Bu gün – dekabrın 12-də Kanadanın ixrac kredit agentliyi “Export Development Canada” (EDC) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 3.3 milyard dollar kredit ayırdığını bəyan edib.
Virtualaz.org saytı agentliyin yaydığı rəsmi press-relizə istinadən xəbər verir ki, bu irihəcmli kredit SOCAR-ın Türkiyədəki “Star” neft-kimya kompleksinin inşası üçün “Star Rafineri A.S” şirkətinə (SOCAR-ın törəmə şirkəti) ayrılır.
Açıqlamada bildirilir ki, “Star” neft-kimya kompleksinin tikintisi 2018-ci ildə başa çatdırılacaq. Layihə üçün 5,6 milyard dollar investisiya tələb olunur. Kompleks işə düşəndən sonra ildə 10 milyon tona yaxın neft emal edəcək və Türkiyənin enerji idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq.
EDC bildirir ki, SOCAR-a ayrılan kreditin xərclənməsi zamanı ilk növbədə Kanada şirkətlərinə sifarişlərin verilməsi nəzarətdə saxlanılacaq. EDC-dən başqa kompleksin maliyyələşdirilməsində 6 ixrac-kredit agentliyi, o cümlədən US Exİm, habelə 6 kommersiya bankı iştirak edir. SOCAR 3.3 milyard dollarlıq krediti 15 il ərzində geri qaytarmalıdır.
Xatırladaq ki, bundan əvvəl SOCAR-ın “Star Rafineri” kompleksinin tikintisini maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından kredit almaq cəhdi baş tutmamışdı. Bank SOCAR-a kredit verilməsini bir neçə dəfə təxirə salıb, nəticədə şirkət layihəni maliyyələşdirmək üçün Türkiyənin bir neçə kommersiya bankı ilə anlaşaraq nisbətən yüksək faizli kreditlər cəlb etməli olub.
Layihənin maliyyələşdirilməsi üçün xərclərin təxminən 700 milyon dollarını SOCAR öz hesabından ödəyib. EDC-dən alına kredit isə SOCAR-ın indiyədək cəlb etdiyi ən iri kredit hesab oluna bilər.