“Hazırda Ermənistan hakimiyyəti çətin durumla üzləşib, onlar xalqı inandıra bilmirlər ki, bu lazımdır”. Prezident Putinin səlahiyyətli şəxslərindən biri, Rusiya prezidenti yanında İctimai Şuranın üzvü Sergey Markov deyib bunu. Əslində bu Markov apreldən sonra nağıl danışmaqla məşğuldur, az qala hər gün “bu il 7 rayon azad olunacaq” söyləyirdi. İlin sonudur deyə, erməni hakimiyyətinin halına “acıyır”.
“Xalqı inandıra bilmir”miş Sərkisyan. Hansı xalqı? Ermənilər özləri də etiraf edir ki, elə bu cani Sərkisyanın Qarabağa iddia üzərində hakimiyyəti qəsb etməsi səbəbindən Ermənistan ac-yalavac vəziyyətə düşüb, ölkədə cəmi 1,9 milyon adam qalıb, İrəvana əsgər meyitləri daşınır. Yay aylarında İrəvanda keçirilən aksiyalar, Qarabağ güzəştinə qarşı çıxan silahlı bandanın polis alayının binasını ələ keçirməsi də Sərkisyanın oyunu idi.
Bunu Amerikada da bilirlər, ATƏT-də də. Azərbaycan ərazilərini 25 ildir işğalda saxlayan işğalçının “İsgəndər” raketləri almasına heç bir reaksiya vermədilər. Necə olur ki, Amerika, ya ATƏT Azərbaycanı snayperlərini geri çəkilməyə çağırır, ancaq erməni hakimiyyətinə “İsgəndər”lə bağlı quru xəbərdarlıq belə etmir? Hətta ABŞ-ın məşhur “Stratfor” təşkilatı “İsgəndər”in işğalçıya verilməsini dolayısı ilə dəstəklədi, Rusiyanın bu addımı sayəsində bölgədə balansın yarandığını iddia etdi, bildirdi ki, Moskvanın bu addımı Azərbaycanı yeni hücum planından çəkindirəcək. Absurdluğun son həddidir. Amma buna da gedirlər. Çünki ortada konkret məqsəd-məram var və o məramın təməlində işğal altındakı ərazilərin Azərbaycana qaytarılması…dayanmır.
Suriya məsələsində toqquşan Amerika və Rusiya Qarabağa münasibətdə elə rahat anlaşırlar ki. Bu günlərdə ABŞ dövlət katibi Con Kerridən də “Markovsayağı” bəyanat eşitdik. İddia etdi ki, “tərəflərin sülhə hazır olmaması üzündən” hələ ki Qarabağ məsələsini həll etmək mümkün deyil. Bənzər bəyanatı bundan əvvəl Rusiya XİN rəhbəri Lavrov da vermişdi. Bir təpiklik canı olan Sərksiyana “ordunu Qarabağdan rədd elə” deməkdənsə, çeşidli nağıl uydururlar.
Bunlar tərəfləri necə sülhə gətirmək istəyirlər? Rusiya işğalçıya “İsgəndər” bağışlayır, Azərbaycana silah satmaqdan imtina edən Amerika isə Qarabağdakı separatçılara təmas xəttində yerləşdirilmək üçün ən müasir kəşfiyyat-müşahidə sistemi – C4ISR göndərir. Bunu “DQR baş naziri”nin sözçüsü Artak Bəyləryan “The National İnterest”ə şəxsən etiraf edib.
Bundan sonra nə ədalət gözləyək? Üstəlik, ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirilir, hətta ora Qarabağ canisi Saakyanın oğlu “məruzəçi” kimi dəvət olunur. Artıq “cidanı çuvalda gizlətmək” mümkün deyil…
Prezident İlham Əliyev 7 oktyabrda bir çox mətləblərə aydınlıq gətirdi. Kifayət qədər açıq mətnlə dedi ki, böyük güclər ərazilərimizdə ikinci erməni dövlətini yaratmaq istəyir. Sitat: “Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin”.
Bu, kifayət qədər ciddi açıqlamadır. Özü də yalnız hökumətə ünvanlanmayıb, xalqa, ölkə müxalifətinə yönəlik açıq mesajdır. Normalda məhz prezidentin xəbərdarlığının ardınca xalq ayağa qalxmalı, ölkə başçısının mövqeyini müdafiə etməli və Qarabağı qoparmaq istəyən gücləri lənətləməliydi.
Ancaq təəssüf ki, “Qarabağ məsələsində bizimçün iqtidar-müxalifət anlayışı yoxdur” deyən müxalifət partiyaları bu bəyanatı sükutla qarşıladılar. Heç normal görünmür. Ali Baş Komandan tam aydın şəkildə Vətən müharibəsi çağırışı edib. Hər bir vətəndaşın borcudur ki, bu çağırışa səs versin, ortaya mövqe qoysun. Qarabağ yalnız prezidentin məsələsi deyil!!!
Baş leytenant Ramil Səfərov məsələsində iqtidar və müxalifət yerdə oldu və maksimum nəticəni qazandıq, beynəlxalq aləm Azərbaycan xalqının iradəsini gördü və susdu. Bu gün o iradəni Qarabağ məsələsində ortaya qoymaq gərəkdir. Səsimizi qaldırmalıyıq ki, növbəti danışıqlarda həm dövlət başçısının mövqeyi güclənsin, həm də Şuşanı bizdən qoparmağa çalışan dairələr yerində otursun…
Yox, əgər biz toplum olaraq sussaq, Azərbaycanı təslimçiliyə vadar etmək istəyənlər “baxın, ermənilərdən fərqli olaraq Azərbaycan xalqı sakit oturub, Qarabağ razılaşmasına etiraz edən yalnız hakimiyyətdir” deyəcəklər. Bəlkə bir dəfə də yalnız Qarabağ mitinqi keçirilsin?! Əminəm ki, Hacıbala Abutalıbov bu aksiyaya məmuniyyətlə icazə verər.