Ölkədə heç bir maraqlı hadisə olmayanda da görürsən deputatxana üzvlərindən kimsə əndrəbadi söhbət eləyir, bir müddət camaatımız başını bununla qatır. Bu mənada uca millətimiz deputatlarından gərək narazı olmasın. Bizi darıxmağa qoymurlar, bunun özü indiki ağır zəmanədə xalqa xidmətin mühüm növlərindən sayılmalıdır. Hər adam toyuq saxlayıb bazara yumurta çıxartsa ta nə oldu? Yaxud, mütləq qatıq satmağa ehtiyac yoxdur. Bəzi insanlar sözlə də aqrar sektoru inkişaf etdirməkdədir.
Belə xalqa canı yanan deputatlardan xüsusi qeyd edə bilərik Səyavuş Novruzovu, Fazil Mustafa, Hadı Rəcəbli, Hacı Qalib, Fəzail Ağamalı və sairə yoldaşları. Bunların hər birinin öz sahəsi də formalaşmışdır, misal üçün, Fazil müəllim Babək Xürrəmdinlə vuruşur, Səyavuş müəllim müxalifətlə, Hadı Rəcəbli müəllimlərlə. Hacı Qalib və Fəzail müəllimin elə konkret ixtisaslaşması yoxdur, nədən danışsalar mövzu çıxır.
Ancaq bunların arasında xalqın elə də yaxşı tanımadığı, populyar yox, bir növ elitar mövzular istehsalçıları da vardır. İsmayıllı rayonundan deputat qoyulmuş Novruzəli Aslanov onlardan biridir. Yeri gəlmişkən, Novruzəli müəllim nədənsə adını ixtisar edib hər yerdə “Novruz” yazır, halbuki Novruzəli adı daha koloritlidir, klassikdir, xalqımıza da tanışdır. Hansı poçta getsən bu adla işıq və qaz pulunu da növbəsiz ödəyə bilərsən. Milli Məclisin saytında Novruzəli müəllimin adı həqiqətə uyğun şəkildə Novruzəli yazılmışdır. Bundan başqa Novruzəli müəllim Qızıl Aypara Cəmiyyətinin sədri, həvəskar-bəstəkar, deputatxana aqrar siyasət komissiyasının da üzvüdür. Çox rəngarəng fəaliyyəti vardır.
Burda bir lirik haşiyə çıxım. Bəzən hansısa torpaq yolda, cığırda həftələrlə o yan bu yana gedərsən, ancaq palçığın içindəki ləl-cəvahiratı, qızıl-gümüşü görməzsən. Elə bil adamın gözü mistik aləmdən bağlanır. Ancaq qəfil duman dağılır, gözün açılır, görürsən yaqut, almaz, zümrüd, əqiq, platin, canım sənə desin, Neft Fondu kimi bir şey tapmısan.
Dünən bir dostumuz zəng vurub mənə modern.az saytına baxmağı tapşıranda təxminən bax o duruma düşdüm. Təsəvvür edin, 10 martda orda Novruzəli müəllimin geniş intervüsü dərc edilibdir, mən isə bir həftədi bu qiymətli söhbəti görməmişəm. Ar olsun mənə! Gec olsun, güc olsun, ümid edirəm oxucular bağışlayar.
Müsahibə deputatın jurnalistlərə otağını göstərməsi ilə başlayır: “Bura kiçik otağımdır. Burda həm idmanla məşğul olur, həm də musiqi yazıram. Burda yeni mahnılar yaranır, həm də oxunur”. Jurnalist isə əl çəkmir, sual verir: “- Novruz müəllim, siyasi yükün yorğunluğundan musiqiyə vaxt qalırmı?” Cavab: “Siz yorulanda çay içirsinizsə, mən də bir az yorğunluq hiss edəndə musiqi ilə məşğul oluram”. Musiqi sənətinin önəmini hələ belə izah edən olmamışdı.
Ancaq bunlar çərəzdir, sitatlara davam edək: “Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm”. Mükəmməldir. Yaradan məsləhət bilir ki, Novruzəli müəllim avtobusa minməsin.
Başqa bir sitat: “Milli Konservatoriyanın rəhbəri Səyavuş Kərimi telefon söhbətimiz zamanı eşidəndə ki, cənab prezident mənə orden verib, o təxminən dəqiqə yarım sevincindən qışqırdı”. Təsəvvür edin, Səyavuş Kərimi telefonun o biri başında qışqırır, Novruzəli müəllim də taymeri qurub baxır ki, görüm bu nə qədər qışqıracaq.
Ancaq müsahibənin gülü, bülbülü, sünbülü bu hissədir: “Deputat seçildikdən sonra həyatımda olan bütün mənfi çalarların üstündən xətt çəkdim və hətta içkini də atdım”. Jurnalist isə sadə körpə qəlbiylə, səmimiyyətlə deyir: “Deputatlıq kitabında (!? – Z.H.) içkini atmağınız haqda yazılmayıb”. Novruzəli müəllim: “Bu daxilimlə əlaqəli məsələ idi. Təbii ki, indi də içirəm. Söhbət bundan getmir. Bir var bu işi sistemli şəkildə görəsən, bir də var ki şüurlu şəkildə edəsən”.
Belə çıxır deputat olana qədər Novruzəli müəllim içkinin küpünə girirmiş. Nə yaxşı onu deputat qoyublar, yoxsa serroz olardı. Görəsən daha hansı zərərli adətləri deputat olmaqla tərgitmək mümkündür? Misal üçün, gündə 3 qutu nazik “Kent” çəkən adam deputat qoyulsa dənə ilə siqaretə (“ştuçnı”ya) keçə bilərmi?
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.