Xalid KAZIMLI
samir_sari@mail.ru
ƏJDAHA BU SƏFƏR DƏ ARADAN ÇIXSA…
“Yeddi oğul istərəm” filmində ibrətamiz bir epizod və maraqlı bir replika var. Uzun Qasım dostunun qucağında can verəndə deyir: “Gəray bəy bu dəfə də aradan çıxsa, batdıq”.
Filmdə yeddi komsomolçu gənc sovet hökumətini tanımayan Gəray bəyə qarşı intellektial tələ qururlar və çalışırlar ki, o, qaçıb aradan çıxa bilməsin. Gəray bəy bu dəfə aradan çıxa bilmir.
“Əsgər ölümlərinə son” kampaniyası heç vəchlə həmin situasiyanı xatırlatmır, fəqət həmin məşhur replikanı müdafiə naziri Səfər Əbiyevə şamil etmək və belə demək olar: “Səfər Əbiyev bu dəfə də aradan çıxsa, batdıq”.
Burada “batdıq” deyəndə söhbət xalqdan, əsgər valideynlərindən, əsgərlərdən gedir.
Hər dəfə ölkədə bənzər situasiya yarananda, çoxdan xroniki şəkil almış əsgər ölümləri məsələsində vəziyyət ciddiləşəndə və buna cavabdeh kimi müdafiə nazirinin adı çəkiləndə, hallananda bəziləri deyirlər: “Bu nazirə qarşı kampaniyadır”.
Lap elə kampaniyadır! Camaat haqsızdırmı? Bu döyülüb öldürülən, “intihar edən”, “dumanda azıb əsir düşən”, “qəflətən xəstələnib ölən” binəsib, nakam əsgərlərə görə kimsə cavab verməlidir, ya yox?
Ordu ətçəkən maşına dönüb və onun qulpu Əbiyevin əlindədir, dəstəyi o fırladır. Hər şeyə cavabdeh odur. Əsgərlərin ölümünə bais olan zabitlərin böyüyü bu adamdır. O, cavab verməlidir.
Valideynlər qan ağlayırlar. Hamısı bilir ki, 20 yaşlı gənc durduğu yerdə qəflətən ölə bilməz. Hər kəsə aydındır ki, tərxis olunmasına 20 gün, 1 ay qalmış əsgər heç vaxt özünə əl qaldırmaz.
Səbəb yoxdur. Sanılı günlərdən sonra ata-anasına, dostlarına, sevdiyinə qovuşacağı eşqilə yaşayan istənilən əsgər onların yanına uça-uça getməyə hazırkən onu intihara sövq edə biləcək depressiyaya nəyə görə düşməlidir? Məntiq yoxdur və ola bilməz.
Ortada qəsd var. Xalqın balalarını 3-5 manata görə öldürürlər. Öldürüb qanını batırırlar. Generallar, polkovniklər, mayorlar, kapitanlar – hamısı əsgərin qanının batırılmasında maraqlıdırlar. Əgər cinayət törədildiyini etiraf etsələr, hamısının poqonu yanar, üstəlik, on qat artıq maddi ziyana düşərlər. Əsgərin qanını batırmaq üçün isə təxminən 100 min manat bəs edir və onlar bu pulu qatillərin, eləcə də digər əsgərlərin valideynlərindən cibindən çıxarmağı bacarırlar.
İndiyəcən, elə bilirdik, orduda əsas problem “dedovşina”dır. Son bir həftədə iki “ded”-əsgər öldürülüb. Demək, problem təkcə “dedovşina” ilə bağlı deyil, daha böyükdür. Orduda böyük korrupsiya və konslager mühiti var.
Təmas xəttində, dağlıq rayonlardakı hərbi hissələrdə xidmət çəkib qayıdan əsgərlər danışırlar, adamın tükü biz-biz olur. Bütün hərbi hissələrin komandirləri ən bahalı ciplərdə gəzirlər, ən zəifinin 100 kilo çəkisi var, əsgərlər isə onların yarısı qədər də deyillər. Arxalı, imkanlı əsgərlər hissədə, korpusda, geridə saxlanılırlar, yetim-yesirlər posta basılır, aylarla blindajlarda qalırlar. Hərbi hissələrə ayrılan ərzaq, yanacaq görünməmiş miqyasda basılıb yeyilir, satılıb sovulur. Əsgərlər qolu bağlı qullar kimi tam hüquqsuzdur, hərbi hissələr həbs düşərgələrinə bənzəyir və sair.
Belə vəziyyət hökm sürən yerdə ölüm xəbərləri heç vaxt azalmayacaq. Azala bilməz. Çünki o mühit, şərait ölüm doğurur.
General Əbiyevin, o biri generalların qurduğu hörümçək toru əsgərlərlə tora düşən həşərat kimi davranır. İldə nə qədər əsgər əlacsız-əlacsız o torda çırpınır, çoxunun malı, varı gedir, bəzilərinin isə canı.
Dövlət başçısı, digər sözü keçən rəhbərlər, nəhayət, bu məsələyə bir əncam çəkməlidirlər. Problem milli təhlükəsizliyə təhdid edəcək hala qədər yoğunlayıb. On minlərlə valideyn artıq ciddi-ciddi oğullarını əsgərlikdən necə yayındırmaq barədə planlar qururlar. Və onlar haqlıdırlar. Heç kəs 18-20 yaşlı balasının ölüsünü görmək istəmir – həm də dinc dövrdə, həm də sağ-salamat dönəcəyini gözlərkən.
Məhz ona görə də insanlar birləşib səslərini qaldırmalı, suyun qabağını kəsib qurban tələb edən əjdahaya dönmüş bu generalın, uzun illərdən bəri minlərlə gəncin qanında bilavasitə əli olan nazirin vəzifədən götürülməsinə, ondan sonra orduda vəziyyətin sağlamlaşdırılmasına nail olmalıdır.
Yoxsa batdıq.