“Azərbaycanda hər 1000 nəfərə cəmi 1.4 domen düşür”. Bunu Medianews.az-a Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib.

O.Gündüz statistikanı “Qlobal İnnovasiya İndeksi 2025”dən çıxardığını bildirib. Onun sözlərinə görə, “Qlobal İnnovasiya İndeksi 2025”in “Yaradıcılıq nəticələri” blokunda “Top-level domains (TLDs)/th pop. 15–69” subindeksi var:
“Bu indeks 15-69 yaş arası əhalinin hər 1000 nəfərinə düşən domen sayını göstərir. Domen olaraq da milli domen (.az) və beş əsas qlobal domen (.com, .net, .info, .biz, .org) götürülür. Anlaşıqlı desək, bu indeks ölkənin rəqəmsal iştirak və onlayn kreativlik potensialını qiymətləndirir. Azərbaycan çox zəif nəticə əldə edib, cəmi 1.4 bal toplayaraq 95-ci yerdə qərarlaşıb.
Bu sahədə zəif nəticəmizin səbəbi, əlbəttə, ümumi iqtisadi inkişafla bərabər, əsasən də milli domen ekosistemindəki uzun illər oturuşan konservativ və qeyri-münbit mühitlə də bağlıdır. Əsas problem .az domeninin tənzimlənməsindəki illərdir davam edən inhisarçılıq və qeyri-şəffaflıqdır.
Əvvəllər .az domeni üzrə yalnız bir qeydiyyatçı vardı, indi isə mövcud qeydiyyatçıların əksərinin bir nəfərə bağlı olması da şübhə doğurmur. Müstəqil qeydiyyat biznesi qurmaq istəyənlər üçün münbit şərait yoxdur. İndiyədək heç bir hüquqi sənəddə göstərilmir ki, .az domeninin milli administratoru kimdir.
Düşünürəm ki, .az domeninin milli administratoru müəyyən olunmalı, maraqlı tərəflərin iştirakı ilə kollegial tənzimləyici formalaşmalı, müstəqil registrantlar olmalı, şəffaf və hesabatlı idarəçilik mexanizmi qurulmalıdır. Milli təhlükəsizlik baxımından .az domen infrastrukturunun kritik qanunvericilik perimetrinə daxil edilməsi də çox vacibdir. Bu sahə ictimai nəzarətə açılmalı, rəqabət və inkişaf stimullaşdırılmalıdır”.
Toğrul Əli,
Medianews.az