Medianews.az
"Bu, Güneyli-Quzeyli bütün Azərbaycanda haqlı qəzəb doğurub” - <span style=color:red>Politoloq
156 baxış

"Bu, Güneyli-Quzeyli bütün Azərbaycanda haqlı qəzəb doğurub” - Politoloq

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çaldıran döyüşünün nəticəsini türk, kürd və ərəblərin birgə zəfəri adlandırması Güneyli-Quzeyli bütün Azərbaycanda acı təəssüf, eyni zamanda haqlı qəzəb doğurub”. Politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında belə deyib. Politoloq hesab edir ki, 511 il əvvəl baş vermiş Çaldıran döyüşü Ərdoğanın yadına təsadüfən düşməyib. X.Cəfərlinin fikrincə, “Türkiyə yüzili”nin “türk-kürd yüzili”nə çevrilməsindən sonra Çaldıran döyüşünün yenidən yada düşməsi gözlənilən idi: “Türkiyənin dövlət və siyasət adamları tərəfindən elan olunan “türk-kürd yüzili”, PKK-nın qurucu lideri (ifadə Türkiyə rəsmilərinə məxsusdur) Abdullah Öcalanın “Qardaşlıq (türk-kürd) hüququ ilə bağlı yeni razılaşmaya ehtiyac var” müraciətinin mahiyyəti eynidir. Belə görünür ki, rəsmi Ankara Abdullah Öcalanın yeni kürd strategiyasını - bütün kürdlərin Türkiyə türkləri ilə bir federasiyada birləşməsini nəzərdə tutan fikirlərini Türkiyənin dövlət siyasətinə çevirib. Bütün bunlar Türkiyə vətəndaşlarının problemləridir. Bizim isə problemimiz ondan ibarətdir ki, Türkiyə ilə bağlı çox yanlış təsəvvürlərin içərisindəyik. Bu yanlış təsəvvürlər Güney Azərbaycan üçün ciddi təhlükələr vəd edir. İslamçı-ərdoğançıların iddialarının əksinə olaraq Güney Azərbaycanda kürd problemi İsraildən deyil, Türkiyənin məzhəbçi siyasətindən qaynaqlanır. Çaldıran müharibəsi də məhz bunun işarəsidir. Tarixdən məlum olduğu kimi Çaldıran döyüşündə Səfəvilər Dövlətinin məğlubiyyətinin əsas səbəblərindən biri kürd tayfalarının xəyanət edərək Osmanlı tərəfinə keçməsi olub. Belə görünür ki, Ərdoğan hökuməti həmin xəyanətin əvəzini ödəməyə hazırlaşır. Əks halda, Çaldıran döyüşü türk, kürd və ərəbin ortaq zəfəri elan olunmazdı”. X.Cəfərli vurğulayıb ki, Səfəvilər Dövləti Azərbaycan xalqının üç minillik tarixinin ən önəm kəsimidir: “Səfəvilər Dövləti olmasaydı Dərbənddən Həmədana kimi geniş bir coğrafiyanı əhatə edən vətənimizin sərhədləri dəqiqləşməz, Azərbaycan xalqı (Azərbaycan türkləri) vahid etnos kimi formalaşmazdı. Bu isə o deməkdir ki, Səfəvilər Dövlətinə qarşı olanlar bütövlükdə vətənimizin sərhədlərini, xalqımızın etno-mədəni, milli-siyasi kimliyini şübhə altına alırlar”. Nailə Qasımova, Medianews.az  

Bizə qoşulun