Medianews.az
Azərbaycana qarşı SİYASİ SAVAŞ: <span style=color:red>Fransa öz kəşfiyyatçılarını...
179 baxış

Azərbaycana qarşı SİYASİ SAVAŞ: Fransa öz kəşfiyyatçılarını...

Ötən gün Ermənistan ərazisindəki Avropa İttifaqının (Aİ) "müşahidəçiləri" yenidən Azərbaycanla sərhədə gəliblər. Belə ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədin Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd "Niva", 1 ədəd "UAZ Patriot" markalı minik avtomobilləri gəlib. Avtomobillərdən 6 nəfər Aİ "müşahidəçisi" və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın izləyiblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar. Saat 13 radələrində isə artıq Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus "Toyota" markalı avtomobil və 1 ədəd "UAZ Hunter" markalı avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqı "müşahidəçisi" və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə bizim istiqamətlərimizi müşahidə ediblər. Srağagün isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığında üzərində Fransa bayrağı dalğalanan avtomobildə "müşahidəçilər"in gətirilməsinə dair video yayılıb. Həmin şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu istisna edilmir. Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Fransanın Cənubi Qafqazdakı ən böyük planlarından biri artıq pozulub. Onun sözlərinə görə, Gürcüstanda hələ də Fransanın agenti olduğu bildirilən prezident Salome Zurabaşvilinin liderliyi altında dövlət çevrilişi planlaşdırılırdı. Ancaq indiyə qədər bu planın reallaşdırılması mümkün olmayıb: “Rəsmi Paris dövlət çevrilişi sayəsində Ermənistanı necə siyasi müstəmləkəyə çeviribsə, Gürcüstanı da özünün siyasi müstəmləkəsinə çevirmək, Cənubi Qafqazda iki region dövlətinə nəzarət etməklə geosiyasi oyunçuya çevrilmək planları qururdu. Lakin hələlik bu planların baş tutma ehtimalı o qədər də inandırıcı görünmür. Ona görə də Fransa Cənubi Qafqazda situasiyanın daha da gərginləşdirilməsi, hətta qarşıdurmanın savaş mərhələsinə keçməsi üçün əlində gələni edir. Çünki buna nail olarsa, Fransa bəhanə qazanaraq erməni ərazisində hərbi kontingent yerləşdirmək imkanları əldə edə bilər. Hələlik bu istiqamətdə cəhdlər göstərilir. Bir tərəfdən Fransa tərəfdən Ermənistan silahlandırılır, digər tərəfdən rəsmi Paris beynəlxalq məkanda Azərbaycana qarşı böhtan xarakterli təzyiq kampaniyası başlatmağa cəhd göstərir”. Politoloq vurğulayıb ki, Cənubi Qafqazda Azərbaycanı çıxılmaz vəziyyətə salaraq bu regionda Fransanın geosiyasi prioritetlərinin ön plana keçməsinə cəhdlər göstərilir: “Amma rəsmi Bakı müqavimət göstərir, Fransanın Cənubi Qafqazdakı geosiyasi proseslərə müdaxiləsinə imkan vermir, onu bloklayır. Eyni zamanda rəsmi Azərbaycan hazırda Fransa müstəmləkəçiliyinə qarşı beynəlxalq məkanda əsas lokomotiv dövlət rolunu oynayır. Fransa müstəmləkəçiliyinə qarşı ön sıralarda irəliləyir. Təbii ki, bütün bunlar Emmanuel Makron hakimiyyətini ciddi narahat edir. Ona görə də Azərbaycana qarşı bütün vasitələrlə hücuma keçməyə cəhd göstərir. Eyni zamanda bu hadisələri hazırda Fransanın Azərbaycana siyasi savaş açması kimi də dəyərləndirmək olar. Fransanın öz kəşfiyyatçılarını Azərbaycanla sərhədə göndərməsində də müəyyən məkrli niyyətlərin ola biləcəyi qətiyyən şübhə doğurmur. Böyük ehtimal ki, Azərbaycan haqqında məlumat toplamağa çalışırlar. Eyni zamanda Fransa bayrağı altında Ermənistanda fəaliyyəti ön plana keçirməklə, yaxın gələcəkdə bu ölkə ərazisində fransız hərbçilərdən ibarət hərbi bazanın yaradılmasına imkanlar açmaq cəhdi göstərilir. Ümumiyyətlə, Fransanın davranışları, Ermənistanı Azərbaycan əleyhinə qarşıdurmaya yönəltməsi rəsmi Parisin Cənubi Qafqaz regionuna qarşı açıq düşmənçiliyini nümayiş etdirir”. Nailə QASIMOVA

Bizə qoşulun