Fevralın 7-də “N!DA” Vətəndaş Hərəkatının üzvləri Bəxtiyar Quliyev, Məhəmməd Əzizov və Şahin Novruzov mülki geyimli şəxslər tərəfindən həbs edilib. “N!DA” Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Rəşad Həsənovun “Azadlıq.tv”-yə verdiyi məlumata görə, Bəxtiyar Quliyevin evinə 4 nəfər mülki geyimli şəxs gəlib. Onlar B. Quliyevin yaşadığı mənzildə axtarış aparıb. Mülki geyimlilər evdən bir neçə içi maye ilə dolu butulka və narkotik maddə tapdıqlarını bildiriblər. B. Quliyevin valideynləri isə evdə əvvəllər həmin əşyaların olmadığını bildiriblər. Mülki geyimli şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim ediblər. Təşkilatın digər üzvü Şahin Novruzovun evində axtarış Səbail Rayon Məhkəməsinin qərarı ilə aparılıb. Ş. Novruzovunda mənzilindən içi dolu butulkalar və narkotik tapıldığı bildirilib. N!DA Vətəndaş Hərəkatının həbs edilən 3-cü üzvü Məmməd Əzizovun kirayədə yaşadığı mənzildə mülki geyimlilər tərəfindən nəzarətə götürülüb. Orada olan mülki geyimlilər M. Əzizov barədə məlumat verməkdən imtina ediblər.
N!DA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Rəşad Həsənov “Azadlıq.tv”-yə verdiyi açıqlamasında həbslərin təşkilata qarşı növbəti təzyiq kimi dəyərləndirdi: “Son həbslər “N!DA” Vətəndaş Hərəkatına qarşı təzyiqlərin tərkib hissəsidir. Hakimiyyət üzvlərimizin evinə benzin dolu butulkalar və narkotik atmaqla təşkilatımızın zorakı metodlarla mübarizə apardığı barədə rəy formalaşdırmaq istəyir. Qeyd edirəm ki, həmin əşyalar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən evlərə qoyulub. Hərəkatımız demokratik yolla mübarizə aparır. Üzvlərimiz arasında tanınmış bəstəkarlar, yazıçılar və jurnalistlər var. Fəaliyyətimiz hər zaman şəffaf olub. Bəxtiyar Quliyev və Məhəmməd Əzizov əvvəllərdə də polis tərəfindən saxlanılıb. “N!DA” Vətəndaş Hərəkatının nüfuzunun günü-gündən artması, xüsusən gənclərin təşkilatımıza üz tutması hakimiyyəti ciddi narahat edib. Basqılara baxmayaraq mübarizə davam edəcək”