img2033564

Qabil Hüseynli: “Yevda Abramov məmurlara bir çağırış edir ki, əlinizi dövlət büdcəsindən çəkin”

Əhməd Oruc: “Azərbaycanda nazirlərin, oliqarxların girmədikləri sahə yoxdur”

Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Yevda Abramov sərt çıxış edərək, büdcəni talayan məmurları tənqid edib. Onun bu çıxışı ictimaiyyət tərəfindən də müsbət qarşılanaraq, geniş müzakirəyə səbəb olub. Çıxışdan bir neçə cümləni diqqətinizə çatdırırıq: “Deyirəm, büdcəmizdən haram əllər kəsilsin, haram gözlər kor olsun. Amma nə xeyri? Danışmamaq olmur, danışanda da bəzi insanlar incik düşür. Amma burda susub oturmaq da olmur axı! Əl çəkmək lazımdır bu korrupsiyadan, bu millətə yaxın getmək lazımdır! 4-5 il də yaxşı yaşamayaq. İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev…Mən Qonaqkənddə oldum, nə qədər qoyun sürülərin qışlağa gedir. Mən soruşdum, kimindir, burada demək istəmirəm”.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, son zamanlar Milli Məclis daha fəal çalışmağa başlayıb: “Yevda Abramovun fikirləri radikallığı ilə seçilir. Ümumiyyətlə, bu şəxs, dağ yəhudilərinin nümayəndəsi olsa da, zənnimcə vətən kimi Azərbaycana böyük məhəbbət bəsləyir. Buna görə də ölkədəki vəziyyəti qiymətləndirərək, parlamentin imicini kifayət qədər yüksəldir. Onun tənqid hədəfi xüsusən də yüksək ranqlı məmurlardır. Yevda Abramov məmurlara bir növ çağırış edir ki, əlinizi dövlət büdcəsindən çəkin. Bütün bunlar onu göstərir ki, Milli Məclis ölkənin problemlərini daha diqqətlə araşdırmaqdadır, deputatların bir hissəsi prezidentin yeritdiyi siyasəti dəstəkləməklə, onun ətrafındakı rüşvətxor məmur təbəqəsini tənqid etməkdədirlər”.

Politoloq bildirib ki, Abramovun fikirləri həqiqətə yaxındır: “Ölkə prezidenti cənab İlham Əliyev də dəfələrlə buna bənzər fikirlər səsləndirib. Ölkə başçısı da məmur özbaşınalığı haqqında ciddi ölçülərin götürüləcəyini bildirib. Prezidentin bəyan etdiyi iqtisadi islahatlar paketi kifayət qədər ciddi işlənmiş və islahatların bünövrəsini qoya biləcək sənədlərdir. Bu sənədlərin həyata keçirilməsi əlbəttə ki, məmur özbaşınalığına son qoyulmasını, büdcə vəsaitinin xərclənməsinə ciddi nəzarət edilməsini, korrupsiyanın üzərinə daha da cəsarətlə gedilməsini tələb edir. Bu baxımdan hesab edirəm ki, Yevda Abramovun səsləndirdiyi fikirləri ölkə başçısının iqtisadi islahatlar paketinin reallaşmasına dəstək kimi də qəbul etmək olar”.
Yevda Bayramovun Qonaqkənddə sürülərlə bağlı söylədiyi fikirlərlə bağlı “Yeni Müsavat”a danışan Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirib ki, nazirlərin böyük sürülərinin olması doğrudur. Onu da qeyd edək ki, Ə. Orucun da bir zamanlar mal-qaradan ibarət fərdi təsərrüfatı olub. Ə. Oruc bunları deyib: “Bir neçə ay Yevda Abramov çıxış etmişdi ki, guya avropalılar bizə paxıllıq edir. Ancaq indi də bu cür danışıb. Deyərdim ki, Azərbaycanda nazirlərin, oliqarxların girmədikləri sahə yoxdur. O cümlədən kənd təsərrüfatının müxtəlif sahələrində də vəziyyət bu cürdür. Örüşündən tutmuş, sürüsünə qədər hamısı əllərindədir. Mənim bir zamanlar fərdi təsərrüfatımda 10 inəyim olub. Ciddi təsərrüfatla məşğul olmaq üçün çoxsaylı problemlər var. Bu, otlaq sahələrinin olması və digər bu kimi məsələlərdir ki, bunlar da böyük kapital tələb edir. Otaqlar dövlət qoruqlarıdır. Yəni dövlətin əlindədir. Misal üçün Şahdağda olduğum zaman müşahidə edirəm ki, may ayının ortalarında sürülər keçib, yaylağa gedirlər. Yaylaqdan da sürüləri oktyabr ayında qışlağa qaytarırlar. Keçən sürülərin də hamısının kimin olduğu bilinir. Azərbaycanda çoxsaylı yaylaqlar var. Bu yaylaqların hamısı demək olar ki, dövlət qoruqlarıdır. Onlara icra hakimiyyətləri nəzarət edir. Eyni ilə qışlaqlar da həmçinin. Lakin fərdi sahə, bələdiyyə torpaqları da az deyil”.

Ə.Oruc bildirib ki, sürülərin sahibləri sadə vətəndaşlar deyil: “Onlar, orta və ya yuxarı oliqarxların sürüləridir. Bir neçə nazirin sürülərini görmüşəm. Misal üçün, Qusarda Etibar Pirverdiyevin sürüləri var. Yevda Abramov doğru deyir. Qubada Vəlvələçay boyunca böyük sürülər keçirlər. Ancaq bir məqamı da qeyd edim ki, bu tənzimlənən sahədir. Azərbaycanda minlərlə heyvan və mal-qara saxlayan da yüzlərlə adam var. Bu baxımdan sahənin monopoliyada olduğunu söyləmək olmaz. Sadəcə olaraq bu hal otlaq sahələri ilə bağlıdır. Torpaqlar özəlləşəndən sonra elə kəndlər var ki, onların otlaq sahələri qalmayıb. Hamısı dövlət qoruğu, kənd təsərrüfatı adı altında oliqarxların arasında bölüşdürülüb. Monopoliya bax, buradadır”.
Musavat.com

Загрузка...