Bu gün daxili siyasətdən danışmağın yeri yoxdur. Belə baxanda heç daxili siyasətlik bir iş də qalmayıb. Hər şey qaydasındadır. Oğrular oğurlayır, quldurlar soyur, qoyunlar yatışır. Milləti minən millətini minir, rüşvət alan rüşvətini alır, dövləti gəmirən dövlətini gəmirir…
İctimai-siyasi cəhətdən də dəyişiklik yoxdur. Mitinq keçirmək, talançılığa, yalançılığa, alçaqlığa, haqsızlığa etiraz etmək, öz evində bərkdən asqırıb səs salmaq olmaz. Müəllim-həkimin, sair büdcə qullarının maaşı, qocaların pensiyası yenə əvvəlki kimidir, heç bu il də artmayacaq. Xalqın YAP-a axını əvvəlki kimi güclüdür. Bu partiyaya üzv olmaq istəyənlər o qədər çoxdur ki, basabasda son bir ayda 123 nəfər ölüb, 1479-u yaralanıb. Deputat mandatının qiyməti də əvvəlki kimidir, qəpik də dəyişməyib. Məzahir Pənahov da hazır dayanıb, seçki olsa, mütləq saxtalaşdıracaq və s.
Qısası, uğurlu daxili siyasətdə hər şey OK. Qalır balanslaşdırılmış xarici siyasət. Ona önəm verməliyik. Çünki içi mən qarışıq o taylı-bu taylı 50 milyonluq dünya azərbaycanlılarının əsas milli vəzifəsi bu dəqiqə vurhavur lobbi qayırmaqdır. Xarici siyasətlə aktiv məşğul olmaqdır. Dolmamız (kələm, badımcan, pomidor, bibər, yarpaq, noxud, üzüm, feyxoa, qarpız, boranı və s.) və qara zurnamız dünyada tanınmalıdır. Tanınıb qurtaran kimi isə BMT-nin də canı çıxıb o dəqiqə Qarabağı alıb bizə qaytarmalıdır.
Vətənpərvərlər vətənpərvəri, patriotlar patriotu Anar Məmmədovun lobbi qayırmaq istiqamətində başladığı nəcib, analoqsuz, milli işləri davam etdirmək indiki və gələcək nəsillərin boynunda əbədi və müqəddəs yükdür. Hər bir vətən oğlu, millət balası nazir oğlunun min zülmlə, əl qabarı, alın təri ilə qazanıb lobbi qayırmaq uğrunda tozladığı pulların xətrinə bu yükü canı çıxıb mətanətlə daşımalıdır. Belindəki xarici borcu milli qürur hissi ilə daşıdığı kimi…
Anar Məmmədovun Amerikada 700 nəfərə verdiyi qoşanağaralı və yarpaq dolmalı ziyafət haqda sonra danışarıq. İndi isə xarici siyasətimizin daha bir vacib uğuru haqda. Bu dəqiqə bütün ərəb ölkələri, Yaxın Şərq bardaş qurub oturub. Bütün Müsəlmanıstan bu dəqiqə iki il qabaq tam demokratik yolla deputat olmuş (hansı yolla olmağını Gülər Əhmədova bilməmiş olmaz) Bəxtiyar Sadıqovun “Ərəb dünyasına Azərbaycandan töhfə” adlı dəhşətli dərəcədə savadlı və müdrik moizəsinin ərəbcəyə tərcümə olunmuş variantını oxuyur.
O yazı bu il noyabrın 6-da bütün dünyada böyük nüfuza malik “Azərbaycan” qəzetində dərc olunub. Yoldaş Sadıqov ərəb şeyxlərinə ağıl-nəsihət verib yazır: “Dünya gör-götür dünyasıdır! Azərbaycandan da öyrənmək, nümunə götürmək vaxtıdır, cənablar”.
Sadıqov bu dahiyanə yazısında ərəblərə yandı-qındı verir. Düzü, mən o yazını azərbaycanca tapıb oxuya bilməmişəm. Ərəbistandan gələn bir alverçi zəvvar ərəbcə variantının kserosurətini çıxarıb gətirib. Ərəb əlifbasını höccələyə-höccələyə oxusa da yazını xarici siyasətdən yaxşı baş çıxardan kənd mollasına oxutdurdum. Molla and içdi ki, təhrif-zad söhbəti yoxdur, Sadıqov ərəblərə xitabən təxminən belə yazır ki, sizdə “ərəb baharı” inqilabları oldu, əliniz batdı bala, ay bala…
O molla deyir, Sadıqov sonra Siyavuş, Bahar Muradova, Gülər Əhmədova kimi sadiq YAP-çılardan sitat gətirərək ərəbləri ağıllı olmağa, YAP-ın ətrafında sıx birləşməyə çağırır. Onlara Azərbaycandan nümunə götürməyi məsləhət görür.
