İlqar Rəsul
Sevdalılar
– Səni sevirəm. Xanımım olmanı istəyirəm. Mənimlə evlənərmisən?
– Adama neçə dəfə “yox” deyərlər. Sən yaxşı oğlansan, xoşuma da gəlirsən. Amma bu mümkün deyil.
– Nədən?
– Bizim imkanlarımız xeyli fərqlidir.
– Mənə sənin imkanın yox, özün lazımsan.
– Mən səndən beş yaş böyüyəm.
– Mənə sənin yaşın yox, özün lazımsan.
– Mənim görüşdüyüm olub.
– Mənə sənin keçmişin yox, özün lazımsan.
– Belə çox sevirsən məni?
– Hə.
– Nə desən edərsən bu evlilikdən ötrü?
– Hə.
– Hətta Azərbaycana da xəyanət edərsən?
– …… düzü bu barədə heç düşünməmişəm.
– Düşün.
– İndi, elə burda?
– Hə. Mən girirəm ticarət mərkəzinə. Çıxana qədər vaxtın var.
– Onda bir az gec çıx.
– Yaxşı, bir qəhvə də içərəm orda.
Yarım saat sonra.
– Nə oldu, düşünə bildin?
– Nəyi?
– Mənimlə evlənməkdən ötrü məmləkətə xəyanət edərsən ya yox?
– Yox, düşünmədim.
– Nədən?
– Cavab sən bu sualı verirkən də özümə aydın idi.
– Xəyanət edərsən yəni…
Bilirsən, aylardı səni necə unutmağın yollarını arayırdım. Amma tapa bilmirdim…
– İndi tapdın?
– Hə. Sənin bu sualın mənə kömək etdi. Mən daha səninlə evlənmək istəmirəm. Sadəcə gözlədim ki, yardımçı olduğun üçün sənə minnətdarlığımı bildirim. Bir də yoluna çıxmayacam.
– Dayan, ay dəli. Hara gedirsən? Bunu kimdən soruşdum “edərəm” dedi. Amma sən… Doğrudan etməzsən ?
– Etməm.
– Bax indi, mən səninlə evlənmək istəyirəm….