köntöy sualdır, amma cavabı var. Bizdəki ağıllı qayda belədir ki, əhalisi 50 min nəfərdən çox olan rayonların icra başçıları əhalisi 50 mindən az olanlardan çox maaş alır. 50 mini aşanlar qabaqlar – 2004-də 750, az olanlar isə 600 manat alırdı (2001-də isə birincilər 150, ikincilər 120 “şirvan” alırdı). Sonra onların maaşı artıb 1250 manat oldu. Əhalisi 50 mindən az olan rayonların (o cümlədən 18 min əhalisi olan Pirallahının) başçısı isə 850 manatla dolanmalıdır. Dolanırlar da. Amma nə baş verirsə, bir də görürsən, seyflərindən, evlərindən arada 2-3 milyon dollar da çıxır. Yəqin maaşın bərəkətindədir. Maaşları da İran-Pakistan düyüsü fason bərəkətlidir. Bir stəkan tökürsən, bir qazan olur. Bu üzdən biz təzə başçının da seyfində artım, bərəkət olmasına ürəkdən inanırıq. Axı adam 100 faiz YAP-çıdır, 100 faiz də müxalifətçi, demokrat deyil, yəni eyni MEXANİZMin detalı, eyni SİSTEMin elementidir. Soğanla sarımsağı calaq eləsən, bəhəri çiyələk-gilas olmayacaq ha…
Nə isə, mövzumuz bu deyil, puldur. Yeri gəlib, bunu da deyim. Bu dəqiqə icra başçıları arasında gizli üsyan yetişir. Haqlı narazılıq var. Onlar bu məsələ ilə bağlı hələlik “ASAN Xidmət” mərkəzinə müraciət edib. Cavab gözləyirlər. Cavab gəlməsə, Hacıbaladan Fəvvarələr meydanında aksiya yeri istəyəcəklər. Verməsə, icazəsiz aksiya keçirəcəklər.
YAP-dan aldığım xəbərə görə, maaşı 850 manat olan icra başçıları öz aralarında deyinib belə suallar verir: “Əgər maaşı adam sayına görə az və ya çox verirlərsə, bu, haqsızlıqdır. Əgər mənim rayonumda adam azdırsa, deməli, rüşvət ala biləcəklərim də azdır. Maaşımız da azdırsa, necə dolanaq? Üstəlik dövlət büdcəsindən rayonların sosial-iqtisadi inkişafına ayrılan pullar da adam sayına görə verilir. Bu da bizə ziyandır. Azdan çox oğurlayanda bilinir, çoxdan o qədər də yox. Necə dolanaq?”
Ən son xəbər belədir ki, mitinqə icra başçılarının uşaqları da qoşulacaq. Onlar da evdə azmaaşlı atalarına qarşı çıxır ki, necə olur, məsələn, Səbayelin icra başçısının oğlu 320 minlik maşında gəzir, Samuxunku cəmi 32 minlik…
Haqlı iraddır. Ölkədə haqsızlıq doğrudan da baş alıb gedir. Hamı narazıdır…