Dünyada nə qədər yeni-yeni cihazlar, qurğular, proqramlar, sistemlər, oxumuş adamlar demişkən, “nou-xau”lar çıxır-çıxsın, bizə dəxli yoxdur, biz onların hamısından sırf başqa bir təyinat üzrə istifadə edərik.
Gözəgörünməz bircə dəfə gözümüzə görünüb bu xasiyyətimizi dibindən kəssəydi, çox yaxşı olardı, amma indilikdə başqa variant yoxdur.
Məsələn, bütün dünya Feysbukdan öz məhdud dostlar dairələrini yaradaraq, işgüzar çevrələr əmələ gətirərək, mobil ünsiyyət, maraqlı paylaşımlar üçün istifadə edir, amma biz – qız (pullu məşuq) tutmaq üçün (yaşdan asılı olmayaraq), siyasi, dini, milli, irqi, cinsi təbliğat aparmaq üçün, düşmənə yandıq vermək üçün, dost qabağında lovğalanmaq üçün, öz depressiv halını başqalarına göstərmək üçün, necə bir hazırcavab, yumorist olduğumuzu sübut etmək üçün və sair və ilaxır işlədirik.
Tək bunlar olsa nə vardı ki?
Bizimkilər telefonun səsyazma funksiyasından şantaj və çuğulçuluq məqsədilə istifadə edərək hələ də kimlərinsə səsini yazırlar. Telefonun videogörüntü çəkmək funksiyasından eyni məqsədlə istifadə edib pul qazanmaq, uzunmüddətli və müftə seksual partnyor əldə etmək istəyənlər də N qədərdir. Bəziləri buna görə ilişib, içəridə cəza çəkirlər. Bəzilərinin ağzı hələ isti yerdədir, bir gün şapalaq ağızlarının üstündən dəyəcək və heç də ağılın başa gəlməsi prosesi getməyəcək, olan-qalan ağılları da başlarından uçacaq.
İndi bir GetKontakt deyilən şey çıxıb. Neçə gündür camaat o proqramın verdiyi məlumatı skrinşot (söyüş deyil) eləyib paylaşır. İlk baxışdan ziyansız şeydir. Nə var ki, deyərsən, telefon nömrəni başqaları necə qeyd edibsə, proqramdan istifadə edib öyrənirsən, vəssalam.
Şəxsən özüm belə şeylərdən yaxşı baş çıxaran uşaqlardan xahiş elədim, düzüb-qoşdular, məlum oldu ki, mənim nömrəmi qeyd edərkən adımın qabağına “bəy”, “müəllim” yazanlar da var, işlədiyim qəzetin adını qeyd edənlər də, sadəcə ad-soyadımı yazanlar da. Xəta məndən sovuşdu.
Amma bu proqramın fəsadlarının olacağını düşünürəm. Elə qısqanc ərlər var ki, onlar vaxtaşırı qısqanmaq üçün səbəb verən arvadlarının nömrəsinin başqa telefonlarda necə qeyd olunduğunu öyrənmək istəyəndə, məsələn, belə bir mənzərə elə qarşılaşacaqlar: “Motorist”, “Slesar”, “Elektrik Güloğlan”, “Massajist Hətəm” və s.
Əlbəttə ki, bu qeydetmələrin bir çoxu sırf maskirovka üçündür, ailəli adam, əl-əlbət, məşuqəsinin adını olduğu kimi yazmayacaq, “Motorist” yazacaq ki, özü demişkən, evdəki də şübhələnməsin. Ötə yandan, qardaş Türkiyədə quşxanımların bir adı da elə “motor”dur.
Bu biri tərəfdə qısqanc ər görəndə ki, kimsə onun Güləndam adlı arvadının adını “Elektrik Güloğlan” kimi yazıb, o saat anlayacaq ki, bu nə Güloğlandır, nə elektriklənmədir. Dərhal əlini atacaq kəsici-deşici alətlərə, əsəbi adamdırsa, Güloğlan-Güləndamı, sakit adamdırsa, özünü bıçaqlayacaq.
Hələ bunun ərə getməyə hazırlaşan qızlara ediləcək şantaj tərəfi də var. Bir də görəcəklər, gənc xanımın telefon nömrəsinin başqa telefonlarda necə qeyd olunduğunu hakerlik yolu ilə əldə ediblər və nişan aparan oğlana göndəriblər. Oğlan da baxır ki, onun potensial nişanlısının adı başqa bir telefonda “Aşkım” və ya “Sevgilim” kimi qeyd olunub. İndi bu oğlan nişan maşınını mənzil başına çatmamış geri qaytararmı, qaytarmazmı?
Bu baxımdan çoxlu xoşagəlməz hallar baş verə bilər. Özü də bu təkcə ailə-məişət səviyyəsi ilə məhdudlaşmaz, iş dünyasında da fəsadlar törədə bilər. Məsələn, bir müdir xəbər tutsa ki, işçiləri onun adını “Zanuda” kimi qeyd ediblər, inciyərmi, inciməzmi? Əlbəttə, inciyər. Hər müdirin adı “Ağsaqqal”, “Şef”, “Böyük” kimi qeyd olunmur axı.
Bu baxımdan o proqramın bu ölkədə yasaqlanmasını məqbul sayan adamlara haqq vermək olar. Bu, təxminən KQB-nin arxivlərinin açılması qədər təhlükəli işdir.
Məndən deməkdir, sonra Güləndam xanım və onun adını “Elektrik Güloğlan” kimi qeyd edən kişi qısqanclıq zəminində bıçaqlananda deyəcəklər ki, niyə bıçaqlayırdı, boşayardı, məsələ bitərdi…