Dünyada narahatlıq var. Çox böyük narahatlıqdır. Qlobal miqyasdadır. Hamı narahatdır. Türkiyə Rusiya qırıcılarının hava sərhədlərini pozmasından narahatdır. O dərəcədə narahatdır ki, deyir, ruslar bir də belə eləsə, qırıcıları vuracağıq.
ABŞ da öz növbəsində Rusiya qırıcılarının Türkiyə sərhədi yaxınlığındakı manevrlərindən narahatdır. Senator Makkeyn deyib ki, ruslar düz eləmir.
Rusiya Bəşər Əsədin beynəlxalq aləmdə təklənməsindən narahatdır, deyir ki, İŞİD vurulmalıdır. Prezident Putin Bağdadini diri istəyir.
Təbii ki, Bağdadi də buna görə narahatdır. O, Rusiyanın əlinə nəinki diri, heç ölü halda da düşmək istəmir.
İran Səudiyyə Ərəbistanının Yəməndə husiləri bombalamasından narahatdır, çünki husiləri məzhəb baxımından özünə yaxın hesab edir.
Səudiyyə Ərəbistanı isə məzhəb baxımından özünə yaxın olan qüvvələrin Yəməndə husilərin qarşısında zəifləməsindən narahatdır, ona görə də onlara hava bombardmanı ilə kömək edir.
Ayrıca Səudiyyə Ərəbistanı İŞİD-in bombalanmasından da narahatdır. Çünki ortada Vahab söhbəti var. Təbii ki, İŞİD özü də bu işdən narahatdır, başına bomba tökülməsini istəmir.
Yunanıstanın öz dərdi bir yana, yeni qaçqın dalğasının yaranacağından narahatdır. Ona görə ki, yunan xilasediciləri dənizdən qaçqın meyiti toplamaqdan bezar olublar.
Suriya xalqı dörd ildən çoxdur narahatdır, indi isə lap narahatdır.
Türkiyənin dənizqırağı şəhərlərinin hökumət orqanları da narahatdırlar, qaçqınları qəbul etmək, yedirib-içirtmək, çadırda yerləşdirmək, yola salmaq məsələsi problemdir.
Macarıstan hökuməti elə o vaxtdan narahatdır, qaçqınları ölkə ərazisini girməsini əngəlləyərək, təpikləyə-təpikləyə Almaniyaya yola salmaq lazımdır. Çətin işdir.
Bu səbəbdən Xorvatiya, Serbiya, Avstriya da narahatdır. Onlar da ölkələrində qaçqın istəmirlər.
Almaniya əslində çox narahat olsa da, özünü o yerə qoymur, deyir ki, qaçqınları birtəhər yerbəyer edərik.
İngiltərə və Fransa dərindən narahat olmasalar da, özlərini narahat olmuş kimi göstərirlər.
Azərbaycan regionda hərbi eskalasiyanın artmasından, Rusiya və Türkiyənin arasındakı münasibətlərin gərginləşməsindən narahatdır. Çünki bu ölkələrin ikisi də qardaş ölkə sayılır, onlar qapışsalar, tərcüməçilik etmək bizə düşəcək. Di gəl, “pəzəvəng”i rus dilinə, “durak”ı türkcəyə çevir.
Camaatımız Suriya ərazisinə göndərilən raketlərin qulağımızın dibindən atılmasına görə narahatdır. Çünki əgər o raketlərdən biri İŞİD-in əlinə düşsə və onlar da onu ordan bəri helləsələr, raket gəlib qulağımızın dibindən dəyəcək.
Ermənistan narahatdır ki, Azərbaycan regiondakı və dünyadakı narahatlıqlardan istifadə edərək Qarabağda nəsə bir narahatlıq yaradacaq.
Təbii ki, Amerika və Avropa buna görə ayrıca narahat olacaq. Çünki burada neft-qaz kəmərləri var, fəsil də üzü qışa gedir, nə olar, nə olmaz.
Beynəlxalq birjalar və fondlar narahatdır, Suriyanın bombalanması neftin qiymətini qaldıra, yeni iqtisadi böhran dalğası əmələ gələ bilər.
Hər şeyə görə narahat olan BMT neçə vaxtdan bəridir ki, İraq və Suriyaya görə çox narahatdır.
İraq İŞİD-in Suriyadakı hissəsinin bombalanmasından, özündəki hərbi birləşmələrinin bombalanmamasından narahatdır. Bağdad hökuməti istəyir ki, Rusiya İraq ərazisini də bombalasın.
Regiondakı kürdlər və türkmənlər hamıdan çox narahatdırlar. Ona görə ki, İŞİD də atanda bomba onlara dəyir, ABŞ, Rusiya, Türkiyə atanda da.
NATO narahatdır ki, təşkilatın üzvü olan ölkə müharibəyə cəlb edilə belər. Elə olsa, gərək NATO Türkiyəyə qahmar çıxsın.
Rusiya bu məsələnin belə alınmasına görə narahatdır, amma özünü elə göstərir ki, guya NATO-filan saymır.
Ukrayna Rusiyanın dünyaya dirəşməsindən narahatdır, demək ki, “rus ayısı” yumşalmır.
Beləcə, dünyada hamı narahatdır. Yaxın Şərqdən uzaq olan Yaponiya da, Avstraliya da, Çili də, Kanada da rahat deyil.
Bu, son yüz ildəki III böyük narahatlıqdır. İntəhası əvvəlki ikinci narahatlığın adı müharibəydi.