Amma Sadıqov nədənsə burasını ərəblərə izah eləmir ki, əvvəla, YAP-çılar gör-götür dünyası söhbətini niyə “gördüyünü götür cibinə qoy” şəklində aranjeman eləyib. İkincisi, ərəb inqilabları başlayanda YAP hökuməti niyə qorxudan az qala altını batırıb min oyundan çıxdı. Gah yumurtanı bircə saatda ucuzlaşdırdı, gah korrupsiyaya qarşı mübarizə teatrı göstərdi, gah sənədsiz evlərin iki aya sənədləşdiriləcəyini dedi. O vaxt ən məzəli günə Əli Əhmədov düşmüşdü. Adam ərəb inqilablarından nə təhər bərk qorxmuşdusa, belə də demişdi: “Neft Fondundan bir neçə milyard ayırıb xalqa evlər tikmək lazımdır. Hər bir vətəndaş mənzillə təmin olunmalıdır…”
Nə isə, o vaxt qorxudan belə qatıqlama və zoğallamalar çox olmuşdu. İndi oturub bundan danışsaq, vaxtımız və yerimiz qalmaz. Anar balanın milli maraqlarımız uğrunda səxavətlə xərclədiyi bir qucaq xarici valyuta zay olub gedər.
Deməli, deputat əmisinin də dediyi kimi, halal zəhmətlə pul qazanan nazir oğlunun ABŞ-da verdiyi qonaqlığın sorağı həm şimal, həm də cənub yarımkürəsinə eyni vaxtda yayılıb. Deyilənə görə, bu dəqiqə ABŞ-ın 50 ştatının hamısında, plyus Kolumbiya federal dairəsindəki bütün çayxana və avtovağzallarda söhbət yalnız gənc, perspektivli və ingilisdilli Anar bəyin diplomatik uğurlarından, fitri istedad və savadından, qabiliyyətindən, yeyib-içən oğlan olmasından gedir. Azərbaycan onun sayəsində Amerikada demək olar ki, Las-Veqas, Madonna, Coli və Cekson qədər tanınır. Maraq üçün dur get Vayominq ştatına, ya da Luizianaya, qabağına çıxandan soruş ki, Azərbaycan haradadır. Ölkəmizi xəritədə iki saniyəyə gözüyumulu göstərəcəklər. Dalınca da deyəcəklər, o, yes, yes, dolma, zurna, xurma, nar, Anar, ay nau, ay nau, ay…
Ay demişkən, amma o qonaqlıqda iki yekə dilxorçuluq olub. Qonur ayıların məskəni olan Kaliforniya ştatının 5-10 qotur sakini Anar bəyin 1 milyon manata ayı kəsdirib yeməsini eşidibmiş demə. Onlar Vaşinqtona gedərək tədbir keçirilən şadlıq evinin qabağında etiraz aksiyası düzəldib. Ağ ayıların vətəni olan Alyaska ştatının camaatını da bu aksiyalara dəvət ediblər. Amma alyaskalılar prinsipial dövlətçilik mövqeyində dayanaraq getməyib. Deyiblər Anar ağ ayı yeməyib ha ona qarşı çıxaq…
İkinci ÇP isə elə şadlıq evinin içində olub. Diplomatik mənbələrdən aldığım yoxlanmamış xəbər belədir ki, məclisdə oynamaq üstdə dava düşüb. Bizimkilər yeyib-içəndən sonra öz zövqlərinə uyğun şəkildə, yəni Bakının şadlıq evləri üslubunda bəzədikləri zalı görüb cuşa gəliblər. O dəqiqə bizim zurnaçılara və qoşanağara ustalarına “Can canadır, can cana…” mahnısı sifariş edərək amerikalıları da rəqsə dəvət ediblər. Bu da təbirə qatılan Con adlı neçə mötəbər yankinin xətrinə dəyib ki, Con Conadır nədi ə, bizi dolayırsınız…
Deyirlər möhkəm dava olub. Amma gərək XİN-dən və Dövlət Departamentindən rəsmi açıqlama olsun ki, təfərrüatlar haqda danışaq…