Medianews.az
Əliyev Trampı necə təəccübləndirdi –
156 baxış

Əliyev Trampı necə təəccübləndirdi – Tarixdə qalacaq SÖZ

Avqustun 8-də Ağ Evdə Azərbaycan və ABŞ liderləri arasında görüşün yeni ilginc detalı üzə çıxıb. Trampın xüsusi elçisi Stiv Uitkoffun son açıqlamasından belə qənaət hasil olub.

Diplomat Mayamidə Amerika Biznes Forumu çərçivəsində çıxışı zamanı Trampın Oval kabinetdə İlham Əliyevlə apardığı söhbətə toxunaraq deyib ki, Ağ Ev rəhbəri 44 günlük müharibənin gedişi haqda azərbaycanlı həmkarına birbaşa belə bir sual verib: “Sənin ordun daha üstün idi. Niyə hücumu genişləndirmədin, niyə davam etdirmədin?”

Əliyevin cavabı isə belə olub: “Bizim məqsədimiz yalnız işğal altındakı torpaqları qaytarmaq idi. Heç vaxt daha artığını istəməmişik”. Uitkoff bu cavabı yüksək qiymətləndirib: “Gücə sahib olub ondan sui-istifadə etməmək - bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz qərardır”...

Bəllidir ki, 2-ci Qarabağ savaşı Trampın birinci prezidentliyinin (2016-2020) və prezident seçki kampaniyasının son aylarına, bir günlük antiterror əməliyyatı isə (2023) Baydenin dönəminə təsadüf edib. O vaxt Tramp və komandası ikinci müddət üçün seçkini udmağa fokuslanmışdı. Necə deyərlər, mifik “artsax”ın, separatçı ermənilərin hayında deyildi.

O da bəlli ki, Tramp erməni lobbisi ilə əlaqələri ən zəif prezidentlərdəndir. Mühüm səbəblərdən biri yəqin ki, onun milyarder olaraq erməni lobbisinin pul-parasına həssasiyyət duymamasıdır. 2020-nin payızında COVİD-19 pandemiyasına görə hamının başının “özünə qarışması”nı və üstəgəl, Putin Rusiyasının Nikol Paşinyana neqativ münasibətini də nəzərə alsaq, bütün hallarda, İlham Əliyevin Vətən müharibəsinə uğurla başlayıb onu qalibiyyətlə bitirməsi üçün əlverişli beynəlxalq şərait yaranmışdı. Azərbaycan Prezidenti bu tarixi fürsəti qaçırmadı. Daha dəqiqi, bunu səbirlə elə özü yetişdirmişdi əslində. Təbii ki, daxili şərtlər (milli birlik və sabitlik və s.), Türkiyə, Pakistan, İsrail amilləri də öz yerində...

Bişəkk, müharibə qərarı dövlət rəhbərləri üçün özündə həmişə ciddi məsuliyyətlə yanaşı, risklər daşıyır. İllah da beynəlxalq hüquqa görə, haqlı tərəf olmasına rəğmən, illərlə “ikili standart” yanaşmadan əziyyət çəkmiş Azərbaycan kimi kiçik müsəlman-türk ölkəsi üçün. Nahaq yerə deməyiblər, “Qələbənin şəriki çox olar, məğlubiyyət isə yetimdir”.

Ancaq nə yaxşı ki, hər şey istədiyimiz kimi qurtardı. Cəmi 44 günə işğalçının dərsini verdik. 3 il sonra isə xunta rejiminin yerdə qalan qalıqlarını, ardınca da Rusiya hərbi kontingentini Qarabağdan çıxardıq. Rusun, Putinin “xətrinə” dəyib-eləmədən...

Sadalanan uğurlar sözsüz ki, Ordumuzun rəşadəti, şəhidlərimizin mübarək qanı, qazilərimizin səhhəti ilə yanaşı (onlara bir ömür borcluyuq!), İlham Əliyevin diplomatik bacarığı və çevikliyi, geosiyasət və beynəlxalq münasibətlərdən yaxşı baş açması, nəhayət, ermənilərə bağlı mərkəzlərlə təbliğat savaşını udması sayəsində mümkün oldu.

Qələbənin əsas zəmini isə şübhəsiz, beynəlxalq hüququn Azərbaycan tərəfdə olması idi. Trampın təəccübləndiyi kimi, Ordumuz indiki Ermənistanın böyük bir hissəsini götürə, hətta İrəvana kimi də gedə bilərdi. Ən azı, Zəngəzur dəhlizini (42 km) qısa zamanda nəzarətə ala bilərdik. Bunu müsahiblərinin birində Prezident də deyib.

Məgər 2-ci Dünya Müharibəsi zamanı koalisiya qüvvələri işğalçı Hitler ordusunu cəzalandırmaq üçün nasist Almaniyası ərazisinə girməmişdi? Girmişdi. Azərbaycan da eynisini haqq edirdi. Amma və lakin dayandıq, getmədik. Ona görə ki, biz işğalçı Ermənistan, yaxud erməni deyilik – hərçənd hazırkı Ermənistan qədim Türk torpaqlarında təşəkkül tapıb.

Beləcə, dünyaya, “güclüyəmsə haqlıyam” narrativini hələ də bayraq edən böyük dövlətlərə və güc mərkəzlərinə həm də bir ədalət, siyasi əxlaq dərsi keçdik. Hansı dəyərlərin qıtlığı ki, qlobal siyasətə dərin böhran yaradıb...

Bizə qoşulun