Milli Məclisin dünənki iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub. Dəyişikliyə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində “Müharibə veteranı” adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
“Təhsil haqqında” qanunda şəhid ailəsi üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına imkan yaradan dəyişikliklə bağlı fikirlərini Medianews.az-a bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı bildirib ki, qanununa edilən bu düzəliş dövlətimizin sosial siyasətinin tərkib hissəsidir.
Millət vəkilinin sözlərinə görə, layihə, şəhid ailəsinin təhsil ilə bağlı maddi problemlərini aradan qaldırmağa kömək edəcək: “Qanuna edilən dəyişiklik Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin sosial siyasətinin tərkib hissəsidir. Bu dəyişikliklə, şəhid ailəsinin üzvləri özəl ali, orta ixtisas, peşə təhsil müəssisələrində dövlət vəsaiti hesabına təhsil alacaqlar. Eyni zamanda əlilliyi olan şəxslər, müharibə veteranları və aylıq gəliri yaşayış minimumumdan aşağı olanların da xərclərini dövlət öz üzərinə götürür. Bütün bunlar dövlət büdcəsindən həyata keçiriləcək. Belə bir dəyişiklik onu göstərir ki, Prezident İlham Əliyev ölkədə təhsilin hamı üçün əlçatan olmasına doğru yönələn siyasət həyata keçirir. Hesab edirəm ki, “Təhsil haqqında” qanuna edilən bu düzəliş cəmiyyət tərəfindən də müsbət qarşılanacaq”.
Vüqar MƏMMƏDOV