Medianews.az
Sarkozi: cəza başlayır
1,850 baxış

Sarkozi: cəza başlayır

Oktyabrın 21-də Fransanın sabiq prezidenti Nikola Sarkozinin cəza müddəti başlayır. O, paytaxt Parisin Sante həbsxanasında saxlanacaq.

Medianews.az bildirir ki, Nikola Sarkozi sentyabrın 25-də 5 il həbs cəzası alıb. Paris Cinayət Məhkəməsi siyasətçini cinayət sövdələşməsində iştirakda təqsirli bilib.

Dövlət başçısı postunu 2007-2012-ci illərdə tutmuş siyasətçiyə cinayət işi prezident seçildiyi dövrün kampaniyası üçün Liviyadan maliyyə dəstəyi alınması ittihamı ilə başlayıb.

1954-cü il təvəllüdlü Nikola Sarkozi siyasi fəaliyyətə 1977-ci ildə başlayıb. Neyi-sür-Sen şəhərinin meri olub, dörd dəfə parlamentin aşağı palatasının (Milli Məclis) deputatı seçilib, büdcə planlaması naziri, daxili işlər və ərazi naziri postlarını tutub.

2007-ci ildə prezident seçilən Nikola Sarkozi 2012-ci ilin seçkisində məğlub olaraq dövlət başçısı vəzifəsindən ayrılıb.

2014-cü ildən başlayaraq sabiq prezident müxtəlif cinayətlər üzrə 1 il müddətinə real həbs cəzaları alıb. Fransa qanunları 2 ildən az real həbs cəzası alan şəxsin cəzanı ev şəraitində çəkməsinə imkan verdiyi üçün Nikola Sarkozi tutulmayıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun