Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib.
Medianews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncamla bu vəzifə Azər Bayramova həvalə olunub.
Bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 2000-ci ildə isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O, 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi əmək fəaliyyətinə başlayıb. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997-1999-cu illərdə isə İri Vergi Ödəyiciləri ilə İş Üzrə idarəsinin rəisi, 2000 - 2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi olub.
2004-cü ildən Azərbaycan Respublikası maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri idi.